Məhkəmə qərarları › İş №e-2-2(113)-585/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-585/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-585/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (Holcim (Azərbaycan) ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı sement məhsullarına görə 7646,17 manat, geri qaytarmadığı taxta altlıqlara görə 509,76 manat borcun, borcun gecikdirilməsinə görə 10492,5 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 146 manat pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000366565saylı alqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmış, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28,32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 7646,17 (yeddi min altı yüz qırx altı manat on yeddi qəpik ) manat məbləğində olan hissəsini ödəməmişdir. Hər birinin dəyəri 28,32 manat, ümumi dəyəri 509,76 (beş yüz doqquz manat yetmiş altı) manat olan 18 ədəd taxta altlığı cavabdeh şirkətə geri qaytarmamışdır. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, təhvil aldığı malların dəyərini ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişin gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 10492,5 manat (on min dörd yüz doxsan ikimanat əlli qəpik ) təşkil edir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilib, borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdehə pretenziya məktubu təqdim edilmiş, bundan başqa, xx.xx.2024-cü il tarixində vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 7646,17 manat, geri qaytarmadığı taxta altlıqlara görə 509,76 manat borcun, borcun gecikdirilməsinə görə 500 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 146 manat pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində Holcim (Azərbaycan) ASC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1% qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən mal taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsinə edilən eyni tarixli 1 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxanda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bəndində qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 278849 nömrəli elektron qaimədən müəyyən edilir ki, Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4272,07 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 239376 nömrəli elektron qaimədən müəyyən edilir ki, Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4224,1 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 105360 nömrəli elektron qaimədən müəyyən edilir ki, Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 509,76 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına yük-nəqliyyat qaimələri və altlıqların təhvil-təslimi adlı sənədlər əlavə edilmişdir. - Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixədək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 09 fevral 2021-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş 1 saylı əlavəyə əsasən 7646,17 manat əsas borc, geri qaytarmadığı taxta altlıqlara görə 509,76 manat, borcun gecikdirilməsinə görə 500 manat cərimə məbləği iddiaçı Holcim (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Həmçinin müqavilənin 9.2-ci bəndinə əsasən mal taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməlidir. Ona görə də cavabdeh qaytarılmayan altlıqların dəyərini ödəmək vəzifəsi daşıyır. Bundan başqa, müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1% qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək satıcının hüququdur. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106,56 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sement məhsullarına görə 7646,17 manat (yeddi min altı yüz qırx altı manat on yeddi qəpik), geri qaytarılmayan taxta altlıqlara görə 509,76 manat (beş yüz doqquz manat yetmiş altı qəpik), 500 (beş yüz) manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106,56 manat (yüz altı manat əlli altı qəpik) olmaqla, cəmi 8762,49 manat (səkkiz min yeddi yüz altmış iki manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar