Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-578/2021 29.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Məhdud Məhdud Cəmiyyətinin Cavabdeh qarşı borcun, borca görə faizlərin, iddia ilə bağlı çəkilən xərclərin və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli, 70 saylı Alkoqollu içkilərin satışına dair Müqaviləyə və ona əlavə edilmiş xx xxxx 2018-ci il tarixli Razılaşma - 1 saylı Əlavəyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış cəmi 24100 (iyirmi dörd min yüz) manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2140 (iki min yüz qırx) manat, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3054 (üç min əlli dörd) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 29324 (iyirmi doqquz min üç yüz iyirmi dörd) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixdə tərəflər arasında Alkoqollu içkilərin satışına dair 70 saylı müqavilə bağlanmış, daha sonra xx xxxx 2018-ci il tarixdə adıçəkilən müqaviləyə 1 saylı Əlavə edilməsi barədə razılaşma imzalanmış və bunlara əsasən cavabdeh müxtəlif tarixlərdə iddiaçının istehsal etdiyi müxtəlif çeşidli alkoqollu içkiləri dəyərini satıb ödəmək şərti ilə almışdır. Belə ki, müqaviləyə uyğun olaraq mallar satış üzrə qaimələr əsasında verilmiş və həmin mallara dair borcun olması ilə bağlı tərəflər arasında xx xxxxxxxx 2018-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli Üzləşmə aktları tərtib olunmuşdur. Üzləşmə aktlarından da göründüyü kimi, cavabdeh dövri olaraq götürdüyü malların dəyərindən müəyyən qədər ödənişlər aparsa da, sonda cavabdehin iddiaçıya xeyli miqdarda, yəni 24800 (iyirmi dörd min səkkiz yüz) manat borcu yaranmışdır. Həmin borcun təsdiqi ilə bağlı tərəflər arasında imzalanmış bütün aktlarda cavabdeh qalıq borcunun olduğunu etiraf etmiş, həmin borcu ticarət obyektlərinə verdiyi mallara görə ödənişləri aldıqdan sonra tam ödəyəcəyini bildirmişdir. Sonuncu xx xxxxxx 2018-ci il tarixli Üzləşmə aktında cəmi yaranmış 24.800 (iyirmi dörd min səkkiz yüz) manat borcu 1 (bir) ay müddətində tam ödəyəcəyini qeyd etmiş, lakin sonradan müəyyən olunmuşdur ki, cavabdeh malları payladığı ticarət obyektlərinin bir çoxundan mallara görə ödənişləri almış, lakin həmin malların dəyərini iddiaçıya ödəməkdən qərəzli olaraq yayınmış və həmin vəsaitləri mənimsəmişdir. Ötən müddət ərzində cavabdeh dəfələrlə cəmiyyətə dəvət edilmiş, şifahi şəkildə yaranmış borcun ödənilməsini bildirmiş olsalar da, hər dəfə o, müəyyən vaxt verilməsini xahiş etmiş, lakin dediyi vaxtda öz vədini yerinə yetirməmişdir. Sonuncu dəfə 2019-cu ilin mart ayının 9-da İddiaçı MMC-nin baş direktoruna rəsmi müraciət edərək, yaranmış 24800 (iyirmi dörd min səkkiz yüz) manat borcunun ödənilməsi üçün 12 (on iki) ay vaxt verilməsini xahiş etmiş, hər ay ödəniş etməklə borcunu tam ödəcəyini bildirmişdir. Daha sonra cavabdehə borcla bağlı rəsmi qaydada xx.xx.2019-cu il tarixli 31 saylı Pretenziya məktubu göndərilmiş, həmin vaxtdan xeyli müddət keçdikdən sonra borcdan 700 (yeddi yüz) manat ödəniş aparmışdır. Həmin vəsaitin ödənilməsi ilə bağlı tərəflər arasında xx.xx.2019-cu il tarixdə Akt tərtib edilmişdir. Lakin o vaxtdan sonra cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış və hazırda da aparılmamaqdadır. Sonda cavabdehə xx.xx.2020-ci il tarixli 24/20 saylı pretenziya məktubu göndərilmiş, yerdə qalan 24100 (iyirmi dörd min yüz) manatın ödənilməsi tələb olunmuşdur. Həmin pretenziya məktubunun surətini cavabdeh imza etməklə götürmüşdür. Artıq xeyli müddət keçmiş, lakin heç bir nəticə yoxdur. Tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 70 saylı Müqavilədə və eləcə də ona edilmiş xx xxxx 2018-ci il tarixli 1 saylı Əlavədə gecikdirilmiş vaxt üçün cərimə nəzərdə tutulmamışdır. Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş borc məbləğinin illik 5 faizini ödəməlidir. Nəzərə alınsa ki, borcun təsdiqi ilə bağlı sonuncu üzləşmə aktı xx xxxxxx 2018-ci il tarixdə imzalanmış və həmin tarixdən sonuncu ödəniş aparılan xx.xx.2019-cu il tarixədək 1 ildən artıq vaxt keçmişdir, deməli gecikdirilmiş vaxt üçün ödənilməli məbləğ 1.240 (bir min iki yüz qırx) manat təşkil edir. Bundan sonra xx.xx.2019-cu il tarixdə sonuncu ödənişlə bağlı Aktdan sonra da 1 (bir) ilə yaxın vaxt keçmiş və həmin vaxt qalıq borc 24.100 (iyirmi dörd min yüz) manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün ödəniş aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2018-ci il üzləşmə aktında yaranmış 24.800 manat borcun 1(bir) ay müddətində (yəni xx.xx.2019-cu il tarixədək) tam olaraq ödəniləcəyi bildirilmişdir. Bu səbəbdən gecikdirilmiş məbləğ 11 aya müvafiq hesablanmışdır. Belə ki, 24.800 manatın illik (12 ay) 5% 1240 manat təşkil edir. 11 ayı isə 1136,70 manat təşkil edir (1240/12ay=100,41*10ay=1004,17 manat). xx.xx.2019cu il tarixdən hal-hazıradək 10 aydan da artıq müddət keçmişdir. Bu səbəbdən gecikdirilmiş məbləğ 10 aya müvafiq hesablanmışdır. Belə ki, 24.100 manatın illik (12 ay) 5% 1205 manat təşkil edir. 10 ayı isə 1004,17 manat təşkil edir (1205/12ay=103,33*11ay=1136,70 manat). Yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdeh xx xxxx 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 70 saylı Müqaviləyə və eləcə də ona edilmiş xx xxxx 2018-ci il tarixli 1 saylı Əlavəyə uyğun olaraq Cəmiyyətin istehsal etdiyimalları götürmüş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh İddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddia tələbi üzrə göstərilən əsas borc məbləği üzrə 500 manat ödəniş edilmişdir. Odur ki, iddia tələbi üzrə əsas borcun 23600 manat olaraq qəbul edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında malların satışına dair müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə borcu olduğunu etiraf edir, lakin vaxtaşırı olaraq borcu ilə bağlı iddiaçı müəssisənin işçilərindən birinə 10-15 manat olmaqla müəyyən ödənişlər etmişdir, məbləğini dəqiq bilmir. Hal-hazırda həmin ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmir. Ödənişlər nəzərə alınmaqla, iddia tələbinin qismən təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 70 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları alıcıya satmağı, alıcı isə malları qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış razılaşmaya əsasən müqavilənin 2-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: Mal satan məhsulu qaimə faktura və ya satış üzrə qaimə əsasında mal alana verir və aylıq dövri olaraq satılan mallara əsasən üzləşmə aktı tərtib olunur. Satılan məhsulun qiyməti sərbəst olduğuna və dövrlər üzrə dəyişdiyinə görə qaimə faktura və ya satış üzrə qaimədə göstərilən qiymətlərin əsas götürülür. Eyni zamanda əsas müqavilənin 6-cı bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: Tərəflər arasında mübahisə və fikir ayrılıqları bilavasitə ikitərəfli danişiqlar yolu ilə həll olunur. Əgər mübahisə tərəflər arasında qarşılıqlı danişiqlarla həll oluna bilməzsə, mübahisəyə mal satanın yerləşdiyi yer üzrə ərazi yurisdiksiyasına aid səlahiyyətli məhkəmədə baxılır. - xx.xx.2018-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş malları qaimə üzrə qəbul etmiş, hazırkı vaxta cavabdehə ödənilməmiş 7190,4 manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2018-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş malları qaimə üzrə qəbul etmiş, hazırkı vaxta cavabdehdə ödənilməmiş 14232,3 manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2018-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş malları qaimə üzrə qəbul etmiş, hazırkı vaxta cavabdehdə ödənilməmiş 24800 manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli cavabdeh tərəfindən iddiaçıya edilmiş müraciətdən görünür ki, cavabdeh ümumilikdə iddiaçıya ödənilməmiş 24800 manat borcunun 12 ay müddətində ödəyəcəyini bildirmiş, bununla bağlı akt tərtib olunmuş və imzalanmışdır. - xx.xx.2019-cu il tarixdə tərtib olunmuş və cavabdeh tərəfindən də imzalanmış aktdan görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş 24800 manat borcundan 700 manat ödənilmiş və qalıq borc 24100 manat təşkil edir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək 24800 manat borcun ödənilməsi xahiş edilmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 24/20 nömrəli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək 24100 manat borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi izahatında tələb edilən əsas borc məbləğindən 500 manat vəsaitin ödənildiyini bildirdiyindən, cavabdehdən əsas borca görə 23600 manat (24100-500=23600) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Mülki Məcəllənin 445-ci maddəsinə əsasən əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbindən hesablanmış 2140 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarında olan üzləşmə aktları və digər sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən əsas borc gecikdirilmişdir. Ona görə də iddiaçı cavabdehdən 2140 manat pulun tutulmasını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalıdır. Bundan başqa, iddiaçı cavabadehdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3054 (üç min əlli dörd) manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan tələb üzrə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd olunan maddi hüquq normasının tələbləri üzrə müəyyən edilən halları, cavabdehin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehə, 4 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23600 manat əsas borc, gecikdirilmiş borca görə hesablanmış 2140 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat olmaqla, cəmi 25766 (iyirmi beş min yeddi yüz altmış altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4 (dörd) manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-578/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-578/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver