Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5771/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli Diler müqaviləsinə əsasən Cavabdeh MMC-dən onun "xxxx" MMC-nə ödənilməmiş 49440 manat borcun və mediasiya sessiyasında ödənilmiş 410 manat pul məbləğinin, cəmi 49850 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 220822 №-li Diler müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Diler "xxxx" MMC-nin təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı "xxxx" MMC-dən sifariş edir, "xxxx" MMC malları Dilerin Sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Dilerə təhvil verir, Diler sifarişə uyğun çatdırılmış malları təhvil alır və malların dəyərini "xxxx" MMC-nə müqavilədə göstərilən qaydada ödəyir. Müqavilənin 8.1-ci bəndinə əsasən Diler ona təhvil verilmiş malların ümumi dəyərini təhvil-təslim aparıldığı tarixdən etibarən 30 gün ərzində tam ödəməyi öhdəsinə götürür. Müqavilə bağlanıldıqdan sonra cavabdeh sifarişlərə uyğun olaraq mütəmadi ödənişlər etmişdir. Lakin son bir neçə sifarişə uyğun olaraq, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, təkrarən xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə malların təhvil-təslim aparılmaqla çatdırılmasına baxmayaraq, həmin sifarişlər üzrə ödənişlər bu günədək tam ödənilməmiş və gecikmə yaranmışdır. Cavabdehin cəmiyyətimizə xx.xx.2023-cü il tarixədək olan əsas borcu 49440 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Eyni zamanda, mübahisənin mediasiya mərhələsində həlli məqsədi ilə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin cavabdehin nümayəndəsi mediasiya sessiyasında da iştirak etməmişdir. Mediatorla telefon əlaqəsi zamanı cavabdehin nümayəndəsi borcun maddi çətinlik səbəbindən ödənilməməsini və hər ay 1000 manat civarında xırda ödənişlər edərək, borcun ödənilməsinə razı olduqlarını bildirmişdir. Bu səbəbdən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında tələbdə göstərilən borcun mövcud olduğunu, lakin müəyyən maliyyə problemləri ilə bağlı borcun ödənilmədiyini bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 220822 nömrəli iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış diler müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən diler Ultratekin təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı Ultratekdən sifariş edəcək, Ultratek malları dilerin sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə dilerə təhvil verəcək, diler sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Ultratekə müqavilədə göstərilən qaydada ödəyəcək və diler məhsulların vitrində nümayiş və satışını təşkil etmək üçün bütün imkanlarından istifadə edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinə 49440 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli EBCL seriyalı 963011 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 6855 manat məbləğində mal göndərmişdir. xx.xx.2023-cü il tarixli EBCN seriyalı 098721 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 4000,01 manat məbləğində mal göndərmişdir. xx.xx.2023-cü il tarixli EBCN seriyalı 130727 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 21535 manat məbləğində mal göndərmişdir. xx.xx.2023-cü il tarixli EBCN seriyalı 099117 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 7600 manat məbləğində mal göndərmişdir. xx.xx.2023-cü il tarixli EBCN seriyalı 099749 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 15450,02 manat məbləğində mal göndərmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC 410 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 567-cı maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində 220822 №-li diler müqaviləsi bağlanmış, "xxxx" MMC müqavilə üzrə öhdəlikləri yerinə yetirsə də, diler öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək qəbul etdiyi malların qalıq dəyəri olan 49440 manat məbləğində olan borcunu "xxxx" MMC ödəməmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC 8 saylı mediasiya təşkilatına müraciət edərkən Cavabdeh MMC-dən 55440 manat məbləğində vəsaitin ödənilməsini tələb etmiş (mediasiya xərci 410 manat) və Cavabdeh MMC məhkəməyədək həmin borcdan 6000 manat məbləğində borcu ödəmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 49440 manat məbləğində əsas borc və 410 manat mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 49440 manat əsas borc və 410 manat mediasiya xərci, cəmi 49850 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 220822 №-li diler müqaviləsinə əsasən ödənilməmiş 49440 manat əsas borc və 410 manat mediasiya xərci, cəmi 49850 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5771/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5771/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver