Məhkəmə qərarları › İş №e-2-2(113)-578/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-578/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-578/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli M/162020 saylı müqaviləyə əsasən pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən avans olaraq ödənilmiş 106.000 manat, bank uçot dərəcəsi ilə 20.026 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, ümumilikdə 126.426 manat məbləğdə pul vəsaitini Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 fevral 2020-ci il tarixli M/162020 saylı müqaviləyə əsasən Cavabdeh MMC (satıcı) istehsal etdiyi keçi südünü İddiaçı MMC-yə (alıcıya) satmağı, alıcı isə öz növbəsində həmin südü qəbul etdib tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. Müqavilənin ümumi məbləği 192.000 manat razılaşdırılmışdır. Həmin Müqavilənin 4.1-ci bəndinə müvafiq olaraq müqavilə qüvvəyə mindikdən sonra alıcı İddiaçı MMC satıcı Cavabdeh MMC-yə müqavilənin ümumi məbləğindən 106.000 manat avans olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qalan 86.000 manat məbləğ isə aylıq tədarük edilən südün həcminə mütənasib olaraq hər növbəti ay ödənilməli idi. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəlik icra olunsa da, yəni 106.000 manat məbləğdə vəsait Cavabdeh MMC-nin hesabına köçürülsə də o, öz öhdəliklərini yerinə yetirməmişdir, yəni ödənişin həyata keçirildiyi gündən uzun müddət keçməsinə baxmayaraq bu günkü günə kimi nə süd tədarük edilmiş, nə də ödənilmiş vəsait geri qaytarılmışdır. Həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən müqavilədən irəli gələn mübahisələr və ya tərəflər arasında yaranan fikir ayrılıqları tərəflər arasında danışıqlar yolu ilə həll edilməlidir. Tərəflər danışıqlar yolu ilə mübahisələrin həllində razılığa gələ bilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll edilir. Məhkəmənin çıxardığı qərar tərəflər üçün məcburidir. Məsələni həll etmək məqsədilə tərəflərindən həmin ödənilmiş avans məbləğinin geri qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (sonuncu xəbərdarlıq (Pretenziya) xx.xx.2022-ci il tarixində təqdim edilmişdir), cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən südün tədarükü 01 aprel 2020-ci il tarixindən həyata keçirilməli idi. xx.xx.2022-ci il tarixinə qədər müvafiq ayların bank uçot dərəcələrini nəzərə alsaq borc məbləğinin bank uçot dərəcəsi 20.026 manat təşkil edir. Nəzərə alsalar ki, tərəflərindən ilkin mesiasiya sessiyasına görə 400 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin ümumi borcu 126.426 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında iddiaçı tərəfindən onlara 106.000 manat məbləğində pul vəsaitinin köçürülməsi və bunun müqabilində keçi südünün verilməməsi faktlarını təsdiq etmiş, lakin iddiaçının qabaqcadan ödənişin bir hissəsini, yəni 60.000 manat məbləği "xxxx" ASC-yə köçürdüklərini, bankın müflis elan edildiyini və həmin vəsaitin hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda olduğunu və bu barədə sənədləri təqdim edəcəyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, İddiaçı MMC ilə aralarında olan razılaşmaya əsasən, Cavabdeh MMC-nin müqavilədə nəzərdə tutulmuş qaydada süd məhsullarını satması üçün iddiaçının ilk öncə avans olaraq ödədiyi 106.000 manat məbləğində pulla cins damazlıq heyvanlar alınmalı, yəni südün təmin edilməsi üçün heyvanların sayı artırılmalı idi. Buna görə də, Cavabdeh MMC ilə X6 arasında cins damazlıq heyvanların alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İddiaçı tərəfindən Cavabdeh MMC-nin AFB Bank ASCdəki bank hesabına 106.000 manat göndərilmişdir. Həmin 106.000 manatın 68.439 manatı cins damazlıq heyvanların alqı-satqısı məqsədi ilə X4 "xxxx" ASC-də olan bank hesabına göndərilmişdir. Lakin "xxxx" ASC ləğv olunduğu üçün hazıradək həmin məbləği X6 əldə edə bilməmişdir. Hətta həmin pulun əldə edilməsi üçün F.Quliyev tərəfindən cavabdehin direktoruna etibarnamə verilmişdir. Yəni iddiaçının geri tələb etdiyi 106.000 manatın 68.439 manatı hazırda ləğv olunmuş "xxxx" ASC tərəfindən geri qaytarılmamışdır. 68.439 manat məbləğində pulun "xxxx" ASC tərəfindən geri ödənilmədiyini təsdiqləyən qəbzin surəti əlavə edilib. Bundan başqa əlavə edilmiş aktların surətindən də göründüyü kimi nağd şəkildə 37.561 manat ödəyərək X3 aldıqları xırdabuynuzlu heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhv edilmişdir. Buna dair akt və izahatlar əlavə edilmişdir. Yəni yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh MMC qəsdən və ya ehtiyatsızlıqdan iddiaçıya zərər vurmamış, öhdəlikdən qəsdən yayınmamışdır. Heyvanların məhv edilməsi ilə bağlı aktlar və izahatlar, xx.xx.2020-ci il tarixli etibarnamə, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, 0174 nömərli qəbz, 17 aprel 2020-ci il tarixli ödəniş tapşırığı sübut qismində iş materillarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilərək iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında xx.xx.2020-ci il tarixli M/162020 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilən texniki göstəricilərə (bundan sonra “Spesifikasiyaya” adlanacaq) uyğun keçi südünü (bundan sonra “Süd” adlanacaq) alıcıya satmağı, alıcı isə qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə görə südün hər litrinin qiyməti - 2 manat müəyyən edilir. 1.3-cü bəndinə altı ay ərzində tədarük ediləcək südünün cəmi həcmi – 96.000 litr təşkil etməlidir. 1.4-cü bəndinə görə bu müqavilənin ümumi məbləği – 192.000 manat təşkil edir. 2.11-ci bəndinə görə alıcı südü keyfiyyət və həcm parametrlərinə uyğun hesab edərək qəbul etdikdən sonra, satıcının bu müqavilə üzrə öhdəlikləri bitmiş hesab olunur. 3.1.1-ci bəndinə görə satıcı alıcını südlə təmin edir və alıcı tərəfindən verilmiş sifariş, təklif və tövsiyələri yerinə yetirir. 3.1.2-ci bəndinə görə satıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımı qaydada icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. 3.2.3-cü bəndinə görə alıcı bu müqavilə ilə nəzərdə tutulmuş qiymətlərə və ödəniş qaydalarına uyğun olaraq südün dəyərini müqavilənin şərtlərinə uyğun ödəyir. 4.1-ci bəndinə görə bu müqavilə qüvvəyə mindikdən sonra alıcı satıcıya müqavilənin 1.4-cü bəndində qeyd edilən məbləğdən 106.000 manat avans olaraq ödəməyi öhdəsinə götürür. Qalan 86.000 manat məbləğ aylıq tədarük edilən südün həcminə mütənasib olaraq hər növbəti ayın 10-a qədər ödəniləcəkdir. 5.1-ci bəndinə görə tərəflər bu Müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri Müqavilə imzalandıqdan sonra tərəflərin qabaqcadan bilməsi və qarşısını alması mümkün olmayan qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yerinə yetirmədikdə onlar həmin öhdəlikləri yerinə yetirməkdən tamamilə yaxud qismən azad edilirlər. 5.3-cü bəndinə görə qarşısıalınmaz qüvvə kimi aşağıdakı fövqəladə xarakterli hadisələr başa düşülür: təbii fəlakətlər (zəlzələ, daşqın və s.), yanğın, hərbi hadisələr eləcə də tətil, hökumət qərarları və ya dövlət orqanlarının sərəncamları. 7.1-ci bəndinə görə müqaviləyə əsasən öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyırlar. 10.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. 10.2-ci bəndinə görə bu müqavilənin müddətinin bitməsinə 10 gün qaldıqda tərəflərdən biri digərinə Müqavilənin ləğv, əlavə və dəyişikliklərin edilməsinə dair yazılı bildiriş vermədiyi halda Müqavilənin müddəti növbəti 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli ******* nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 106.000 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına ödənilmişdir. 29 noyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2020ci il tarixli, M/162020 saylı müqavilə üzrə İddiaçı MMC-yə 106.000 manat borcu vardır. 15 dekabr 2022-ci il tarixli cərimə məbləğinin hesablanması barədə arayışa (cədvələ) əsasən Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, M/162020 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər Mərkəzi Bankın faiz uçot dərəcəsi əsas götürülərək hesablanmış faiz məbləği 20.026,01 manat təşkil edir. İddiaçı MMC pretenziya ilə Cavabdeh MMC-yə müraciət edərək, 106.000 manat məbləğində pulun 5 iş günü ərzində onlara ödənilməsini təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək cavabdeh tərəfindən təqdim edilmiş yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh (alıcı) ilə X6 (satıcı) arasında xx.xx.2020-ci il tarixli 20202901-001 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə satıcı – “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş qaydalara əsasən, cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanların bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə görə heyvanların qəbul edilməsi dəyəri tam ödənildikdən sonra satıcı və alıcı tərəfindən imzalanmış qəbul aktı ilə rəsmiləşdirilir. 1.3-cü bəndinə görə bu müqavilənin 1.2-ci bəndində göstərilən qəbul aktı imzalandıqdan sonra heyvanlar alıcı tərəfindən qəbul edilmiş hesab edilir. 2.1-ci bəndinə görə bu müqavilənin predmeti olan 1 baş Cavabdeh cinsli damazlıq keçilərin dəyəri 510 manat təşkil edir. Alıcı heyvanların 1 baş dişisinə görə 204 manat qalıq dəyərini əvvəlcədən ödəyir və qəbul edir. xx.xx.2020-ci il tarixli 20202901-001 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən 225 (baş) damazıq heyvan cinsi olan Cavabdeh adlı keçinin (dişi) 1 başın satış dəyəri 510 manat, ümumi məbləğ 114.750 manat, hesablanmış güzəşt dəyəri 306 manat və qalıq dəyəri 204 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 68.439 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən X4 "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir. Kreditor tələblərinin qeydiyyatı barədə xx.xx.2020-ci il tarixli 0174 nömrəli qəbzə əsasən müəyyən edilir ki, kreditor X4 ləğv prosesində olan "xxxx" ASC qarşısında 60.457,20 manat məbləğdə kreditor tələbi qeydə alınmışdır. X5 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, AQTA-nın Ucar regional bölməsinin əməkdaşları tərəfindən ona təhvil verilmiş nəzarət etdiyi keçilərin yem tədarükü olmadığından, baxımsız olduğundan 84 baş tələf olmuşdur, ölmüş keçilər təsərrüfatın qıraq yerində tamamilə yandırılaraq basdırılmışdır. Cavabdeh MMC-nin təsisçisi Qanuni nümayəndə xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, təsisçisi olduğu Cavabdeh MMC-nin təsərrüfatında olan keçilər brüselyoz xəstəsi olmuşdur. Ona verilən məlumata görə xəstə çıxmış brüselyoz heyvanlar ölkə əhalisinin sağlamlığına ciddi risk yaradır və heyvandırlıq təsərrüfatında iqtisadi itkilərə səbəb olub. Buna görə də Ucar regional bölməsinin baytar müfəttişlərinin təyinatına görə xəstə çıxmış brüselyozlu keçilərin tələf edilməsinə heç bir etirazı yoxdur. xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, İmişli rayonu Əliqullar kəndi ərazisində yerləşən Cavabdeh MMC-nin keçi təsərrüfatında xx.xx.2021-ci il tarixində təsərrüfatda olan keçilərdən brüselyoz xəstəliyinin aşkar etmək üçün götürülən qan nümunələrinin laborator müayinəsi nəticələrinə əsasən 88 baş qan nümunəsi müsbət nəticə vermişdir. Təsərrüfatda olan 101 baş heyvandan 84 baş heyvan tələf olmuş və 17 baş heyvan isə təsərrüfatda aşağı köklükdə qalmışdır. Ölmüş heyvanlar X2 verdiyi izahata əsasən yem olmadığına və düzgün qidalanmadığına görə tələf olmuşdur. Tələf olunmuş heyvanlar təsərrüfatdan kənar ərazidə yandırılaraq dərin basdırılmışdır. yerdə qalan 17 baş keçilər Ağcabədi rayonu ərazisində kəsim məntəqəsinə aparılaraq baytar müfəttişlərinin nəzarət altında kəsilərək zərərsizləşdirilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində İmişli rayonu ərazisində yerləşən Cavabdeh MMC-yə məxsus keçi təsərrüfatında brüselyoz xəstəliyinin bakteriyası aşkar edilmiş 17 baş keçilər Ağcabədi rayonu ərazisində kəsim məntəqəsinə aparılaraq Ucar RB-nın baytar müfəttişlərinin nəzarət altında kəsilərək zərərsizləşdirilmişdir. Kəsilmiş heyvanlar kəsim məntəqəsi üçün ayrılmış xüsusi ərazidə yandırılaraq basdırıldı. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli M/162020 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, avans olaraq 106.000 manat məbləğdə vəsaitini Cavabdeh MMC-nin hesabına köçürmüş, lakin Cavabdeh MMC hal-hazıradək aldığı avansın müqabilində keçi südünü iddiaçıya təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir. Həmin maddəyə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların bir hissəsinin dəyəri olan 106.000 manat məbləğində pul vəsaiti avans olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı halda iddiaçının iddiaya etirazına əsas kimi istinad etdiyi hallar (keçiləri almaq üçün Fariz Quliyev adlı şəxsə etdiyi ödənişin bir hissəsinin ləğv prosesində olan bankda qalması, aldığı heyvanların məhv olması və s.) onun risk dairəsinə daxil olan hallar olmaqla sonuncunu müqavilə üzrə öhdəliklərin icra edilməsindən azad etmir. İkincisi, avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Odur ki, behdən fərqli alaraq avans məbləği qarşı tərəfin müqavilə üzrə öhdəliklərin icra edilmədiyi bütün hallarda, yəni öhdəliklərin icra edilməməsində avansı almış tərəfin təqsirinin olub-olmamasından asılı olmayaraq geri qaytarılmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 20.026 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin qaytarmaqdan boyun qaçırdığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin tələb edildiyi zaman qaytarmadığı pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Eyni zamanda cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması üçün də əsaslar mövcud deyildir. Belə ki, həmin maddəyə görə faizlər borclu tərəfindən pul öhdəliyinin icra edilməsinin gecikdirildiyi halda tutula bilər. Hazırkı halda isə cavabdeh müqavilə üzrə pulun ödənilməsi öhdəliyini deyil, alqı-satqı müqaviləsi üzrə əşyanın alıcının mülkiyyətinə vermək öhdəliyini pozmuşdur. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi istisna olunur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 416,03 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 350 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda cavabdehdən 16,03 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 106.000 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehdən 16,03 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar