Məhkəmə qərarları › İş №e-2-2(113)-579/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-579/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-579/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi üzrə iddia müddəti, qarşısıalınmaz qüvvə və öhdəliyin icrası, inzibati orqanın ilkin mediasiya sessiyasında iştirakı, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil1, Cavabdehin nümayəndə və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 510 640 manat gecikdirilmiş borcun və 334 583,20 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 2613 manat gecikdirilmiş borcun və 1679,49 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 15283 manat gecikdirilmiş borcun və 10191,91 manat cərimə borcunun və 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-LA/13 nömrəli, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli müqavilələrə əsasən cavabdeh (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. 2.2. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2013-cü il tarixli 19-LA/13 nömrəli müqavilə üzrə 510 640 manat gecikdirilmiş borcu və 334 583,20 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli müqavilə üzrə 2613 manat gecikdirilmiş borcu və hesablanmış 1679,49 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli müqavilə üzrə isə 15283,00 manat gecikdirilmiş borcu və hesablanmış 10191,91 manat cərimə borcu yaranmışdır. 2.3. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2023-ci il tarixli arayışı təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 747.1-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. cavabdeh xx.xx.2013-cü il tarixli 19-LA/13 nömrəli müqavilə üzrə dövlətin müəyyən etdiyi güzəşti tətbiq etməmişdir. 5.2. İddiaçı tərəfindən borc məbləği düzgün göstərilməmiş və əsassız cərimələr hesablanmışdır. 5.3. İddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. 5.4. Cavabdeh toyuq əti məhsulunun istehsalı ilə məşğul olan kənd təsərrüfatı müəssisəsidir və 2020-ci ilin əvvəllərindən COVİD-19 pandemiyası və 2021-ci ildən başlayan xammal məhsullarının qiymətinin dünya miqyasında kəskin bahalaşması təsərrüfatına ciddi maddi ziyan vurub. Lizinq ödənişlərinin son illər üzrə tarixlərinə baxılsa, görünər ki, müəssisə vaxtlı-vaxtında ödənişlər etmişdir. Daha sonra isə 2022-ci ilin əvvəllərindən başlayaraq dünyada, o cümlədən regionda quş təsərrüfatlarında kəskin biotəhlükəsizlik problemləri yaranmış və bir çox hallarda kütləvi ölümlərlə nəticələnmişdir. Xüsusilə quşçuluq təsərrüfatlarının son dövrlərdə qarşılaşdığı problemlər yem təminatında istifadə olunan xammallar (soya, qarğıdalı, günəbaxan yağı və s.) və quşların sağlamlığını təmin etmək üçün istifadə edilən vitamin qismində yem əlavələrindəki qıtlıq və qiymət artımının kəskin şəkildə artmasıdır. Eyni zamanda qıtlıq səbəbi ilə qeyd edilən məhsulların keyfiyyət göstəricilərinin kəskin şəkildə pisləşməsi də cavabdehə ciddi təsir göstərib. Həmçinin damazlıq sürüdə olan problemlər səbəbindən həmin sürüdən alınan broyler cücələrinin də tələfatında kütləvi artım olub və broyler sahəsində normativ üstü ölü sayları olduğundan hazırda acınacaqlı vəziyyət yaranıb. Bu isə təsərrüfata çox ciddi maddi ziyanın vurulması ilə nəticələnib. Nəhayət 2022-ci ilin sentyabr ayında kütləvi tələfat və dəymiş ziyan gözləniləndən dəfələrlə çox olduğundan cavabdeh broyler bəsləmə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalıb. Bununla bərabər təsərrüfatın fəaliyyətinin tam şəkildə dayanmasının qarşısını almaq məqsədilə bütün imkanlardan istifadə edilir. Hazırda müəssisənin maddi durumu çıxılmaz vəziyyətdədir və götürdüyü öhdəlikləri, o cümlədən dövlətdən götürdüyü kreditlərin ödənilməsini və fəaliyyəti nəticəsində yaranmış sosial sığorta öhdəliklərini həyata keçirə bilmir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.

7. Cavabdehin nümayəndə və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək, iddiaya etirazın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, cavabdeh regionun böyük broyler toyuq istehsalçısı olsa da, pandemiya və kütləvi tələfatla bağlı maddi vəziyyəti pisləşmişdir. Belə ki, cavabdeh 500-dən çox işçiyə malik olsa da, qeyd edilən səbəblərdən 2022-ci ildən etibarən fəaliyyəti dayanmışdır. Bu isə onu göstərir ki, cavabdeh öhdəliklərini obyektiv səbəblərdən icra edə bilmir. Digər tərəfdən, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələri üzrə sonuncu ödənişdən uzun müddət vaxt keçdiyindən iddia müddəti ötmüşdür və iddia rədd edilməlidir.

8. Cavabdehin 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsinə güzəştin tətbiq edilməməsi ilə bağlı arqumentlərinə münasibətdə iddiaçı tərəf göstərdi ki, əvvəla, hazırda mübahisə predmeti olan digər iki lizinq müqaviləsinə münasibətdə güzəşt tətbiq edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin güzəşti nəzərdə tutulmuşdur ki, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyekti həmin kateqoriyadan olan kənd təsərrüfatı texnikası deyildir. Bununla yanaşı, həmin qərarda tətbiq edilən güzəştlərin qərar qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün lizinqə götürülən kənd təsərrüfatı texnikalarına şamil olunduğu təsbit edilmişdir. Sözügedən lizinq müqaviləsi isə qərar qüvvəyə minməmişdən əvvəl, yəni 05 sentyabr 2013-cü il tarixdə bağlanmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqavilələri üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz hallarından görünür ki: – "xxxx" ASC ilə cavabdeh arasında 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 1 313 600 manat olan 1 dəst “Solola Group” markalı məhsuldarlığı 4000 baş/saat olan broyler quş əti emalı avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə həmin kənd təsərrüfatı texnikasının dəyərindən 130 000 manat məbləği əvvəlcədən, qalıq məbləğini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi dəyərindən 130 000 manat ödənilmiş, qalan məbləğin 2013-cü ilin 4-cü rübündən 2023-cü ilin 3-cü rübünədək hissələrlə ödənilməsi razılaşdırılmışdır; – "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 02 oktyabr 2013-cü il tarixli 1206- L/13 və 28 dekabr 2011-ci il tarixli 1671-L/11 nömrəli lizinq müqavilələrinə xitam verilmiş və həmin kənd təsərrüfatı texnikaları qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir. Belə ki, "xxxx" ASC ilə cavabdeh arasında 11 avqust 2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 8499 manat olan 1 ədəd “Belarus-892” markalı traktoru, bir ədəd “Borex-2102” markalı ekskavator-buldozeri ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə həmin kənd təsərrüfatı texnikasının dəyərinin qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 64800 (“Belarus-892” markalı traktor üzrə: 29000 + “Borex- 2102” markalı ekskavator-buldozer üzrə: 35800) manat olmuş, əvvəlki lizinq müqaviləsi üzrə cəmi 30281 (“Belarus-892” markalı traktor üzrə: 9150 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 21131) manat ödəniş edilmiş, yeni lizinq müqaviləsi bağlanarkən qalıq lizinq obyektlərinin qalıq dəyərindən 25920 manat (“Belarus-892” markalı traktor üzrə: 11600 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 14320) manat güzəşt edilmiş, 8499 (“Belarus-892” markalı traktor üzrə: 8250 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 249) manatın ödəniş qrafikinə uyğun – 2016-cı ilin 3-cü rübündən başlayaraq 2022-ci ilin 3-cü rübünədək ödənilməsi razılaşdırılmışdır; – "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 23 fevral 2017-ci il tarixli 200-L/17 nömrəli lizinq müqaviləsinə xitam verilmiş və həmin kənd təsərrüfatı texnikaları qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir. Belə ki, "xxxx" ASC ilə cavabdeh arasında 04 aprel 2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 47958 manat olan 4 ədəd “CAN-PA.R-5T” markalı traktor üçün 2 oxlu qoşqu, iki ədəd “Belarus-892” markalı traktor ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə həmin kənd təsərrüfatı texnikasının dəyərinin qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 134260 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 76800 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 57460) manat olmuş, əvvəlki lizinq müqaviləsi üzrə cəmi 32598 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 15360 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 17238) manat ödəniş edilmiş, yeni lizinq müqaviləsi bağlanarkən qalıq lizinq obyektlərinin qalıq dəyərindən 53704 manat (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 30720 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 22984) manat güzəşt edilmiş, 47958 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 17238 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 17238) manatın ödəniş qrafikinə uyğun – 2017-ci ilin 2-ci rübündən başlayaraq 2026-cı ilin 4-cü rübünədək ödənilməsi razılaşdırılmışdır; – "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

13. İddiaçı maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə 05 sentyabr 2013cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə 510 640 manat, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 2613 manat, xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 15283 manat məbləğində lizinq ödənişlərinin qalıq hissəsinin tutulmasını tələb edir.

14. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələri üzrə iddia müddətinin ötdüyünü, obyektiv səbəblərdən öhdəliyin icra edilə bilmədiyini və bu pozuntu üçün məsuliyyət daşımadığını, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə güzəşt məbləğinin tətbiq olunmadığını qeyd edir və iddianın rədd olunmasını xahiş edir.

15. Məhkəmə aşağıdakı səbəblərdən cavabdehin arqumentlərini əsassız və əsas borcun tutulması hissəsində iddianı əsaslı hesab edir.

16. Əvvəla, cavabdeh 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə güzəştin tətbiq edilmədiyini bildirir.

17. Bununla bağlı məhkəmə ilk növbədə bildirir ki, cavabdeh qeyd olunan müqaviləni lizinq predmetinin qiyməti 1 313 600 manat təsbit olunmaqla bağlamış, müqaviləyə 1 saylı Əlavə - ödəniş qrafikində avans ödənişi 130 000 manat çıxılmaqla qalıq məbləğin, yəni 1 183600 manatın ödənilməsi razılaşdırılmışdır. Hazırkı iddia irəli sürülənədək cavabdeh güzəştin tətbiq edilməməsi, nəticədə müvafiq lizinq ödənişlərinin bir hissəsinin silinməməsi ilə bağlı hər hansı maddi-hüquqi tələb – iddia ilə çıxış etməmiş, əksinə uzun müddət (2013-2021) müqavilə üzrə ödənişləri həyata keçirmişdir. Cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ heç bir hüquqi əhəmiyyət kəsb etmir.

18. Digər tərəfdən, güzəştin tətbiq olunub-olunmaması məsələsi xüsusi elmi biliklər əsasında aparılan tədqiqat tələb olunmadan, işdəki digər sübutlar əsasında müəyyən edilməli haldır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı xx.xx.2014-cü il tarixdən qüvvəyə minmiş, mübahisələndirilən müqavilə isə 05 sentyabr 2013-cü il tarixdə bağlanmışdır.

19. Həmin qərarla "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ının tətbiqinin zamana görə qüvvə baxımından iki fərqli tənzimetməsi aparılmış, qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" ASC-nin zərəri hesabına güzəşt tətbiq edilməsi təsbit edilmişdir.

20. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ının 2.1 – 2.6-cı bəndlərində göstərilmişdir ki, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir.

21. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı qüvvəyə minənədək "xxxx" ASC-dən lizinqə götürülmüş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunmalı, bundan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya təqdim olunmuş sənədləri araşdırmalı, güzəştin tətbiq edilməsi məsələsinə baxmalıdır.

22. Bu mənada cavabdehin hazırkı dəlilinə hətta iddiaya etiraz kimi yanaşılsa da, onun ərizəni, lizinq müqaviləsinin və ödəniş sənədlərinin surətlərini komissiyaya təqdim etməsi, komissiya tərəfindən güzəştin tətbiq olunması və ya imtina edilməsi barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir.

23. İkincisi, cavabdeh xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli, xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli və 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqavilələrindən irəli gələn öhdəliyin təqsirli pozulmadığını bildirir, bu halı “COVİD- 19” pandemiyası və kütləvi tələfatla əlaqələndirir.

24. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır

25. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışından da istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında bu iki hüquqi termin fərqləndirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”.

26. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə fors-major halının mövcud olubolmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir.

27. Belə ki, xx.xx.2013-cü il tarixli 19-LA/15 nömrəli lizinq müqaviləsinin 7-ci hissəsinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətdə keçirilir. Bu şərait 2 aydan çox çəkərsə, hansı tədbirləri həyata keçirmək məqsədilə tərəflər danışıqlar aparırlar. Göstərilən müddət ərzində tərəflər razılığa gələ bilməzsə, onların hər biri müqaviləni yalnız bir şərtlə ləğv edə bilər ki, tərəflər bir-birinə bu müqavilə ilə əlaqədar qəbul etdikləri bütün maddi və pul vəsaitlərini tam qaytarsınlar.

28. xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələrinin 7-ci hissəsinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Müqavilədən irəli gələn öhdəliklərini bu səbəbə görə yerinə yetirə bilməyən tərəf digər tərəfi həmin hadisənin meydana gəldiyi tarixdən etibarən 5 gün ərzində fors-major şəraitinin meydana gəlməsi ilə başa çatması haqqında məlumatlandırılmalıdır. Bu şərait 2 aydan çox çəkərsə, hansı tədbirləri həyata keçirmək məqsədilə tərəflər danışıqlar aparırlar.

29. Göründüyü kimi, tərəflər müqavilələrin sözügedən hissəsində qarşısıalınmaz qüvvələrin siyahısını açıq tutmuş, belə bir hal yarandıqda isə bir-biri qarşısında məsuliyyətdən azad ediləcəkləri barədə razılığa gəlmişlər.

30. Yuxarıda istinad olunan qanunvericilik normalarının təfsirindən, mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə görə, COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır. Lakin karantin rejiminin tətbiq edilməsi özü-özlüyündə fors-major halının baş verməsini şərtləndirmir. Bunun üçün tərəf öz öhdəliyini icra etmək, o cümlədən itkilərin azaldılması üçün bütün mümkün səyləri göstərməlidir ki, fors-major halının baş verdiyinə istinad edə bilsin. Odur ki, pandemiya ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı fors-major halına əsaslanan tərəf kimi cavabdeh pozuntunun onun məsul olmadığı haldan irəli gəldiyini, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırdığını da sübut etməlidir.

31. Hazırkı iş üzrə cavabdeh qeyd olunan hallar üzrə sübutetmə vəzifəsini yerinə yetirməmiş, həmçinin belə bir hadisəyə istinad olunaraq cavabdehin bu barədə iddiaçıya məlumat verdiyi, öhdəliyin icrasının mümkün olmaması ilə bağlı danışıqlara cəhd göstərdiyi təsdiqlənməmişdir.

32. Həmçinin cavabdeh Salyan Rayon İcra Hakimiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli 68 nömrəli arayışı məhkəməyə təqdim etmişdir. Həmin arayışdan görünür ki, 2022-ci ilin may-avqust aylarında "xxxx" ASC-də quşlar arasında kütləvi ölüm olduğu üçün damazlıq sexindən 64000 baş, broyler sexindən 651 000 baş ölən quşların cəsədləri bağlanmış müqaviləyə əsasən zibil poliqonuna daşınaraq zərərsizləşdirilmişdir.

33. Analoji qaydada kütləvi tələfatın da cavabdehin məsul olmadığı haldan irəli gəldiyi, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması haqqında iş materiallarında hər hansı sübut yoxdur.

34. Həmçinin qeyd edilməlidir ki, lizinq ödənişləri lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

35. Bu mənada lizinq obyektlərindən istifadəyə görə lizinq ödənişlərini ödəmək imkanından məhrum olduğunu bildirən cavabdeh lizinq müqavilələrini birtərəfli qaydada ləğv etmək imkanından istifadə etməmiş, ödəmənin mümkün olmadığını bildirdiyi halda növbəti aylar üçün də razılaşdırılan lizinq ödənişlərinin hesablanmasına rəvac vermişdir.

36. Üçüncüsü, cavabdeh xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələri üzrə iddia müddətinin ötdüyünü göstərir və bu əsasla iddianın rədd olunmasını xahiş edir.

37. 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2013-cü ilin 4-cü rübündən 2023-cü ilin 3-cü rübünədək, 11 avqust 2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2016-cı ilin 3-cü rübündən başlayaraq 2022-ci ilin 3-cü rübünədək, 04 aprel 2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2017-ci ilin 2-ci rübündən başlayaraq 2026-cı ilin 4-cü rübünədək ödənilməsi razılaşdırılmışdır.

38. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

39. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

40. Göründüyü kimi, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.

41. Hazırkı işdən görünür ki, cavabdehlə bağlanmış 05 sentyabr 2013-cü il tarixli 19- LA/13 nömrəli, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939- GL/17 nömrəli lizinq müqavilələrinin icra müddətləri müvafiq olaraq 2023-cü ilin üçüncü rübündə, 30 sentyabr 2022-ci il tarixində və 31 dekabr 2026-cı il tarixində bitdiyindən (bitəcəyindən), həmin müqavilələr üzrə iddia müddətlərinin axımı həmin tarixlərdən başlanmışdır (başlanacaqdır). İddiaçı tərəfindən hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş olduğundan sonuncunun iddia müddətini ötürmüş olması mümkün deyildir.

42. Odur ki, cavabdehin etirazının əsasını təşkil edən hallar əsassız olmaqla iddianın əsas borcun tutulması hissəsində rədd olunması üçün əsas ola bilməz və məhkəmə qeyd olunan hissədə iddia tələbinə qiymət verilməsi üçün lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

43. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

44. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

45. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

46. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.

47. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.

48. Məhkəmə cavabdehdən tutulmalı lizinq ödənişlərinin məbləği ilə bağlı qeyd edir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyektlərinin ümumi dəyəri olan 1 313 600 manatdan 802 960 manatlıq hissə ödənilmiş, 510 640 manat borc qalmışdır. xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyektlərinin qalıq dəyəri olan 8499 manatdan 5886 manatlıq hissə ödənilmiş, 2613 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi üzrə isə lizinq obyektlərinin qalıq dəyəri olan 48048 manatdan 21643 manatlıq hissə ödənilmiş, 31 avqust 2023-cü il tarixə 15283 manat borc qalmışdır.

49. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

50. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

52. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

53. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

54. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 05 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə 510 640 manat əsas borc, 11 avqust 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 2613 manat əsas borc, 04 aprel 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 15 283 manat əsas borc cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

b) Lizinq müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı

55. İddia ərizəsində iddiaçı xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə 334 583,20 manat, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə 1679,49 manat, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə 10191,91 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

56. 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan (borc məbləği və) gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

57. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafiklərdən görünür ki, cərimə məbləğləri xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə 334 583,20 manat, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə 1679,49 manat, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə 10191,91 manat təşkil edir.

58. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

59. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

60. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

61. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də xx.xx.2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2020-ci il, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2020-ci il tarixlərində olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

62. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 05 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə 25000 manat, 11 avqust 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 130 manat, 04 aprel 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 760 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 05 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə 25000 manat, 11 avqust 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 130 manat, 04 aprel 2017ci il tarixli lizinq müqaviləsi üzrə 760 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

64. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutulmasını xahiş etmişdir.

65. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞC/MT020/2023-01418 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

66. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

67. Məhkəmə cavabdehin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, mediasiya xərci müvafiq hissədə cavabdehdən tutulmalıdır.

68. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 500 manat məbləğində pulun 5 saylı vəkil bürosuna xx.xx.2023-cü il tarixli 2334 nömrəli müqavilə üzrə (iş materiallarında olan ******* nömrəli vəkil orderində göstərilən müqavilə) ödənilməsi barədə tapşırıq verilmişdir.

69. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

70. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

71. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

72. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

73. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

74. Hazırkı iş üzrə iddiaçı büdcə təşkilatı olmaqla iddia ərizəsi üzrə dövlət rüsumu ödəməkdən azaddır.

75. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Həmin Məcəllənin 119.2-ci bəndinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

77. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- 1-ci maddəsinə və 8.1.4-cü maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (874 990,6 manat) uyğun ödənilməli dövlət rüsumu 765 manat (1165-400) təşkil edir.

78. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 254 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, dövlət rüsumunun əvəzi olaraq 485 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

79. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə 510 640 (beş yüz on min altı yüz qırx) manat əsas borc, 25 000 (iyirmi beş min) manat cərimə məbləği, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 avqust 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 2613 (iki min altı yüz on üç) manat əsas borc, 130 (bir yüz otuz) manat cərimə məbləği, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 aprel 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 15 283 (on beş min iki yüz səksən üç) manat əsas borc, 760 (yeddi yüz altmış) manat cərimə məbləği olmaqla ümumilikdə 554 426 (beş yüz əlli dörd min dörd yüz iyirmi altı) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 254 (iki yüz əlli dörd) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 485 (dörd yüz səksən beş) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar