Məhkəmə qərarları › İş №e-2-2(113)-583/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-583/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-583/2020 05.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X5 İnvestisiya Korporasiyası” ASC-yə qarşı “pul” tələbinə dairiddiası üzrə iqtisadi mübahisəyə qiyabi icraat qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh «X5 İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14059,74 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün 500 manat cərimənin, hüquqi yardıma görə ödənilmiş 200 manatın və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 14 789,74 pul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “X5 İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12S saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi “X5 İnvestisiya Korporasiyası” ASC-yə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. xx.xx.2013-cü il tarixli 12S saylı müqavilənin 4.1-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesabfaktura təqdim edildikdən 5 (beş) iş günündən gec olmayaraq aparmalıdır. “X5 İnvestisiya Korporasiyası” ASC-yə məxsus avtonəqliyyat vasitələri **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərində və **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2018, xx.xx.2019-ci il tarixlərdə göstərilmiş xidmətlərin dəyəri, ümumilikdə 14059,74 manat olmaqla ödənilməmiş, nəticədə İddiaçı MMC-yə 14 059,74 manat borcu yaranmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2019-cu il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-583/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə cavabdeh “X5 İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12S saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyəəsasən icraçı tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. xx.xx.2013-cü il tarixli 12S saylı müqavilənin 4.1-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 (beş) iş günündən gec olmayaraq aparmalıdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli ********** nömrəli, xx.xx.2018-ci il tarixli ********** nömrəli, xx.xx.2018-ci il tarixli ********** nömrəli, xx.xx.2018-ci il tarixli ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli təmir aktlarında və razılaşdırma protokollarından görünür ki, cavabdeh “X5 İnvestisiya Korporasiyası” ASC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən cavabdehə məxsus nəqliyyat vasitələrinə ümumilikdə 14676.25 manat dəyərində xidmət göstərilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli İddiaçı MMC tərəfindən “X5 İnvestisiya Korporasiyası” ASC-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə yaranmış 14059,74 manat borcun ödənilməsi xahiş edilmiş, göstərilən borc ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “X5 İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12S saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsaslanan öhdəlik hüququ münasibətləri yaranmışdır. İddiaçı müqavilədə göstərilmiş xidmətləri göstərərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, görülmüş işlərin dəyərini tam ödəməmiş, sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “X5 İnvestisiya Korporasiyası” ASCmüqavilə üzrə İddiaçı MMC-yə olan borcu 14059,74manat təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə mübahisəli müqaviləyə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “X5 İnvestisiya Korporasiyası” ASC-dən 14059,74 manat tutularaq İddiaçı MMC-yəödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək müvafiq xidmətləri göstərdiyindən, cavabdeh müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində tam yerinə yetirmədiyindən tərəflər arasında xx.xx.2013-cü il tarixli 12Snömrəli xidmət müqaviləsi üzrə iddiaçıya ƏDV daxil olmaqla 14059,74 manat və 500 manat cərimənin, hüquqi yardıma görə ödənilmiş 200 manat pul cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2013-cü il tarixli 12Snömrəli xidmət müqaviləsi üzrə 14059,74 əsas borc, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 500 manat cərimənin, habelə hüquqi yardım üçün ödənilmiş 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh «X5 İnvestisiya Korporasiyası” ASC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “X5 İnvestisiya Korporasiyası” ASC-dən 14 059,74 (on dör min əlli doqquz manat yetmiş dörd qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün 500 (beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 14 789,74 (on dörd min yeddi yüz səksən doqquz manat yetmiş dörd qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar