Məhkəmə qərarları › İş №e-2-2(113)-5827/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5827/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5827/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 9271,7 manat əsas borcun, 6100,6 manat cərimə məbləği, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 136.1 manat pulun tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş 1 saylı Əlavəyə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavəyə əsasən taxta altlığın bir ədədinin dəyəri 28.32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 8252,26 manat məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28.32 manat olan 36 ədəd taxta altlığı iddiaçıya geri qaytarmamışdır. Cavabdehin təhvil aldığı, lakin dəyərini ödəmədiyi malların ümumi məbləği 9271,7 manat təşkil edir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 6100,6 manat təşkil edir. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərərək borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Lakin, hal-hazırkı tarixədək borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.05 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, 9271.7 manat əsas borcu qəbul edir, 6100 manat cərimə ilə razı deyil.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: 7.Holcim Azərbaycan ASC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanan 08 fevral 2021-ci il tarixli ********** nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Satıcı 3-cü maddədə göstərilən və gələcəkdə Mal adlandırılacaq sement növünü alıcıya satır, Alıcı isə malı alır və dəyərini ödəyir. 4.1-ci bəndinə əsasən, Alıcı hər malın dəyərini vergilər daxil olmaqla əvvəlvədən Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirir. 9.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtıvaxtında qəbul etmək və malın dəyərini vaxtında ödəmək, ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0.1 faiz cərimə və yarana biləcək administrativ xərcləri ödəmək Alıcının vəzifəsidir.

8. 08 fevral 2021-ci il tarixli ********** nömrəli Alqı-Satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən 31 dekabr 2021-ci il tarixinə kimi malların qiymətləri (çatdırılma və ƏDV daxil) bu formada müəyyən olunmuşdur: Qaradağ Optimal kisə -137.50 manat, Qaradağ Spesial kisə - 152 manat, Qaradağ Sprint kisə - 160 manat, Qaradağ Unikal kisə - 160 manat, Altlıqlar 28.32 manat. Əlavənin 3.1-ci bəndinə əsasən, Satıcı Alıcıya onun orta aylıq tələbatını nəzərə alaraq 7000 manat əsas kredit müəyyənləşdirir.

9. Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh təqdim edilmiş xx.xx.2021-ci il tarixli EBAX seriyalı 428984 nömrəli Elektron qaiməyə əsasən, ödənilməli olan yekun məbləğ 4176.12 manat, 08 aprel 2021-ci il tarixli EBAZ seriyalı 805446 nömrəli Elektron qaiməyə əsasən, ödənilməli olan yekun məbləğ 4176.12 manat, 21 oktyabr 2021-ci il tarixli EBBL seriyalı 105355 nömrəli Elektron qaiməyə əsasən ödənilməli olan yekun məbləğ 1019.52 manat təşkil etmişdir.

10. Altlıqların təhvil təsliminə dair xx.xx.2021-ci il tarixli sənədə əsasən, 18 ədəd Altlıq, xx.xx.2021-ci il tarixli təhvil-təslim sənədinə əsasən 18 ədəd Altlıq Cavabdeh tərəfindən təhvil alınmışdır.

11. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 37 manat rüsum ödənilmişdir.

12. Bakı 3 X5 tərəfindən verilən “X3 İştirak Edilməməsi” barədə arayışdan görünür ki, Holcim (Azərbaycan) ASC tərəfindən 100 manat mediasiya xərci ödənilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqısatqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə mallar (sement məhsulları və altlıqlar) satılmışdır, cavabdeh həmin malları qəbul etmiş, lakin dəyərini lazımı qaydada ödəməmişdir. Cavabdehin 05 dekabr 2023-cü il tarixli məhkəmə iclasında 9271.7 manat əsas borcu qəbul etməsini, nəticədə tərəflər arasında əsas borc ilə bağlı mübahisə olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tələbi təmin edilməli, Cavabdehdən 9271.7 manat pul tutularaq iddiaçıya ödənilməlidir. 17.Məhkəmə iddiaçı tərəfindən tələb edilən 6100.6 manat məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

19. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 463.58 manat məbləğində dəbbə pulu tutulmalıdır.

20. İddiaçı tələbində eyni zamanda ödənilmiş dövlət rüsumu və mediasiya xərci olaraq 136.1 manat pul məbləğinin də cavabdehdən tutulmasını xahiş edir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 22.“Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 23.Qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən İddaçının xeyrinə mediasiya xərci və dövlət rüsumununa görə 136.1 manat pul məbləği tutulmalıdır. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9271.7 manat (doqquz min iki yüz yetmiş bir manat yetmiş qəpik) əsas borc, 463.58 (dörd yüz altmış üç manat əlli səkkiz qəpik) manat cərimə, dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 136.10 manat (yüz otuz altı manat 10 qəpik) pul məbləği tutularaq İddiaçı "xxxx" ASC–yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar