Məhkəmə qərarları › İş №e-2-2(113)-5803/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5803/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5803/2021 17.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən ödənilməmiş 748 ABŞ dolları sığorta haqqının qətnamə icra olunan günə olan AR Mərkəzi Bankının məzənnəsinə uyğun hesablanaraq (1271,60 manat), ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar 34,4 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1362 (bir min üç yüz altmış iki) manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sığortaçı) "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında 22.07.2020-ci il tarixində 1 il müddətinə Lİ1551-EM01SX saylı “Könüllü tibbi sığorta” növündə sığorta müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsinə əsasən sığorta haqqının məbləği 4 hissə olaraq - ayrılıqda 31.07.2020, 31.08.2020, 31.09.2020 və 31.10.2020-ci il tarixlərində, hər birində 374 ABŞ dolları (635,8 manat) olmaqla, ümumilikdə 1496 ABŞ dolları (2543,2 manat) təşkil etmişdir. Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq sığorta haqqının ilk iki hissəsi ödənilmiş, lakin 748 ABŞ dolları, yəni 1271,60 (bir min iki yüz yetmiş bir manat altmış qəpik) manat hissəsi isə ödənilməmiş olaraq qalmışdır. Öhdəliyin icra edilməsi üçün qarşı tərəfə dəfələrlə ödəniş etmək təklifi ilə müraciət edilmişdir. Bundan savayı qarşı tərəfə 06.08.2021-ci il tarixdə mübahisənin həlli üçün pretenziya məktubu göndərilmiş, lakin müqavilədə nəzərdə tutulan 20 gün keçməsinə baxmayaraq, qarşı tərəf öhdəliyini yerinə yetirməmişdir. Daha sonra iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh ASC-dən ödənilməmiş 871,60 manat sığorta haqqı və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat olmaqla, ümumilikdə 931,60 (doqquz yüz ituz bir manat altmış qəpik) manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - Sığortaçı qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı qismində Cavabdeh arasında 22.07.2020-ci il tarixli, Lİ1551-EM01SX nömrəli Könüllü tibbi sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Sığortaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 17.03.2009-cu il tarixdə razılaşdırılaraq təsdiq edilmiş Könüllü Tibbi Sığorta Qaydalarına uyğun hərəkət edərək Sığorta Şəhadətnaməsi almış Sığorta olunanları Könüllü Tibbi Sığorta Proqramı ilə təmin etməyi, onlara göstəriləcək tibbi yardımın təşkilini və ödənilməsini öz üzərinə götürür. Könüllü Tibbi Sığorta X2 Sığorta Qaydalarına əsasən tərtib edilmişdir və Sığortalı ilə razılaşmaya əsasən Könüllü Tibbi Sığorta Qaydalarında nəzərdə tutulmuş təminatdan daha məhdud və ya daha geniş təminat verilə bilər. Müqavilənin 7.10-cu bəndinə əsasən ödəmə Sığortalının bank hesabına köçürmə yolu ilə ildə dörd dəfə (ardıcıl birinci dörd ay ərzində) ediləcək: 1-ci hissə - 31.07.2020 - 374 ABŞ dolları; 2-ci hissə - 31.08.2020 - 374 ABŞ dolları; 3-cü hissə - 30.09.2020 - 374 ABŞ dolları; 4-cü hissə - 31.10.2020 - 374 ABŞ dolları. - Lİ1551-EM01SX nömrəli Tibbi sığorta şəhadətnaməsində qeyd edilmişdir ki, bu Tibbi sığorta şəhadətnaməsi sığortaçı ilə sığortalı arasında 1 il müddətinə bağlanmış 22.07.2020-ci il tarixli, Lİ1551-EM01SX nömrəli Könüllü tibbi sığorta müqaviləsini təsdiq edir. Sığorta təminatının müddəti 22.07.2020-ci il tarixdən 22.07.2021-ci il tarixinədək müəyyən edilmişdir. Ümumi sığorta haqqı 1496 ABŞ dolları təşkil edir. Ödəniş qaydası sığorta haqqı bank hesabına köçürmə yolu ilə ildə 4 dəfə 1-ci hissə - 31.07.2020 - 374 ABŞ dolları; 2-ci hissə - 31.08.2020 - 374 ABŞ dolları; 3-cü hissə - 30.09.2020 - 374 ABŞ dolları; 4-cü hissə - 31.10.2020 - 374 ABŞ dolları ödəniləcəkdir. - İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş hesabdan çıxarışlardan görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin bank hesabına 29.07.2020-ci il tarixdə 635,80 manat, 24.08.2020-ci il tarixdə 635,80 manat köçürülmüşdür. - İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş hesaba mədaxil sənədindən görünür ki, 09.12.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin bank hesabına Lİ1551 nömrəli müqavilə üzrə 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla cavabdehə müraciət edilərək borcun 5 (beş) müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 903.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 903.6-cı maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Azərbaycan Respublikası “Tibbi Sığortalar haqqında” qanunun: 1-1.1-ci maddəsinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. 4.2-ci maddəsinə əsasən Könüllü tibbi sığorta müqaviləsi - qanunvericilikdə müəyyən olunmuş qaydada sığortalı sığortaçılar arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir. Azərbaycan Respublikası “Tibbi Sığortalar haqqında” qanununun 6.2.1-ci maddəsinə əsasən sığortalı sığorta haqlarını vaxtında ödəməlidir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdehndən 871,60 (səkkiz yüz yetmiş bir manat altmış qəpik) manat sığorta haqqı məbləği "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 871,60 (səkkiz yüz yetmiş bir manat altmış qəpik) manat sığorta haqqı və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 931,60 (doqquz yüz ituz bir manat altmış qəpik) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar