Məhkəmə qərarları › İş №e-2-2(113)-5801/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5801/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5801/2023 30.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN: **********) təbii qazdan istifadəyə görə yaranmış 3.603,21 manat məbləğində əsas borcun və 60 manat ödənilmiş rüsum xərcləri, 3.663,21 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Ağdaş rayonunda yerləşən Cavabdeh MMC-yə məxsus istixana (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla **********00001 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh MMC arasında sonuncu dəfə xx.xx.2020-ci il tarixli AMX-4355/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh MMC-yə məxsus qeyri-yaşayış sahəsində uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00001 saylı saylı qaz hesabında 3.603,21 manat həcmində borc olmuşdur. Belə ki, göstərilən borc G-650 markalı 83052694 nömrəli sayğacın 100723 m3 mexaniki və 267058 m3 göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları təsdiqlənmiş və həmin borc mübahisələndirilmir. Tələb olunan debitor borc ödənilmədiyindən cavabdeh müəssisənin təbii qaz təchizatı xx.xx.2023-cü il tarixdə qaynaq vasitəsilə dayandırılmışdır. Tələb olunan 3.603,21 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh MMC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "Azəriqaz" İB ilə Cavabdeh MMC arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, AMX-4355/20 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, qazın alqı-satqısı üzrə Cavabdeh MMC-nin X1 İdarəsinə (Qİİ) xx.xx.2023-cü il tarixə borcu 3.603,21 manat təşkil edir. Akt X1 İdarəsi və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Abonent saldosuna əsasən **********00001 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə 2023-cü ilin aprel ayının sonuna ödənilməmiş borc qalığı 3.603,21 manat təşkil edir. "Azəriqaz" İB pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə yaranmış 3.603,21 manat debitor borcun 3 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Azəriqaz" İB (paylayıcı) ilə istehlakçı Cavabdeh MMC (istehlakçı) arasında xx.xx.2020-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 3.603,21 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, iddia tələbi təmin edilməli, cavabdehdən 3.603,21 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 56,03 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3.603,21 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc, mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar