Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5808/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəfərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 12488,70 (on iki min dörd yüz səksən səkkiz manat yetmiş qəpik) manat əsas borc və 127 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasındamüxtəlif qida və qida xammallarının dövriyyəsi olmuşdur. Məxaric qaimələri üzrə göstərilən mallar cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı MMC ilə cavabdeh X4 arasında ümumilikdə 21234 manatlıq dövriyyə olmuş, lakin cavabdeh tərəfindən cəmi 8745,30 (səkkiz min yeddi yüz qırx beş manat otuz qəpik) manat ödəniş edilmişdir. Öhdəliklərinin icra edilməsi ilə bağlı cavabdehin ünvanına 03 iyul 2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Ərizəyə əlavə etdiyimiz maliyyə arayışına əsasən, alıcının əsas borcu 12488,70 (on iki min dörd yüz səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı tərəfindən cavabdehə, 02 oktyabr 2023-cü il tarixli 22219 №-li məxaric qaiməsinə əsasən 42,70 manat məbləğində, 16 oktyabr 2023-cü il tarixli 23460 №-li məxaric qaiməsinə əsasən 928 manat məbləğində, 19 oktyabr 2023-cü il tarixli 23857 №-li məxaric qaiməsinə əsasən 85,40 manat məbləğində, 19 oktyabr 2023-cü il tarixli 23881 №-li məxaric qaiməsinə əsasən 86 manat məbləğində, 06 noyabr 2023-cü il tarixli 25319 №-li məxaric qaiməsinə əsasən 771,70 manat məbləğində, 15 noyabr 2023-cü il tarixli 26055 №-li məxaric qaiməsinə əsasən 562,10 manat məbləğində, 05 dekabr 2023-cü il tarixli 27643 №-li məxaric qaiməsinə əsasən 396,20 manat məbləğində, 19 dekabr 2023cü il tarixli 28901 №-li məxaric qaiməsinə əsasən 222,40 manat məbləğində mallar təhvil verilmişdir.
9. Kassa mədaxil orderlərinə əsasən 2023-cü ilin mart-sentyabr ayları ərzində X6 tərəfindən İddiaçı MMC-nin hesabına 8745,30 manat məbləğində ödəniş edilmişdir.
10. xx.xx.2024-cü il tarixli təhvil-təslim Aktına əsasən X2 İddiaçı MMC-yə xx.xx.2024cü il tarixinə olan borcunun 12488,70 manat olduğu müəyyən edilmişdir. Akt məsul şəxs kimi X4 və digərlərinin imzası ilə təsdiq edilmişdir.
11. 06.09.2024-cü il tarixli maliyyə arayışına əsasən “Emil şirniyyat” adlı müştəri ilə aramızda mal dövriyyəsi olmuşdur. Fəaliyyət dövründə müştəri ilə müəyyən dövriyyə yaranmışdır. Lakin son zamanlar müştəri borcunu şişirərək ödəniş edə bilməmişdir. Fəaliyyəti dövründə müştəri ilə 21 234 AZN məbləğində mal dövriyyəsi olmuşdur. Lakin sadəcə 8 745.30 AZN ödəniş - edilmişdir. Son qaimə xx.xx.2023 - cü il tarixində getmişdir və həmin zamandan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 12 488.70 AZN məbləğində müəyyən edilmişdir.
12. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi imzalanmış və müştəri qeyri-rəsmi olduğuna görə ona elektron qaimələr göndərilməmişdir. Qismi ödənişlər isə nağd qaydada həyata keçirilmişdir. Tərəflər arasında cəmi 21234 manatlıq dövriyyə həyata keçirilmiş, bu məbləğlərdən cavabdeh tərəfindən 8745,30 manat ödəniş edilmiş, qalan məbləğlərə dair ödənişlər həyata keçirilməmişdir.
14. Azərbaycan Respublikasının 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
15. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
16. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir.
17. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – məxaric qaimələri, təhvil-təslim aktı və qismi ödənişlər ilə təsdiq olunduğu üçün 12488,70 manat borca dair iddia tələbi təmin edilməlidir.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 12488,70 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12488,70 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 127 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənişlər edilmişdir.
26. Azərbaycan Respublikası MPM-in:
27. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
29. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində ödənilmiş 127 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh X1 12488,70 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 127 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər..
Hakim Günay Namazova