Məhkəmə qərarları › İş №e-2-2(113)-5787/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5787/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5787/2025 17.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ƏDV daxil 93.899,31 (doxsan üç min səkkiz yüz doxsan doqquz manat otuz bir qəpik) manat borc və 371.70 (üç yüz yetmiş bir manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 94.271,01 (doxsan dörd min iki yüz yetmiş bir manat, bir qəpik) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2024-cü il tarixli, PMZ2405020-272 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi” (bundan sonra Müqavilə) bağlanılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini pozmuş, satılan malların dəyərini bu günə qədər tam icra etməmiş və nəticədə sonuncunun İddiaçı qarşısında ümumilikdə ƏDV daxil 93.899,31 (doxsan üç min səkkiz yüz doxsan doqquz manat otuz bir qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda veməmiş, Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və həmçinin, borcun qaytarılması məqsədi ilə pretenziya məktubunun “Elektron məhkəmə” informasiya sistemi və Dövlət Vergi Xidmətinin Onlayn Kargüzarlıq elektron sistemi vasitəsi ilə elektron kabinetinə göndərilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə borc məbləğini İddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı tədbir görməmişdir. Beləliklə, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, PMZ2405020-272 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi”nin 3.2-ci və 5.1.3-cü bəndinə əsasən, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi nəticəsində həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən İddiaçının Cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır.

3. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müaraciət edərək, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 93.899,31 manat borc və 371.70 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 94.271,01 manat məbləğində pulun tutulması; həmçinin hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, PMZ2405020-272 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi”-nə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə Satıcı tam təfsilatı, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşmalar (bundan sonra "Qoşma") ilə müəyyən olunan mallar (bundan sonra "Mallar") və/və ya xidmətlər (bundan sonra "Xidmətlər") ilə Sifarişçini təchiz etməyi, Sifarişçi isə Malları və Xidmətləri qəbul edib onların müvafiq Qoşma ilə razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı Malları və Xidmətləri Qoşmada razılaşdırılmış müddətdə Sifarişçiyə təhvil verməlidir. Xammalın gecikməsi və ya Sifarişçinin ödəmə ilə əlaqədar öhdəliklərini icra etməməsi nəticəsində Qoşmada razılaşdırılan təhvil müddəti müvafiq olaraq uzadıla bilər. Belə hallar və səbəbləri barədə Satıcı Sifarişçiyə məlumat verməlidir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən Malların və Xidmətlərin təhvil verilməsi qaydası və yeri Qoşmada təsbit edilir. Qoşmada razılaşdırıldığı halda Satıcı Malları və Xidmətləri partiyalarla (hissə-hissə) də Sifarişçiyə verə bilər. Mallar və Xidmətlərin hər hansı hissəsi təhvil verilməsi üçün hazır olduqda, Satıcı Malların və Xidmətlərin təhvil verilməsi üçün hazır olduqları tarixdən ("Təhvil Tarixi") 1 (bir) iş günü qabaqcadan telefon, elektron poçt və ya digər rabitə vasitələri ilə Sifarişçini xəbərdar etməlidir.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən Malların və Xidmətlərin Sifarişçiyə təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılmaqla Satıcı tərəfindən 2 (iki) nüsxədə tərtib edilən Təhvil-təslim Aktı vasitəsilə rəsmiləşdirilir. Təhvil-təslim aktı imzalanmasa Satıcı Malların və Xidmətlərin təhvilini müvafiq müddətə saxlaya bilər.

13. Müqavilənin 2.4-cü bəndinə əsasən Satıcı Malların razılaşdırılmış vəziyyətdə təhvil verilməsini təmin edəcək şəkildə qablaşdırıldığından və mühafizə olduğundan əmin olmalıdır. Qablaşdırmaya dair spesifik şərtlər və Sifarişçinin tələbləri olduqda, bu şərtlər Qoşmalarda müəyyən edilir. Belə şərtlər Qoşmada ifadə edilmədiyi halda Satıcı qablaşdırmada olan çatışmazlıqlar nəticəsində məsuliyyət daşımır.

14. Müqavilənin 3.2-ci bəndinə əsasən qoşmada başqa qayda nəzərdə tutulmayıbsa, Sifarişçi Mallar və Xidmətlərin dəyərini tam olaraq qabaqcadan ödəməlidir.

15. Müqavilənin 3.3-cü bəndinə əsasən qoşmada başqa qayda nəzərdə tutulmayıbsa, Qoşmada qeyd edilən qiymətlər 5 (beş) təqvim günü ərzində qüvvədə olur. Bu və ya Qoşmada qeyd edilmiş digər müddət ərzində razılaşdırılmış tam və ya hissəvl avans ödənişi Sifarişçi tərəfindən İcra edilmədiyi halda, Satıcı qiymətləri öz mülahizəsinə əsasən dəyişə bilər. Belə olan halda Sifarişçi yeni qiymətlərlə razılaşmalı və Qoşmaya yazılı şəkildə düzəliş edilməlidir. Əks halda Qoşma qüvvədən düşmüş hesab edilir və Satıcı onun icrası üzrə öhdəlik daşımır.

16. Müqavilənin 3.5-ci bəndinə əsasən hər-hansı Tərəf bu Müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş müddətlərdə həyata keçirmədikdə, hər geclkdlrllmlş günə görə İcrası gecikdlrllən öhdəliyin dəyərinin 0,1 (sıfır tam onda bir) faizi həcmində digər Tərəfə cərimə ödəməlidir. Satıcının Malları və ya Xidmətləri təhvil vermək müddəti ödənişlərin geclkdlrllməsl müddətinə müvafiq uzadıla bilər. Cərimənin ödənilməsi Tərəfləri Müqavilə üzrə digər öhdəliklərinin İcrasından azad etmir.

17. 13.05.2025-ci il tarixli təhvil-təslim Aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 116.590,38 manat məbləğində mal təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların satışına dair xx.xx.2024-cü il tarixli MT**********83 nömrəli - 10107,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********97 nömrəli – 16582,96 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********23 nömrəli 2278,87 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********20 nömrəli 989,72 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********42 nömrəli 9331,81 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********02 nömrəli 2527,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********29 nömrəli 13921,64 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********44 nömrəli 21712 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********89 nömrəli 2657,36 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********72 nömrəli 7810,98 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********85 nömrəli 16088,49 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********06 nömrəli 11145,90 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********20 nömrəli 1435,17 manat məbləğlərində e-qaimələr göndərilmişdir.

19. 10.03.2025-ci il tarixli ER-019 nömrəli Üzləşmə Aktına əsasən Cavabdeh MMCnin İddiaçı MMC-yə 93.899,31 manat borcunun olduğu göstərilmiş, akt hər iki tərəf imza və möhürləri ilə təsdiq etmişlər.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

26. Göründüyü kimi tərəflər arasında xx.xx.2024-cü il tarixli, PMZ2405020-272 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə Satıcı müəyyən olunan mallar və/və ya xidmətlər ilə Sifarişçini təchiz etməyi, Sifarişçi isə Malları və Xidmətləri qəbul edib onların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 93.899,31 manat ödənilməmiş borcu qalmışdır. Borcun mövcüdluğu üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr,təhvil-təslim aktı, qarşılıqlı borcların üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin əsas borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 93.899,31 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 93.899,31 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 371,70 manat dövlət rüsumu və hüquqi yardım xərci olaraq 500 manat ödənilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 371,70 manat dövlət rüsumunun və 500 manat vəkil xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 93.899,31 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 371,70 manat tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar