Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-58/2025 06.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqısatqı müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 16 163,52 ABŞ dolları məbləğində pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli AV013/21-BİD saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə əsasən cavabdeh Azərbaycanda qurulacaq X5 makinalarının hissələrini müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən spesifikasiyalara, çertyojlara, miqdarlara və qiymətlərə uyğun olaraq təmin etməli, iddiaçı isə müqavilə şərtlərinə uyğun ödəniş etməlidir. Adıçəkilən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin bank hesabına 48 960 Amerika dolları avans ödənişi həyata keçirilmişdir. Bunun müqabilində isə ((26676 kq + 7487 kq) x 960 Amerika dolları =) 32 796,48 Amerika dolları dəyərində mal göndərilmişdir. Qalan 16 163,52 Amerika dolları dəyərində mal isə göndərilməmişdir. Qalan 16 163,52 Amerika dolları dəyərində malın göndərilməsi üçün cavabdehə dəfələrlə şifahi xəbərdarlıq verilmiş və rəsmi yazılı pretenziya məktubu göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh heç bir halda iddiaçı ilə əlaqəyə girməmiş, elektron poçt vasitəsi ilə müraciətlərə, pretenziya məktubuna hərəkətsizlik göstərmiş və mediasiya mərhələsindəki iclasa qatılmamışdır. Cavabdehin təqsirini qəbul etdiyi elektron poçt məktubları qoşma olaraq işə əlavə olunmuşdur. Məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin tərəflər arasında həll edilməsi üçün Bakı 16 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı, müqavilədə qeyd edilən öz öhdəliklərini gecikdirdiyi halda, gecikdirdiyi hər gün üçün alıcıya sifarişin ümumi dəyərinin 0,5 %-i həcmində cərimə ödəyəcəkdir. Müqavilənin 3.3-cü bəndinə əsasən satıcı, müqavilədə qeyd edilən öhdəliklərini və ya şərtləri yerinə yetirmədikdə və öhdəliklərini 30 təqvim günü gecikdirdikdə alıcı müqaviləni ləğv edir və satıcı avans ödənişini geri qaytarmağa zəmanət verir. Müqavilənin 11.1-11.2-ci bəndinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar meydana çıxan mübahisələr danışıqlar yolu (və ya iddia) irəli sürülməklə tənzimlənmədiyi halda, həmin mübahisəyə iddiaçının olduğu yerin məhkəməsində həmin ölkənin qanunvericiliyinə uyğun olaraq baxılmalıdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 568.1, 578.1, 569.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh öhdəliyini tam icra etmədiyindən iddia tələbi irəli sürülərkən qəbul edilmiş malların daşıma xərcləri də nəzərə alınmışdır (330,4 manat).
6. Cavabdehə iddia ərizəsi və məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinin təqdim edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(113)-331/2024 nömrəli qərardadı ilə Türkiyə Respublikasının aidiyyəti məhkəməsinə məhkəmə tapşırığı göndərilmiş, Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə məhkəməyə daxil olmuş məlumata əsasən cavabdehə xx.xx.2025-ci il tarixdə məhkəmə sənədləri təqdim edilmişdir. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
8. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
9. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.
10. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
11. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.
12. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Proqasiya sazişi adlanan bu razılıq ayrıca saziş şəklində və ya ümumi müqavilənin bir bəndi kimi tərtib edilə bilər.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4 - 2.5-ci və 2.8-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... . Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).
14. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AV013/21-BİD nömrəli müqavilənin 11-ci hissəsindən görünür ki, bu Müqavilədən irəli gələn bütün mübahisələr və ixtilaflar danışıqlar və sülh yolu ilə həll olunacaq. Danışıqlar nəticəsində yaranmış mübahisəli məsələləri həll etmək mümkün olmadıqda məsələ şikayətçi tərəfin ölkəsinin məhkəməsinə bildiriləcək. Şikayətçi tərəf alıcıdırsa, nəticədə yaranan mübahisələr Azərbaycan məhkəmələrində, şikayətçi tərəf satıcıdırsa, Türkiyə məhkəmələrində həll olunacaq. Məhkəmənin qərarı qətidir və icra edilməsi hər iki tərəf üçün məcburidir.
15. Göründüyü kimi, tərəflər müqavilədən irəli gələn mübahisənin həllində iddiaçı alıcı olduğu təqdirdə, Azərbaycan məhkəmələrinin beynəlxalq səlahiyyətini – yurisdiksiyasını tanımışlar.
16. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli AV013/21-BİD nömrəli müqavilədən irəli gələn hazırkı mübahisəyə baxmaqda prosessual baxımdan səlahiyyətlidir.
17. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).
18. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.9-cu bəndinə əsasən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
19. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir.
20. Məhkəmə hesab edir ki, iddia ərizəsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına istinad olunmuş, cavabdeh iddianın hüquqi əsasını mübahisələndirməmiş, mübahisəyə tətbiq ediləcək hüquq normaları ilə bağlı hər hansı etiraz irəli sürməmişdir.
21. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli AV013/21-BİD nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçı tərəfindən verilmiş və təsdiq olunmuş icra layihələrinə əsasən Azərbaycanda təsis ediləcək X6 Qurğusu maşınlarının ehtiyat hissələrini müqavilənin tərkib hissəsi olan əlavələrdəki spesifikasiyalara, çertyojlara, miqdarlara və qiymətlərə müvafiq olaraq FCA-Bozüyük Bilecik/Türkiyə və ya tərəflər arasında razılaşdırılmış yerdə, çatdırılma şərtlərinə uyğun olaraq (“İncoterms- 2020”-yə müvafiq qaydada) təmin etməyi və satmağı, iddiaçı isə yuxarıda qeyd olunanları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavəyə əsasən 979 200 ABŞ dolları dəyərində malın spesifikasiyası razılaşdırılmış, həmin məbləğin 5 faizinin (48960 ABŞ dolları) qabaqcadan ödəniş qaydasında ödənilməsi şərtləşdirilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 48960 ABŞ dolları məbləğində pul cavabdehin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli EP ******* seriya və nömrəli inzibati xəta protokoluna əsasən xx.xx.2021-cü il tarixdə iddiaçı tərəfindən xaricə köçürülmüş 48960 ABŞ dolları məbləğində pul üzrə 15974,98 ABŞ dolları vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır.
25. İddiaçı xx.xx.2021-ci il tarixli AV013/21-BİD nömrəli alqı-satqı müqaviləsi üzrə 16163,52 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
26. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
27. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
29. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
30. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
31. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
32. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
34. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
35. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
36. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.
37. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
38. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn, əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir. Bu mənada göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli AV013/21-BİD nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etdiyini – 15974,98 ABŞ dolları dəyərində razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir.
39. İddiaçı əlavə olaraq qəbul edilmiş malların daşıma xərcini tələb etsə də, xx.xx.2021-ci il tarixli AV013/21-BİD nömrəli alqı-satqı müqaviləsinin 9-cu bəndinə əsasən, Alıcı müqavilənin şərtlərinə uyğun olaraq materialların Satıcıya məxsus fabrikdən quraşdırma yerinə daşınması zamanı bütün xərc və riskləri öz üzərinə götürməli və malları sığortalamalıdır.
40. Göründüyü kimi, daşıma xərclərinin iddiaçı tərəfindən qarşılanması nəzərdə tutulmuşdur. Odur ki həmin hissədə iddia təmin edilə bilməz.
41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
46. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2021-ci il tarixli AV013/21-BİD nömrəli alqı-satqı müqaviləsi üzrə 15974,98 ABŞ dolları borc cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”ndən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
47. İddiaçı 200 manat mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-01920 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
49. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
50. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
51. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
52. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”ndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə “X3 Sanayi ve Ticaret Anonim Şirketi” arasında bağlanmış 25 avqust 2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə 15974,98 ABŞ dolları məbləğində pul cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”ndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”ndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova