Məhkəmə qərarları › İş №e-2-2(113)-5781/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5781/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5781/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X4 Cəmiyyətinin cavabdeh X2 qarşı cavabdehdən iddiaçının xeyrinə 74319,09 manat məbləğində pulun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 74319,09 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış, 05 aprel 2021-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən iddiaçı, alıcı kimi çıxış edən cavabdeh müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcı ilə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müvafiq mühasibat sənədləri ilə rəsmiləşdirilməklə cavabdehə ümumilikdə 207.796,16 manat məbləğində alkoqollu içkilər satılmışdır. Sözügedən müqavilənin “Ödəmə şərtləri”ni tənzimləyən 3.1-ci bəndinin tələbinə görə alıcı tərəfindən mal alındıqdan sonra 5 iş günü müddətində nağd və ya köçürmə yolu ilə Satıcının hesabına ödənilməlidir. Qeyd olunan müqavilə imzalandığı gündən 1 (bir) il müddətində qüvvədə olmuşdur. Hazırkı vaxtadək yuxarıda sözügedən müqavilə üzrə satılan məhsulların dəyərinin 132977,07 manat məbləğində olan hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilsə də, ona satılmış malların dəyərinin qalan hissəsi, yəni 74319,09 manatı bu günədək ödənilməmiş qalmışdır. Cavabdehə müvafiq elektron qaimələr təqdim edilsə də, cavabdeh, hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etməmiş, beləliklə də cavabdehin iddiaçıya 74319,09 manat borcu yaranmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 aprel 2021-cı il tarixli Alqı-satqı Müqaviləsindən görünür ki, iddiaçı adı, markası, miqdarı və qiyməti bu müqavilənin müvafiq bəndlərində göstərilən malı cavabdehə satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilənin şərtlərinə uyğun ödənişi həyata keçirməyi öhdələrinə götürmüşlər. 26 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 207796,16 manat dəyərində alkoqollu içki məhsullarının satılması ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, cavabdeh tərəfindən mallar elektron qaimələrə imza edilməklə təhvil alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 05 aprel 2021-cı il tarixli Alqı-satqı Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı adı, markası, miqdarı və qiyməti bu müqavilənin müvafiq bəndlərində göstərilən malı cavabdehə satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilənin şərtlərinə uyğun ödənişi həyata keçirməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 207796,16 manat dəyərində alkoqollu içki məhsullarının satılması ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, cavabdeh tərəfindən mallar elektron qaimələrə imza edilməklə təhvil alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya malların dəyərindən 132977,07 manat məbləğində hissəsi ödənilmiş, qalan 74319,09 manat hissəsi isə ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan məhsulları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 05 aprel 2021-cı il tarixli Alqısatqı Müqaviləsinə əsasən ödənilməmiş 74319,09 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 74319,09 manat məbləğində pul tutularaq "xxxx" X4 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar