Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-577/2024 16.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 2974-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 3576 manat gecikdirilmiş borcun və hesablanmış 1572,06 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 12988 manat gecikdirilmiş borcun və hesablanmış 5142,38 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 23978,44 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2018-ci il tarixli 2974-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 3576 manat gecikdirilmiş borcun və hesablanmış 1572,06 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 10989 manat gecikdirilmiş borcun və hesablanmış 5142,38 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manat, 200 (iki yüz) manat mediasiyaya dair xərcin, cəmi: 21979,44 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2974-GL/16 nömrəli, xx.xx.2019-cü il tarixli 701- GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 2974-GL/16 nömrəli müqavilə üzrə 3576 manat gecikdirilmiş borcu və hesablanmış 1572,06 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə 12988 manat gecikdirilmiş borcu və hesablanmış 5142,38 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vemiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ona hesablanmış əsas borcla razı olduğunu, cərimə borcu ilə qismən razı olduğunu, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir.
6. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 701-GL/19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 28369 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: Kombayn taxılyığan texanikası ilkin qiyməti 71000 manat, ödənilmiş məbləğ 14231 manat, güzəştdən sonrakı qalıq məbləğ 28369 manat. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 1) vaxtında və tam həcmdə ödəmək lizinq alanın vəzifəsidir. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
8. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış xüsusi komissiyanın xx.xx.2019-ci il tarixli protokoluna əsasən xx.xx.2019-ci il tarixli “701-GL/19” nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikindən məlum olur ki, xx.xx.2025-ci il sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır.
9. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 2974-GL/16 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 13565 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: Kotan 4 gövdəli təkərli, 2550 manat ilkin qiymət, 765 manat ödənilmiş məbləğ, 765 manat qalıq məbləğ, Traktor Belarus-892, 32000 manat ilkin qiymət, 6400 manat ödənilmiş məbləğ, 12800 manat qalıq məbləğ. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 1) vaxtında və tam həcmdə ödəmək lizinq alanın vəzifəsidir. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
10. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış xüsusi komissiyanın xx.xx.2019-ci il tarixli protokoluna əsasən 2974-GL/16 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə ödəniş qrafikindən məlum olur ki, xx.xx.2026-cı il sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh göndərilmiş 09 oktyabr 2023-cü il tarixli 3-22-2/2-H- 16-1075/2023 saylı xəbərdarlıq məktubunda xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə yaranmış 12988 manat gecikdirilmiş borcu və hesablanmış 5142,38 manat cərimə məbləğini, eləcə də xx.xx.2018-ci il tarixli 2974-GL/16 nömrəli müqavilə üzrə yaranmış 3576 manat gecikdirilmiş borcu və hesablanmış 1572,06 manat cərimə məbləğinin qısa zaman ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və "xxxx" MMC arasında imzalanmış 23 may 2023-cü il tarixli məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili baradə müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin adından məhkəmə hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan “sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür.
13. 000İPX1233261A1D saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 500 manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun bank hesabına 500 manat köçürülmüşdür.
14. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan X1 arasında 701-GL/19 saylı xx.xx.2019-cu il tarixli və 2974-GL/16 saylı xx.xx.2018-ci il tarixli lizinq müqavilələri imzalanmış və həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin hər iki lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin iddiaçı tərəfindən ona hesablanmış əsas borc məbləğini qəbul etdiyini və iddiaçı tərəfindən verilmiş iddia tələbinin azaldılması barədə ərizəni nəzərə alaraq hesab edir ki, xx.xx.2018ci il tarixli 2974-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023cü il tarixə hesablanmış 3576 manat gecikdirilmiş borc, xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 10989 manat gecikdirilmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. İddiaçı eyni zamanda iddia tələbində xx.xx.2018-ci il tarixli 2974-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1572,06 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5142,38 manat cərimə borcunun cavabdehdən tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrində cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə 2974-GL/16 nömrəli müqavilə üzrə 1572,06 manat və 701-GL/19 nömrəli müqavilə üzrə 5142,38 manat cərimənin hesablanmasını əsaslı hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, 2974-GL/16 nömrəli müqavilə üzrə dəbbə pulu kimi hesablanmış 1572,06 manat azaldılaraq 180 manat və xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə dəbbə pulu kimi hesablanmış 5142,38 manat azaldılaraq 550 manat müəyyən edilməlidir.
20. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119 və 121-ci maddələrinə əsasən hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 2974-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 3576 manat gecikdirilmiş borc və 180 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 701-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 10989 manat gecikdirilmiş borcu və 550 manat cərimə borcu olmaqla cəmi 15295 (on beş min iki yüz doxsan beş) manat borc, hüquqi yardımla bağlı 500 (beş yüz) manat, mediasiya xərci olaraq 200 (iki yüz) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov