Məhkəmə qərarları › İş №e-2-2(113)-5797/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5797/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5797/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 6131,70 manat əsas borc, 3000 manat cərimə olmaqla, cəmi 9131,70 manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 500 manat xidmət haqqı, 112 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 76/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC "xxxx" MMC-dən dəyəri 59623,87 manat məbləğində (ƏDV daxil) olan kisə sement almışdır. Müqavilənin 1.1-ci bəndinə görə satıcı hazırkı müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə mal adlanacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti alıcı və satıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı birtərəfli qaydada olaraq alıcını 5 (beş) iş günü əvvəl yazılı şəkildə xəbərdar etməklə malın qiymətini dəyişmək hüququnu özündə saxlayır. Yeni qiymətlər bu müqaviləyə əlavədə öz əksini tapmalıdır. Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı, müqavilə dövründə alıcıya ödənişsiz və ya ödənişli xüsusi-texniki xidmət göstərə bilər. Ödənişli xüsusi texniki xidmətin şərtləri və dəyəri bu müqaviləyə əlavədə göstərilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın təhvil verilməsi vaxtı, yeri, ödəniş qaydası və ödənişin alıcı tərəfindən gecikdirilməsinə görə cərimə tətbiq etmə qaydası aşağıdakı cədvəldə göstərilmişdir: - mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu müqavilənin 4-cü bəndi daxilində) alıcıya təhvil verilir. - ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. - satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” mal əldə etdikdən sonra qaimə faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün ödənilməyən borc məbləğinin 0,1%-i həcmində cərimə və satıcı bundan yarana biləcək adminstrativ xərcləri tələb edə bilər. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2021-ci il tarixdə gündən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə kimi qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmədiyi təqdirdə müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Sözügedən alqı-satqı müqaviləsi və № 01, № 02, № 03 və № 04 saylı əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqavilənin 11.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinə cəmi ƏDV ilə birlikdə mala görə cəmi 6131,70 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, cavabdehlə müqaviləyə əsasən cəmisi 59623,87 manat (ƏDV daxil) qalaq sement satılmışdır, aldığı mallara görə cavabdeh 2021-2022-ci illərdə cəmi 53492,17 manat (ədv daxil) ödəniş etmişdir. Cavabdehin iddiaçıya 6131,70 manat əsas borcu qalmışdır. Əsas borc məbləği mübahisəsizdir, ƏDV borcu isə yoxdur. Müqaviləyə əsasən gecikmə üzrə tətbiq edilən cərimə: xx.xx.2021 tarixli EBBE 003195 saylı elektron qaiməyə əsasən 962 gün – 422,51 manat; xx.xx.2021 tarixli EBBG 703626 saylı elektron qaiməyə əsasən 907 gün – 5163,10 manat; İddiaçı MMC tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr vurulmuşdur: 1. Seriya: EBEE №: 003195 saylı xx.xx.2021 tarixli; 2. Seriya: EBBG №: 703626 saylı xx.xx.2021 tarixli; Cavabdehlə müqavilə üzrə 5585,61 manat cərimə hesablansa da, humanistlik edərək cavabdehdən cəmisi hazırkı iddia ərizəsi ilə 3000 manat cərimə məbləği tələb edilir. Göründüyü kimi, 6131,70 manat məbləğində əsas borc, 3000 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 464.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə borcun dəqiqləşdirilməsi üçün vaxt istəmiş və iştirak etdiyi sonrakı məhkəmə iclasında, iddianı 6131,70 manat hissədə qəbul etdiyini və iddia tələbinin həmin hissədə, qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında 28 yanvar 2021-ci il tarixli, UNİT 76/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qimyəti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur.

9. Tərəflər arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli, UNİT 76/2021 nömrəli alqsatqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 232575 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5167,46 manat (ƏDV daxil) təşkil edir (ƏDV-siz 4379,20 manat).

11. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2021-2022-ci illər ərzində Cavabdeh MMC 53492,17 manat (ƏDV daxil) ödəniş etmiş, 6131,70 manat əsas borc, müqavilənin 7.2.4-cü bəndinə əsasən isə 6235,57 manat faiz borcu mövcuddur.

12. İddiaçı tərəfindən iş materiallarına ödəniş tapşırıqları əlavə edilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

17. İddia tələbinin bir hissəsini cavabdehdən 28 yanvar 2021-ci il tarixli, UNİT 76/2021 saylı alqı-satqı müqaviləsi üzrə 6131,70 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 6131,70 manat (altı min yüz otuz bir manat yetmiş qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə borcun dəqiqləşdirilməsi üçün vaxt istəmiş və iştirak etdiyi sonrakı məhkəmə iclasında iddianı 6131,70 manat hissədə qəbul etdiyini və iddia tələbinin həmin hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

19. Bundan əlavə, iddiaçı cavabdehdən 3000 manat cərimənin tutulmasını xahiş etmişdir.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

21. Eləcə də, iddiaçı hüquqi xidmətə görə ödənilmiş 500 manat xidmət haqqının, 112 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,40 manat (yetmiş səkkiz manat qırx qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardımla bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 500 manat məbləğində ödəniş edilməsi ilə əlaqədar sübut məhkəməyə təqdim etməmişdir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6131,70 manat (altı min yüz otuz bir manat yetmiş qəpik) borc, 300 (üç yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,40 manat (yetmiş səkkiz manat qırx qəpik) olmaqla, cəmi 6510,10 manat (altı min beş yüz on manat on qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar