Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5795/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (lizinq müqaviləsi, maliyyə arayışı, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021cü il tarixli GL599 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Traktor Tümosan 9115, 1 ədəd Traktor Tümosan 8195 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması, 20.800 manat gecikdirilmiş əsas borc, 8.047 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu və 176.54 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL599 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 46.800 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 104.236 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 25136 manat ilkin ödəniş və 468 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 20.800 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 8047 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə xx.xx.2024-cü il tarixində 1226 nömrəli prentenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Həmçinin lizinq müqaviləsinin təminatı olaraq Cavabdeh2 və “Global Leasing MMC” arasında xx.xx.2021-ci il tarixli, GZ156 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 20.800 manat gecikdirilmiş əsas borcu, 8.047 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaranmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3 və 445.2.1 maddələrinin tələblərini pozmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraa qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.
4. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli GL 599 nömrəli lizinq müqaviləsinin: 2.1-ci bəndinə əsasən, lizinq verən lizinq obyektini lizinq alanın müraciət əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində lizinq alanın istifadəsinə təqdim edir. 3.1-ci bəndinə əsasən, bu Müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və ona bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə vaxtında əvvəl xitam verilməsi halları istisna olmaqla, tərəflərin bu müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərinin tam şəkildə icra edilməsinədək qüvvədə qalır. Lizinq verənə vurulmuş zərərin əvəzinin lizinq alan tərəfindən Lizinq verənə ödənilməsini ehtiva edən müddəalar bu müqaviləyə xitam verildikdən sonra öz hüquqi qüvvəsini saxlayır. 3.2-ci bəndinə əsasən, lizinq müddəti təhvil-təslim tarixindən başlayaraq bitmə tarixində sona çatmaqla 36 ay təşkil edir. 3.3-cü bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə lizinq münasibətlərinə daha əvvəl xitam verilməsi halları istisna olmaqla, lizinq obyekti lizinq alana lizinq müddətinə verilir. 5.2-ci bəndinə əsasən, lizinq obyektinin lizinq verən tərəfindən lizinq alana təhvil verilməsi Lizinq verənin və Lizinq alanın səlahiyyətli nümayəndələri tərəfindən təhvil-təslim protokolunun imzalanması ilə həyata keçirilir. 6.1-ci addəsinə əsasən, lizinq alana müvəqqəti istifadəyə və sahibliyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Lizinq müddəti ərzində lizinq alan lizinq obyekti üzərində yalnız sahiblik və istifadə hüququna malikdir. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq alanın lizinq obyekti üzərində mülkiyyət hüququna malik olmasını ifadə etmir.
9. xx.xx.2021-ci il tarixli GL 599 nömrəli lizinq müqaviləsinə 1 Saylı Əlavədən görünür ki, lizinq obyektini Traktor Trümosan 9115 və Traktor Trümosan 8195 markalı traktorlar təşkil edir, onların toplam qiyməti 104236 manatdır. Kredit məbləği 46800 manat təşkil edir, ilkin ödənişin məbləği 25136 manatdır. Müştəri kredit məbləği 1 faiz hissəsini - 468 manat komissiya olaraq Global Lesasingə ödəyir.
10. Kredit alan Cavabdeh1 ilə bağlanan xx.xx.2021-ci il tarixli GL 599 nömrəli lizinq müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, 25136 manat ilkin ödəniş olmaqla 46800 manat borcun xx.xx.2021-xx.xx.2024-cü il tarixləri üzrə ödənilməsi nəzərdə tutulmuşdur.
11. İddiaçı ASC tərəfindən təqdim edilmiş 28 iyun 2024-cü il tarixli 57 nömrəli maliyyə arayışından görünür ki, müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 104236 manat təşkil etmişdir, həmin məbləğin 46800 manat hissəsini kredit məbləği təşkil etmişdir. Lizinq müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 tərəfindən 25136 manat məbləğində ilkin ödəniş, 468 manat manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən traktorlar cavabdehə təhvil verildikdən sonra cavabdehin lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödədiyi kredit məbləği 26000 manat, gecikdirilmiş borcu isə 20800 manat, cərimə borcu 8047 manat təşkil edir.
12. İddiaçı ASC tərəfindən AR KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanan 15 fevral 2021-ci il tarixli GL/1757 nömrəli məktubla Cavabdeh1 kənd təsərrüfatı texnikalarını əldə etməsi üçün 32300 manat güzəşt olunacaq vəsaitin və 46800 manat kredit məbləğinin hesabına köçürülməsi xahiş olunmuşdur.
13. "xxxx" MMC (Satıcı) və İddiaçı QSC (Alıcı) arasında bağlanan xx.xx.2021-ci il tarixli AS1697 nömrəli alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Satıcı lizinq obyektini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə Alıcıya satmağı, Alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən, alqı-satqı olunacaq mal Traktor Trümosan 8195 markalı traktordur, toplam qiyməti 40000 manatdır.
14. "xxxx" MMC (Satıcı) və İddiaçı QSC (Alıcı) arasında bağlanan xx.xx.2021-ci il tarixli AS1617 nömrəli alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Satıcı lizinq obyektini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə Alıcıya satmağı, Alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən, alqı-satqı olunacaq mal Traktor Trümosan 9115 markalı traktordur, toplam qiyməti 61200 manatdır.
15. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanan xx.xx.2021-ci il tarixli GZ 156 nömrəli zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən, zamin lizinq müqaviləsi üzrə lizinq alanın bütün öhdəliklərinin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə Lizinq verən qarşısında məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və lazımınca icra etmədikdə Zamin və Lizinq alan Lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 4.1-ci bəndinə əsasən, Lizinq alan lizinq lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımı qaydada icra etmədiyi təqdirdə, lizinq verən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını öz müstəsna mülahizəsinə əsasən, Lizin alan və/və ya zamindən tələb edə bilər. Tələb zaminə qarşı irəli sürüldükdə lizinq verən bu barədə zaminə yazılı bildiriş verməli, zamin lizinq verənin ilk tələbində lizinq müqaviləsi və bu müqavilə üzrə bütün ödənişləri heç bir iddia irəli sürmədən, qeyd şərtsiz, dərhal və birdəfəlik ödənişlə ödəməlidir.
16. xx.xx.2024-cü il tarixli **********2/806766447 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Kapital Bank ASC-nin hesabına 176.94 manat ödəniş edilmişdir.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borc məbləğinin ödənilməsi və lizinq obyektinin geri qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL 59 lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1 ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddaçı ilə cavabdeh X1 arasında bağlanan xx.xx.2021-cü il tarixli GL599 saylı lizinq müqaviləsi əsasında lizinq verən, yəni iddiaçı ümumi dəyəri 104236 manat təşkil edən avadanlıqları (Traktor Trümosan 9115 və Traktor Trümosan 8195 markalı traktorları) lizinq alanın sahibliyinə və istifadəsinə vermiş, həmin məbləğin 46800 manat hissəsini kredit məbləği təşkil etmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən traktorlar cavabdehə təhvil verildikdən sonra müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 26000 manat ödəniş edilmiş, 20800 manat borc ödənilməmiş qalmışdır. Traktorlar hazırda cavabdehin istifadəsindədir. Əlavə olaraq İddiaçı və digər Cavabdeh2 arasında bağlanan xx.xx.2021-ci il tarixli GZ 156 nömrəli zaminlik müqaviləsi əsasında zamin lizinq müqaviləsi üzrə lizinq alanın bütün öhdəliklərinin tamamilə icrası üçün müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə Lizinq verən qarşısında məsuliyyət daşıdığını öz üzərində götürmüşdür.
20. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də tarktorların hazırda cavabdehin istifadəsində olduğunu, cavabdehin öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, lizinq predmeti olan 1 ədəd Traktor Tümosan 9115 və 1 ədəd Traktor Tümosan 8195 avadanlıqları saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalı geri qaytarılmalı, həmçinin 20.800 manat gecikdirilmiş əsas borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
21. Bundan əlavə iddiaçı tələbində 8047 manat məbləğində dəbbə pulunun tutulmasını irəli sürür.
22. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).
21. Məhkəmə hazırkı iş üzrə borcluların öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq 8047 manat dəbbə pulunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.
23. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 176.54 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Dövlət rüsumunun ödənilməsinə dair sənədlər iş materialları ilə təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehlərdən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 176.54 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. İV Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cü il tarixli GL599 saylı müqavilə üzrə “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Traktor Tümosan 9115, 1 ədəd Traktor Tümosan 8195 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılsın və 20.800 manat gecikdirilmiş əsas borc, 8.047 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu və 176.54 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 29023.54 (iyirmi doqquz min iyirmi üç manat əlli dörd qəpik) manat pul məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov