Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-586/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X2. Sis. Tur. Sanayi ve Ticaret LTD” Şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketindən əsas borc məbləği kimi 31576 ABŞ dolları və 0.1% gecikmə faizi olaraq 3157 ABŞ dolları, cəmi 34733 ABŞ dolları məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidməti üçün ödənilmiş 400 manat məbləğində haqqın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 5 sentyabr 2022-ci il tarixli XLT/2201 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış həmin müqaviləyə əsasən İddiaçı MMC müxtəlif çeşiddə tibbi ləvazimatların satınalması üçün Halka Medikal şirkətinə sifariş vermişdir. Müqavilənin şərtlərinə uyğun olaraq hər sifariş üzrə Malların qiyməti hesab fakturada qeyd olunur. Hazırki sifariş üçün Malların qarşılığında ödəniş edilməsi üçün cavabdeh Halka şirkəti xx.xx.2023-cü il tarixdə iddiaçıya hesab faktura təqdim etmişdir. Bu hesab fakturaya əsasən iddiaçı müqavilə üzrə sifariş verilmiş malların çatdırılma daxil ümumi məbləğini, yəni 31576 ABŞ dolları məbləğində ödənişi cavabdeh Halka Medikal şirkətinə etmişdir. Hesab-faktura üzrə XL Medikal tərəfindən ödəniş bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdeh şirkətin bank hesabına transfer edilərək həyata keçirilmişdir. İddiaçının və cavabdehin əsas fəaliyyət sahələri tibbi ləvazimatların, avadanlıqların və tibbi xidmətlərin həyata keçirilməsindən ibarətdir. Məhz bu səbəbdən tərəflər arasında qeyd olunan alqı-satqı müqaviləsi bağlanmışdır. Bu işgüzar münasibətlərin nəticəsində iddiaçının cavabdeh Halka Medikal Şirkətinə inamı yarandığından və yuxarıda qeyd olunan müqavilənin razılaşdırılmış şərtlərinə əsasən, İddiaçı müqavilə üzrə tələb olunan ödənişi tam olaraq cavabdehin bank hesabına köçürmüşdür. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh Malları ödəniş edildiyi tarixindən 10 gün ərzində İddiaçıya çatdırmalı və təhvil verməli idi. Müqavilədə malların çatdırılma ünvanı Bakı şəhəri, Azərbaycan müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı müqavilə üzrə tam ödənişi (31,576 ABŞ dolları) cavabdehin bank hesabına xx.xx.2023-cü il tarixdə etmişdir. Həmin 10 gün çatdırılma müddətini nəzərə alınsa iddiaçı tərəfindən sifariş verilmiş və tam ödənilmiş Mallar xx.xx.2023-cü il tarixinədək çatdırılmalı idi. Bununla, cavabdehin bank hesabına ödəniş edildiyi tarixdən hazırki iddia ərizəsi tərtib edildiyi tarixə artıq 4 aydan artıq vaxt keçmişdir. Ödəniş etdikdən sonra iddiaçı dəfələrlə cavabdehdən malların çatdırılma vaxtı və yerləşməsi barədə məlumat əldə etmək istəsə də buna nail olmamışdır və bugünki tarixədək çatdırmalı olan malları iddiaçıya çatdırılmamışdır. Qeyd olunanlarla yanaşı, Müqavilənin 4-cü maddəsinə əsasən, “ödənişin tamamı Alıcı tərəfindən mallar çatdırılmadan öncə Satıcının bank hesabına köçürülməlidir”. Bununla, İddiaçı MMC, Alıcı olaraq müqavilə üzrə öz öhdəliklərini tam və vaxtında yerinə yetirmişdir. Cavabdeh “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketi isə müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir və sifariş verilmiş Malları İddiaçıyaçatdırmamışdır. Əlavə olaraq bildirir ki, tərəflər arasında imzalanmış 5 sentyabr 2022-ci il tarixli XLT/2201 saylı alqı-satqı müqaviləsinin 9-cu maddəsinə əsasən malların çatdırılması 1 aydan artıq gecikdirilərsə, Alıcı müqavilədən tam və ya qismən imtina etmək hüququna malikdir. Bu halda Satıcı çatdırmadığı Mallar üçün aldığı ödənişləri 10 bank günü müddətində Alıcının bank hesabına geri ödəməlidir. Malların artıq ona çatdırılmayacağını anlayan İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayıb ödənişin geri qaytarılmasını tələb etmişdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh Halka Medikal bugünə qədər İddiaçı tərəfindən ona ödənilmiş məbləği geri ödəməmişdir. Bununla yanaşı, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli XLT/2201 nömrəli müqavilənin 9-cu maddəsinə əsasən Mallar, müəyyən edilən müddətdə çatdırılmadığı halda Satıcı, yəni Halka Medikal şirkəti hər gecikdirilmiş gün üçün malın ümumi dəyərinin 0.1 % məbləğində cərimə ödəməlidir. Belə ki, Mallar üçün bank vasitəsilə edilmiş ödəniş tarixindən bugünkü tarixə 3,630 ABŞ dolları məbləğində cərimə faizi hesablanmışdır. Müqavilənin şərtlərinə əsasən cərimənin ümumi məbləği malın ümumi dəyərinin 10 %-dən çox ola bilməz. Qeyd olunanları və müqavilənin ümumi məbləğinin 31,576 ABŞ dolları olmasının nəzərə alaraq, müqavilə üzrə cərimə məbləği 3157 ABŞ dolları təşkil edir. Bununla, XL Medikal MMC tərəfindən sifariş verilən və dəyəri tam ödənilmiş Mallar üçün əsas borc məbləği olaraq 31,576 ABŞ dolları və 0.1 % gecikmə faizi olaraq 3157 ABŞ dolları, cəmi 34,733 ABŞ dolları məbləğində pul cavabdeh “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.”Şirketi tərəfindən iddiaçıya ödənilməlidir. Əlavə olaraq, Müqaviləyə uyğun olaraq cavabdeh Malların çatdırılması üçün vacib olan və müqavilə üzrə göndərməli olduğu Mal müşayiət sənədlərini İddiaçıya ümumiyyətlə göndərməmişdir. Belə aydın olur ki, cavabdehin ilkin olaraq fikri sifariş verilmiş malların ödənişini tam almaq və həmin malları iddiaçıya göndərməmək olmuşdur. Bununla da, tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərini bir daha pozmuşdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı və cavabdeh arasında qarşılıqlı inam və işgüzar münasibətlər mövcud olduğundan iddiaçı “XL Medical“ MMC sifariş verilmiş Malların cavabdeh tərəfindən tez zamanda ona çatdırılacağına inanmışdır və narahatçılığı olmamışdır. Lakin, cavabdeh bu münasibətlərdən sui-istifadə edərək və müqavilə üzrə tam ödəniş edilməsinə baxmayaraq malları iddiaçıyaçatdırmamaqla müqaviləni kobud şəkildə pozmuşdur. Bundan sonra iddiaçı əmin olmuşdur ki, cavabdehin ona müqavilə üzrə Malları çatdırmaq və ya borcunu ödəmək niyyəti yoxdur. Bu səbəbdən iddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mediasiyasessiyasındaiştirak edilməməsi barədə arayış almışdır. Hazırkı iş üzrə cavabdeh “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketi müqaviləyə əsasən sifariş edilən Malları çatdırmadığı üçün və öz öhdəliklərini yetirmədiyindən, cavabdehin İddiaçı MMC qarşısında əsas borc məbləği 31576 ABŞ dolları və 0,1 % gecikmə faizi olaraq 3157 ABŞ dolları, cəmi 34,733 ABŞ dolları məbləğində ödənilməmiş borcu mövcuddur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdeh “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketidən 34,733 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152, 385, 425.1, 459.5-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qarşı tərəflər əvvəllərdə aralarında münasibətlər olmuşdur. Ödəniş əsasən qabaqcadan həyata keçirilmiş, heç bir zaman problem olmamışdır. Cavabdeh Türkiyə Respublikasının hüquqi şəxsi olduğu üçün iddia ərizəsinə münasibət bildirməsi, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılması üçün aidiyyəti üzrə Türkiyə Respublikasına məhkəmə tapşırığı göndərilmiş, məhkəmə tapşırığı icra olunaraq cavabdehə müvafiq sənədlər çatdırılıb məlumat verilməsinə baxmayaraq cavabdeh iddiaya heç bir münasibət bildirməmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketi (Satıcı) və İddiaçı MMC (Alıcı) arasında imzalanmış 05 sentyabr 2022-ci il tarixli XLT/2201 nömrəli müqavilədən görünür ki, Satıcı hal-hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokolunda göstərilən mallar (işlər, xidmətlər) Alıcıya satır və Alıcı öz növbəsində alınan malların (işlərin, xidmətlərin) dəyərini Razılaşdırma Protokolunda əks olunan qiymətlərə əsasən Satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən Çatdırılma yeri CİP Bakı, Azərbaycan şərtləri ilə müəyyən edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən malın tələb olunan tam paket mal-müşayiət sənədləri ilə birlikdə 21-ci bənddə qeyd olunan ünvana çatdırılması üçün Alıcıya verildiyi tarix çatdırılma tarixi hesab edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən Alıcı hal-hazırki müqavilə üzrə ödənişi aşağıdakı şəkildə həyata keçirir: ödənişin tamamı Alıcı tərəfindən mallar çatdırılmadan öncə Satıcının bank hesabına köçürülür, Satıcının təqdim edəcəyi hesab-fakturada daşıma xərci da mallar çatdırılmadan öncə ödəniləcək. Mal, Müqavilədə müəyyən edilən müddətdə çatdırılmasa, Satıcı hər gecikdirilmiş gün üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0.1%-i məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği malın ümumi döyərinin 10%-dən çox ola bilməz. xx.xx.2022-ci il tarixli proforma invoyslardan (qaimələrdən) görünür ki, “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketi tərəfindən təqdim edilən müxtəlif adda malların ümumi dəyəri 31576 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Paşabank ASC-nin ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirkətinə 31576 ABŞ dolları ödəniş edilmişdir. 16 oktyabr 2023-cü il tarixli MŞB\9\2023-02032 nömrəli mediasiya arayışından məlum olur ki, ilkin mediasiya sessiyasında “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirkəti iştirak etməmiş və ilkin mediasiya xərci olaraq 400 manat ödəniş iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. 642-ci maddəsinə əsasən malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 36.1-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0.7-ci maddəsinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının: 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.4-ci bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olması işin mübahisəsiz halıdır. Belə ki, müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən malın dəyəri qabaqcadan ödənilsə də, cavabdeh tərəfindən mallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən ödəniş edilməsi, cavabdehin isə malları verməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (ödəniş tapşırığı, qaimə və sair.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, münasibət bildirməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 641.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olubolmamadığını aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab edir ki, tərəflər arasında olan müqavilənin icrasının qismən, malların çatdırılmasının Azərbaycan Respublikasında həyata keçirilməsi şərti müqavilənin 2.1-ci bəndində nəzərdə tutulduğundan Mülki Prosessual Məcəllənin 443.0.7-ci maddəsinə əsasən hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək dəyəri ödənilmiş malları iddiaçıya təhvil vermədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi məbləği geri tələb etmək hüququna malik olmasını, iddiaçının haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 31576 ABŞ dolları borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 3157 ABŞ dolları cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə malların müəyyən edilən müddətdə çatdırılmaması halında malın dəyərinin 0.1%-i məbləğində cərimə məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1578 ABŞ dolları müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında malların dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə, iddianın qismən təmin olunduğunu, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X3. Sis. Tur. Sanayi ve Ticaret Ltd.” Şirketindən 31576 ABŞ dolları borc, 1578 ABŞ dolları cərimə məbləği olmaqla, ümumilikdə 33154 (otuz üç min yüz əlli dörd) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-586/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-586/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver