Məhkəmə qərarları › İş №e-2-2(113)-5859/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5859/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5859/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 13061,55 manat məbləğində əsas borc, 2351,05 manat məbləğində ƏDV borcu, 770,63 manat məbləğində cərimə olmaqla, cəmisi 16182 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 700 manat xidmət haqqının, 139 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 93/2022 nömrəli 30 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 15412,60 manat məbləğində (ƏDV daxil) olan kisə sement almışdır. Müqavilənin 1.1-ci bəndinə görə satıcı hazırkı müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “Mal” adlanacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti alıcı və satıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı birtərəfli qaydada olaraq alıcını 5 (beş) iş günü əvvəl yazılı şəkildə xəbərdar etməklə malın qiymətini dəyişmək hüququnu özündə saxlayır. Yeni qiymətlər bu müqaviləyə əlavədə öz əksini tapmalıdır. Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı müqavilə dövründə alıcıya ödənişsiz və ya ödəşli xüsusitexniki xidmət göstərə bilər. Ödənişli xüsusi texniki xidmətin şərtləri və dəyəri bu müqaviləyə əlavədə göstərilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın təhvil verilməsi vaxtı, yeri, ödəniş qaydası və ödənişin alıcı tərəfindən gecikdirilməsinə görə cərimə tətbiq etmə qaydası aşağıdakı cədvəldə göstərilmişdir: mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu müqavilənin 4-cü bəndi daxilində) alıcıya təhvil verilir; ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının Bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı mal əldə etdikdən sonra qaimə faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün ödənilməyən borc məbləğinin 0,1%-i həcmində cərimə və satıcı bundan yarana biləcək adminstrativ xərcləri tələb edə bilər. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2022-ci il tarixdə gündən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinə kimi qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmədiyi təqdirdə müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Sözügedən alqı-satqı müqaviləsi və 1 saylı əlavə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edilmişdir ki, müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinə cəmi 2351,05 manat ƏDV ilə birlikdə mala görə 13061,55 manat ödənilməmiş borc qalmışdır. Müqaviləyə əsasən gecikmə üzrə tətbiq edilən cərimə 770 manat 63 qəpik təşkil edir. Bütün bunların nəticəsində 13061, 55 manat məbləğində əsas borc, 2351,04 manat məbləğində ƏDV borcu, 770.63 manat məbləğində cərimə olmaqla, cəmi 16182 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə həm elektron kargüzarlıq, həmdə kağız daşıyıcıda pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziyaya bugünədək cavabdeh verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, məhkəməyə müraciət edərək, borc məbləğinin cavabdehdən məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 464.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanladığı ərizədə qeyd olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı, bank hesabı üzrə çıxarış, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahı təqdim edilmişdir. Həmin sənədlərin heç bir əsası yoxdur. Çünki iddiaçının nümayəndəsinin məhkəmə iclasında təsdiq etdiyi kimi, həmin sənədlərin hazırkı işə heç bir aidiyyəti yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında hazırki işdə tərəf olmayan ödəyici "xxxx" MMC qeyd edilir. Daha sonra, bank hesabı üzrə çıxarışda təyinat kimi yanacağın alqı-satqısı qeyd edilmişdir, halbuki hazırki işdə müqavilə xidmətlərin göstərilməsi barədədir. Daha sonra, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahıda da təqdim olunan elektron qaimələr hazırkı işdə tərəf olmayan X4, X2 barədədir. Həmçinin həmin sənəd də kserosurət ollmaqla mötəbər sənəd kimi istinad oluna bilməz. Beləliklə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 da həmin sənədlərin hazırkı işə aid olmadığını və elektron kabinetə səhvən yükləndiyini bildirdiyinə görə həmin sənədlərə hazırkı iş üzrə yekun qərar çıxarılarkən istinad edilə bilməz. Bundan başqa, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəfimdən iddiaçının nümayəndəsi X1 verilən suala cavabda qeyd edilmişdir ki, hazırki iş xidmətlərin göstərilməsi ilə əlaqədardır və xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsini təsdiq edəcək hər hansı təhvil-təslim aktı mövcud deyil. Həmin iclasda iş xx.xx.2024-cü il tarixə saat 16:00-a məhkəmə baxışına təyin etmiş, həmin günün axşamı isə iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktları yüklənmişdir. Əvvəla qeyd edim ki, həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Lakin iddiaçının nümayəndəsi həmin sənədləri hazırlıq iclası bitdikdən və baxışa təyin edildikdən sonra elektron kabinetə yükləmişdir, ikincisi, həmin təhvil-təslim aktları kserosurət olmaqla əsli mövcud deyil və mötəbər sənəd kimi istinad oluna bilməz. Deməli, iddiaçı təhvil-təslim aktlarının əslini də məhkəməyə təqdim etməli idi. Üçüncüsü, həmin təhvil-təslim aktlarında Cavabdeh imza və yazısı saxtalaşdırılaraq məhkəməyə təqdim olunmuşdur. Onları cavabdeh imzalamamışdır. Ona görə də hesab edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir.

5. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, yuxarıda qeyd olunan ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh arasında 30 avqust 2022-ci il tarixli, UNİT 93/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq ehtiyat hissəslərini alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən alıcı aldığı malın dəyərinin ödənməsini gecikdirərsə, satıcı alıcıya mal buraxılışını dayandıra və ödənişini tələb edə bilər.

8. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 448618 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1985,5 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 357392 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 666 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 884356 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7037,4 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 230137 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1808 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 506778 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 820 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 692775 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 358,7 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 127279 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 68 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 037782 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2669 manat (ƏDV daxil) təşkil edir.

16. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd olunur ki, Cavabdeh (VÖEN 2********) “Uni-Trade MMC ilə bağladığı 30 Avqust 2022-ci il tarixil UNİT 93/2022 saylı müqaviləyə əsasən dəyəri 15412,60 manat (ƏDV daxil) olan ehtiyyat hissəsi almışdır. Cavabdehin iddiaçıya 13061,56 manat əsas və 2351,04 manat ƏDV borcu, eləcə də müqavilənin 6.1.5-ci bəndinə əsasən 770,63 manat cərimə borcu vardır.

17. İddiaçı tərəfindən məhkəməyə hazırlıq iclası yekunlaşdırıldıqdan sonra 3 ədəd təhvil-təslim aktı təqdim edilmişdir. Ona görə də onlara sübut qismində istinad olunmur.

18. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

22. Tərəflər arasında müqavilə münasibətlərinin olması işin mübahisəsiz halını təşkil edir. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış malların cavabdeh tərəfindən təhvil alındığını, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələrin təqdim edildiyini, lakin həmin qaimələr əsasında ödənişlərin həyata keçirilmədiyini, cavabdeh tərəf isə hər hansı malı təhvil almadığını bildirmişdir.

23. İddia tələbinin bir hissəsini cavabdehdən 30 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 13061,55 manat məbləğində əsas borc, 2351,05 manat məbləğində ƏDV borcunun tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 13061,5 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi əsas məbləğ) əsas borc, 2351,05 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi ƏDV məbləği) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir. Həmin qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçı tərəfindən 2022-2023-cü illər ərzində yuxarıda qeyd olunan elektron qaimələr cavabdehə göndərilmişdir. Qaimələrdə malların adları, miqdarı, bir ədədinin qiyməti, yekun məbləği barədə məlumatlar öz əksini tapmışdır. Qaimələr sistem tərəfindən təsdiq olunsa da, sonradan həmin qaimələrlə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Ona görə də məhkəmə cavabdehin nümayəndəsinin hazırkı etirazını əsaslı saymır.

25. Bundan əlavə, iddiaçı cavabdehdən 770,63 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmişdir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır və tələb edilən 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə Cavabdeh alınaraq iddiaçıya ödənməlidir.

27. Eləcə də, iddiaçı hüquqi xidmətə görə ödənilmiş 700 manat xidmət haqqının, 139 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardımla bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 700 manat məbləğində ödəniş edilməsi ilə əlaqədar sübut məhkəməyə təqdim etməmişdir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13061,5 manat (on üç min altmış bir manat əlli qəpik) əsas borc, 2351,05 manat (iki min üç yüz əlli bir manat beş qəpik) ƏDV məbləği, 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə və ödənilmiş dövlət rüsumuna görə 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) olmaqla, ümumilikdə 16321,78 manat (on altı min üç yüz iyirmi bir manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar