Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5805/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı müqavilənin ləğvi, lizinq avadanlığının geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, müqaviləyə xitam verilməsi, borc tələbi, lizinq obyektinin qaytarılması) X14 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı müqavilənin ləğvi, lizinq avadanlığının geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 08 aprel 2024-cü il tarixli GL1261 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X11 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd 210 sm-lik Frez mala Seriya №1206600 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 813,50 manat gecikdirilmiş əsas borcu, 53,32 manat cərimə borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 aprel 2024cü il tarixli GL1261 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 24 ay müddətinə ödəmə şərti ilə 3463,20 manat lizinq məbləği 1 ədəd 210 sm-lik Frez mala Seriya№1206600 avadanlığı lizinqə verilmişdir. Qeyd olunan lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 7100 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 1420 manat ilkin ödəniş və 389,63 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2025-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 813,50 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 % miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə 53,32 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə 1393 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 813,50 manat gecikdirilmiş əsas borcu, 53,32 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2025-ci il tarixə cavabdeh 870 manat ödəniş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 və 445.2.1, 748-1.5, 748-1.11, 748-1.12.4,748-2.3-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, tərəf 2025-ci ilin yanvar ayından öfdəniş etmir. Son ödəniş 2024-cü ildə edilmişdir. Ümumilikdə 2646 manat cavabdeh tərəfindən 08 aprel 2026-cı ilə kimi ödəniş qrafiki üzrə qalan borcdur.813 manat gecikmə məbləğdir. 870 manat 2025-ci ilin yanvar ayının 1-nə kimi ödənilmişdir.Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: Lizinq Verən İddiaçı ASC ilə Lizinq X2 arasında bağlanmış GL 1261 nömrəli, 08 Aprel 2024-cü il tarixli X3 verən X8 alanın müraciəti əsasında Lizinq Ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin müddəalarına uyğun olaraq Lizinq alanın istifadəsinə təqdim edir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu X9 Tarixində qüvvəyə minir və ona bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə vaxtından əvvəl xitam verilməsi hallan istisna olmaqla. Tərəflərin bu Müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərinin tam şəkildə icra edilməsinədək qüvvədə qalır. Lizinq verənə vurulmuş zərərin əvəzinin Lizinq alan tərəfindən Lizinq verənə ödənilməsini ehtiva edən müddəalar bu Müqaviləyə xitam verildikdən sonra da öz hüquqi qüvvəsini saxlayır. Müqavilənin 5.2-ci bəndinə əsasən lizinq Obyektinin Lizinq verən tərəfindən Lizinq alana təhvil verilməsi Lizinq verənin və Lizinq alanın səlahiyyətli nümayəndələri tərəfindən Təhvil-Təslim Protokolunun imzalanması ilə həyata keçirilir. Müqavilənin 19.2-ci bəndinə əsasən defolt Hallarının baş verməsi zamanı Lizinq verən bu Müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda Lizinq verən Lizinq alana yazılı bildiriş verməklə Lizinq alandan Lizinq Obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və Lizinq Obyektinin geri qaytarılması tarixinədək bu Müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin (o cümlədən heç bir məhdudiyyət qoyulmadan həmin tarixədək ödənilməli olan Lizinq ödənişlərini, dəbbə pulu və Lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərclər) Lizinq verənə tam şəkildə ödənilməsini və ya Lizinq verənin müstəsna mülahizəsi və seçimi əsasında Lizinq Obyektinin aşağıdakı pul məbləğlərinin tam şəkildə və birdəfəlik ödənişlə Lizinq verənə ödənilməsi şərtilə Lizinq alan tərəfindən alınmasını tələb edə bilər: bu Müqavilədə müəyyən edilmiş Ödənilməli olan Lizinq ödənişləri; defolt Halı ilə bağlı olaraq bu Müqaviləyə xitam verilməsi ilə əlaqədar Lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərc, ödənişlər və X17; bu Müqavilədə müəyyən edilmiş miqdarda dəbbə pulu; texnikanın dəyərinin 10%-i məbləğində cərimə. X12 ödənilməsi məqsədi ilə, Defolt Halı baş verdikdən və X13 verənə qaytarıldıqdan sonra, X13 verən tərəfindən seçilən qiymətləndirici tərəfindən qiymətləndirilərək 2 ay ərzində satılmalıdır. Lizinq Verən İddiaçı ASC ilə Lizinq X2 arasında bağlanmış GL 1261 nömrəli, 08 Aprel 2024-cü il tarixli Lizinq Müqaviləsinə 1 saylı Əlavəyə əsasən 210-sm-lik Frez mala, Köylü Seriya/şassi markalı, ******* nömrəli avadanlığın 1 ədədinin qiyməti 7100 manat, ilkin ödəniş məbləği 1420 manat, güzəşt məbləği 2216,80 manat, komissiya məbləği 389,63 manat təşkil edir. Kredit məbləği 3463,20 manat, ilkin ödənişin məbləği 1420 manatdır. Müştəri 389,63 manat komissiya olaraq İddiaçı ASC-yə ödəyir. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X7 İddiaçı ASC qarşısında 08 aprel 2024-cü il tarixli GL1261 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xəli iiə verilən subsidiya tətbiq edilən X10 Müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər ümumilikdə 2646,52 manat öhdəliyi vardır. İddiaçı ASC tərəfindən tərtib edilmiş GL 1261 nömrəli, xx.xx.2024 tarixli Lizinq Müqaviləsinin ödəniş cədvəlinə əsasən X7 24 ay müddətinə hər ayın 8-zi 144,30 manat ödəməlidir. Kredit müqavilə üzrə ödəniş günü qeyri iş günü olduqda növbəti iş günü ödənilə bilər.Ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,1% cərimə hesablanaraq tutulacaqdır. Bu 1 saylı X5 əlavə edilir və onun ayrılmaz tərkib hissəsidir. İddiaçı ASC tərəfindən X4 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda xx.xx.2024 -cü il tarixli lizinq müqaviləsi üzrə cavabdehin əsas borc üzrə 864,18 manat əsas, 50,68 manat cərimə olmaqla ümumilikdə 914,86 manat borcun ödənilməsi tələb edilmiş, əks halda öhdəlikləri icra etmədi təqdirdə lizinq müqaviləsinə xitam verilməsi, pul tələbi, lizinq obyektinin mülkiyyətçiyə saz və işlək vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında X10 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı GL 1261 nömrəli, 08 Aprel 2024-cü il tarixli müqavilə üzrə lizinq predmeti olan 1 ədəd 210 sm lik Frez mala Seriya №1206600 avadanlığı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmiş və bununla da cavabdehin iddiaçıya 813,50 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də 08 aprel 2024-cü il tarixli GL1261 saylı lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 813,50 manat gecikdirilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan Cavabdeh2 lizinq haqqını ödəmək öhdəliklərini tam şəkildə icra etməyərək, ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişlər etmədiyindən, İddiaçı ASC lizinq obyekti olan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb etməkdə də haqlıdır. Buna görə də həmin hissədə iddia təmin olunmalıdır. Həmçinin iddiaçı cavabdehdən 53,32 manat cərimənin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 53,32 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də kreditorun mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 53,32 manat cərimə məbləği tutulmalıdır. Bundan başqa iddiaçı tərəf xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə poçt vasitəsi ilə göndərmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 08 aprel 2024-cü il tarixli GL1261 nömrəli lizinq müqaviləsinin ləğv ediləcəyi, borcun və əlavə xərclərin məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmiş, əks təqdirdə müqavilənin ləğv ediləcəyini bildirmişdir. Buna görə də məhkəmə, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün xx.xx.2025-ci il tarixdə iddiaçının qarşı tərəfə müqavilənin ləğvi barədə öz iradə ifadəsini bildirməsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyə uyğun olaraq, “Ləğvetmə”nin xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılmasını, yəni xitam verilməsi halını ehtiva etdiyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 08 aprel 2024-cü il tarixli GL1261 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X11 Müqaviləsi xitam verilmiş hesab edilməlidir. Qeyd olunanlardan da aydın olur ki, iddiaçı tərəfindən müqavilə, qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında 08 aprel 2024-cü il tarixli GL1261 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X11 Müqaviləsi xitam verilmiş hesab edilsin. Cavabdeh2 tərəfindən lizinq predmeti olan 1 ədəd 210 sm lik Frez mala Seriya №1206600 avadanlığı saz və işlək vəziyyətdə İddiaçı ASC-yə geri qaytarılsın. Cavabdeh2 813,50 manat əsas, 53,32 manat cərimə olmaqla, ümumilikdə 866 (səkkiz yüz altmış altı) manat 82 (səksən iki) qəpik pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5805/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5805/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver