Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5859/2021 15.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdeh X2 qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.05.2018-ci il tarixli 1916-GL/17 nömrəli müqavilə üzrə 16309 manat gecikdirilmiş əsas borcun, 6154,56 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun, cəmi 22813,56 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 23.05.2018-ci il tarixli 1916-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixə 16.309 manat gecikdirilmiş əsas borcu və 6154.56 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər həyata keçirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun 02.11.2021-ci il tarixli 2021-006237 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın cavabdeh tərəfindən sonradan edilmiş 2500 manat məbləğində ödənişin nəzərə alınmaqla təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş 23.05.2018-ci il tarixli 2778/ü saylı əmrdən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 23.05.2018-ci il tarixli 1916-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən taxılsəpən gübrəsəpənlə AGHBM-N24, traktor təkərli Claas Axion 820, Kotan 7 gövdəli (təkərli) P7 kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir. "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 23 may 2018-ci il tarixli 1916-GL/17 nömrəli müqaviləyə əsasən lizinq verən (iddiaçı) ümumi məbləği 73096 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4-cü bəndinə əsasən lizin alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqaviləyə 1 nömrəli əlavədə lizinqə verilən texnikaların adları, miqdarı, qiyməti, güzəştdən sonrakı qalılq məbləği, ödəmə müddəti barədə məlumat qeyd olunmuş və tərəfləin imzası ilə təsdiq olunmuşdur. Həmin müqaviləyə 2 nömrəli əlavədə müqavilə üzrə ödəniş qrafiki əks olunmuşdur. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 03 avqust 2017-ci il tarixli 5/277 nömrəli aktdan görünür ki, 7 gövdəli təkərli kotan və taxılsəpən gübrəsəpənlə saz nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 02 avqust 2017-ci il tarixli 584 nömrəli aktdan görünür ki, traktor təkərli saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. 26.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23 may 2018-ci il tarixli 1916- GL/17 nömrəli lizinq müqaviləsinə əsaəsn cavabdehin gecikdirilmiş əsas borcu 16309 manat, hesablanmış cərimə məbləği 6154,56 manat, ümumilikdə bocu 22463,56 manat təşkil edir. 23 may 2018-ci il tarixli 1916-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən cavabdehin həmin müqavilə üzrə cərimənin ümumi məbləği 6154,56 manat təşkil edir. İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 02.11.2021-ci il tarixli 2021-006237 nömrəli arayışa əsasən iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubuna əsasən iddiaçı cavabdehdən 23.05.2018-ci il tarixli 1916-GL/17 nömrəli müqavilə üzrə yaranmış borcunu qısa zaman ərzində ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ********* nömrəli 07.12.2021-ci il tarixli, ********* nömrəli 15.09.2021-ci il tarixli və ********* nömrəli 01.11.2021-ci il tarixli qəbzlərdən görünür ki, cavabdeh tərəfindən ümumilikdə 2500 manat pul iddiaçının hesabına ödənilmiş, həmin ödənişlərin hazırkı müqavilə üzrə həyata keçirildiyini iddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclasında təsdiq etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 23 may 2018-ci il tarixli, 1916-GL/17 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 16.309 manat gecikdirilmiş borcu yaranmış, həmin borcun bir qisminin (2500 manat) ödənildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi onlar arasında bağlanmış 23 may 2018-ci il tarixli 1916-GL/17 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 6154,56 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, cavabdeh tərəfindən borcun bir qisminin ödənildiyini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosu ilə "xxxx" MMC arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli 1281 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsinin hazırlanması və məhkəmədə müdafiəsi üçün bu müqavilə bağlanılır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 340 manat, əlavə olaraq 10 manat marka ödənişi olmaqla cəmi 350 manat müəyyən olunur. "xxxx" ASC tərəfindən verilmiş 16.11.2021-ci il tarixli 000İPX1213201FE0 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına 1281 nömrəli müqaviləyə əsasən 350 manat hüquqi xidmətə görə xidmət haqqı köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beəliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 13809 manat (16309 manat – 2500 manat) borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13809 manat əsas borc, 500 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat, cəmi 14659 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərcinin 150 manatı cavabdehə, 50 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 13809 (on üç min səkkiz yüz doqquz) manat əsas borc, 500 (beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 14659 (on dörd min altı yüz əlli doqquz) manat pul və ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat məbləği iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5859/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5859/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver