Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5801/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc və dəymiş zərər tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satmağı, alıcı isə məhsulu satıcıdan qəbul etməyi və müqabilində satıcıya X1 nəzərdə tutulmuş dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.1. 3.1-ci bəndinə görə məhsulun hər partiya üzrə sifarişi alıcının şifahi, yazılı və ya rəsmi elektron məktubla müraciətinə əsasən satıcının səlahiyyətli nümayəndəsi tərəfindən dərhal mobil POS terminalında qeydiyyat aparmaqla təyin olunur. X1 müəyyənləşdirilmiş qiymətləri ilə hesablanmış sifariş qiyməti müəyyən edilir və sifariş satıcı tərəfindən təsdiq olunur. Məhsulun miqdarı, çeşidi, markası ilə bağlı müddəalar Sifarişlə razılaşdırılır; 1.2. 3.2-ci bəndinə görə məhsul satıcı tərəfindən sifarişin təsdiq olunmasından sonra 2 gün ərzində alıcının çatdırılma məntəqəsinə satıcının hesabına çatdırılır; 1.3. 3.3-cü bəndinə görə məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu satıcının müvafiq POS terminaldan çıxarışı – satış fakturası, təhvil-təslim aktı, qaimə faktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir: a) kəmiyyət çeşid üzrə - fakturaya müvafiq olaraq məhsul vahidlərinin, tara və qablaşdırmanın yoxlanılması, yenidən sayılma, ölçülmə və ya çəkilməsi yolu ilə; b) keyfiyyət üzrə mexaniki zərər aşkar etmək üçün məhsulun hər bir vahidinə və ya tara və qablaşdırmasına vizual baxış keçirmək yolu ilə; 1.4. 3.5-ci maddəsinə əsasən, satıcı məhsulu müvafiq satış fakturası (və ya təhvil-təslim aktı, qaimə-faktura, elektron-qaimə-faktura) əsasında alıcıya təhvil verir, alıcı bu müqaviləyə uyğun olaraq məhsulu satıcıdan nağd və ya nisyə (kredit) satış qaydasında satış qaydasında satış fakturasını imzalamaqla qəbul edir. 1.5. 4.1-ci bəndinə görə müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı Qiymət təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə Qiymət təklifinin göndərildiyi gündən 3 gün ərzində etiraz verə bilər. Əks təqdirdə qiymətlər razılaşdırılmış hesab edilir. 1.6. 4.3-cü bəndinə görə müqavilə üzrə ödənişlər aşağıdakı qaydada aparılır: 4.3.1. nağd satış qaydasında: Məhsulun satıcıya bilavasitə təhvil verilməsi anında satıcı tərəfindən təqdim olunan ödəniş sənədi (kassa mədaxil orderi və qəbzi) əsasında nağd ödəniş qaydasında və ya məhsulun təhvil-təslim edildiyi andan etibarən 2 iş günü ərzində hesablaşma hesabına köçürmə yolu ilə; 4.3.2. nisyə satış qaydasında: Nisyə satış formasında ödəniş satıcı tərəfindən təqdim olunan elektron hesab-fakturaya və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən malın alıcı tərəfindən qəbul edildiyi tarixdən etibarən 14 təqvim günü ərzində alıcı tərəfindən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır. Müqavilənin nisyə satış qaydasında ödəniş şərtləri aşağıdakı müddəalar nəzərə alınmaqla müəyyənləşdirilir: 4.3.2.1.satıcı tərəfindən alıcının ödəmə qabiliyyətinə müvafiq olaraq kredit limiti (borc həddi) təyin edilir. Kredit limiti (borc həddi) dedikdə, nisyə satış qaydasında satılan məhsulun dəyərinin ödənilməsində alıcıya müəyyən borc məbləği həddində güzəşt edilməsi başa düşülür. Kredit limitinin məbləği satıcının mülahizəsinə əsasən alıcının ödəmə qabiliyyətinə müvafiq olaraq fərdi təyin olunur və müqvilənin qüvvədə olduğu müddət ərzində depozit borcu olaraq dondurulur; 4.3.2.2. nisyə satış qaydasında alıcı tərəfindən aparılan ödənişlər kredit limiti nəzərə alınmaqla nağd ödənişlər üçün nəzərdə tutulmuş müddət ərzində hər ay tam icra edilməlidir. Əks təqdirdə alıcının yeni məhsul sifarişləri satıcı tərəfindən təsdiq edilməyəcəkdir; 4.3.2.3.nisyə satış formasında alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə formasında hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) alamaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı daşıyır; 4.3.2.4.alıcı tərəfindən məhsulun faktura ilə müəyyən edilmş dəyəri nağd və ya köçürmə yolu ilə alıcı tərəfindən ödənilir. Əgər tərəflər arasında borc yaranarsa satıcı malın dəyərinin ödənilməsini qarantiyaya alınması məqsədilə alıcıya qarşı borcun etirafı haqqında ərizə, akt tətbiq edə bilər.
2. İddiaçı tərəfindən cavabdehə - cəmi 4102 manat ödənişlə bağlı EBDS seriyalı, 169798 nömrəli, xx.xx.2023-cü il tarixli və cəmi 2354 manat ödənişlə bağlı EBDS seriyalı, 544187 nömrəli, xx.xx.2023-cü il tarixli elektron-qaimələr göndərilmişdir.
3. Bundan başqa, tərəflərin nümayənələrinin imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli satış fakturası ilə cavabdehə 4102 manat dəyərində, xx.xx.2023-ci il tarixli satış fakturası ilə 2354 manat dəyərində mal verildiyi təsdiq edilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı müqavilə üzrə ödənilməmiş 6434 manat pulun və 84,34 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli, 10823/23 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 6434 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 6434 manat hissəsini bu günədək ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
23. Qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
24. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı öhdəliyini yerinə yetirərək cavadehin sifariş etdiyi malları ona təhvil vermişdir. İşin bu halı tərəflərin imzaladıqları xx.xx.2023 və xx.xx.2023-cü il tarixli Satış fakturaları ilə öz təsdiqini tapır. Həmçinin, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.5-ci bədindən görünür ki, malların cavabdehə təhvil verilməsi digər üsullarla bərabər, həm də elektron-qaimə-fakturanın verilməsi ilə şərtləndirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 4102 manat ödənişlə bağlı 169798 nömrəli, xx.xx.2023-cü il tarixli və 2354 manat ödənişlə bağlı, 544187 nömrəli, xx.xx.2023-cü il tarixli 2 ədəd elektron qaimə-faktura göndərilmişdir. İş materiallarına əlavə edilmiş satış fakturaları və elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cəmi 6456 manat dəyərində müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmişdir. Beləliklə, şərh edilənlərdən görünür ki, iddiaçı müavilə öz öhdəliyini tam icra edərək malları təhvil vermişdir.
26. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş, aldığı mallarla bağlı ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən alınan malların dəyərinin ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdeh göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 6434 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 84,34 manat məbləğində dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Müqavilə üzrə ödənilməmiş 6434 (altı min dörd yüz otuz dörd manat) məbləğində borc və ödənilmiş 84,34 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı