Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5812/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi İsmailova Leilinin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, ödənilməmiş sığorta haqqı borcu üzrə 17159,83 manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin göstərilməsinə görə haqqın əvəzi olaraq ödənilmiş 210 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli Əlavə bağlanmış, Əlavənin qüvvədə olma müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixə kimi olmuşdur. Lakin cavabdeh QH********** nömrəli Əlavə üzrə yaranmış 17159,83 manat məbləğində sığorta haqqı borcu ödənilmədiyindən borcun xx.xx.2023-cü il tarixinədək ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən xx.xx.2023-cü il tarixli 0073-23 nömrəli pretenziya məktubu ilə ödəniş üçün yeni müddət müəyyən edilmiş, lakin sığorta haqqı borcu bu günədək ödənilməmişdir. xx.xx.2023-cü il tarixində QH********** nömrəli Əlavənin qüvvədə olma müddəti başa çatmışdır. Nəzərinizə çatdırırıq ki, sığortalı ilə imzalanmış xx.xx.2022-ci il tarixli **********078 nömrəli müqavilənin 9.2.1-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi mövcuddur. Eyni zamanda hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə sığorta haqqının ödənilməsinə dair mübahisənin mediasiya vasitəsilə aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə mübahisənin mediasiya sessiyasında həll edilməsi mümkün olmamış, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşuq. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi İsmailova Leili iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMC-yə cəmi 20059,83 manat məbləğində sığorta haqqı hesablanmış, sonuncu 2900 manat məbləğində ödəniş etsə də, 17159,83 manat məbləğində sığorta haqqı borcu ödənilmədiyindən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında bağlanmış **********078 saylı İstehsalatda bədbəxtə hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh MMC-də işləyən şəxslərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinin illik QH********** nömrəli qoşmasından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh MMC-yə ümumilikdə 11346,84 manat məbləğində icbari sığorta xidməti göstərmişdir. xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinin illik QH**********/1 nömrəli qoşmasından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh MMC-yə ümumilikdə 8712,99 manat məbləğində icbari sığorta xidməti göstərmişdir. xx.xx.2023-cü il tarixli 1560 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 210 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci və 903.1-ci maddələrinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında icbari sığorta müqaviləsi bağlanmış, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 20059,83 manat məbləğində sığorta haqqı hesablanmış, Cavabdeh MMC həmin borcdan 2900 manat məbləğində vəsaiti ödəsə də, 17159,83 manat məbləğində sığorta haqqı borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının İddiaçı Sığorta Şirkəti ASC-nin 17159,83 manat və 210 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən sığorta haqqı olan 17159,83 manat və 210 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən sığorta haqqı olan 17159,83 manat və 210 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5812/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5812/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver