Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5869/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Aztrade" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 53.987 (əlli üç min doqquz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində borcun, 251 (iki yüz əlli bir) manat, 96 (doxsan altı) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (əvvəlki adı X1 MMC) ilə İddiaçı arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli, 2198 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavədə müəyyən olunmuş müvafiq Mal və yaxud Məhsulların (bundan sonra "Mal" adlandırılacaq) Alıcının mülkiyyətinə vermək, Satıcı isə, razılaşdırılmış qaydada və müddətdə Malı qəbul edib onun dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, hazırkı Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandırılır və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir ve tərəflərin bu müqavilə üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi anadək qüvvəsini saxlamaq şərti ilə 1 (bir) il müddətinə bağlanılır. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə onatəhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçınə 53987 (əlli üç min doqquz yüzsəksən yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixli 2198 saylı müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavədə müəyyən olunmuş müvafiq Mal və yaxud Məhsulların (bundan sonra "Mal" adlandırılacaq) Alıcının mülkiyyətinə vermək, alıcı isə, razılaşdırılmış qaydada və müddətdə Malı qəbul edib onun dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürmüşdür.
12. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı tarixlərdə, fərqli məbləğlərdə elektron qaimələr göndərilmiş və tərəflər arasında qeyd edilmiş elektron qaimələr əsasında 319.368,55 manat dəyərində mal dövriyyəsi olmuşdur.
16. Hazırda iddiaçı cavabdeh tərəfindən müəyyən ödənişlər edildikdən sonra, 53.987,37 manat məbləğində borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını xahiş edir.
17. İş materiallarından məlum olur ki, tərəflər arasında elektron qaimələr əsasında mal mübadiləsi olmuş, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir, əksinə qeyd edilmiş elektron qaimələrə istinad etməklə müvafiq olaraq ödənişlər edilmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
20. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.
21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 53.987,37 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 251,96 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 2198 saylı müqaviləyə əsasən 53.987 (əlli üç min doqquz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq "Aztrade” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 251 (iki yüz əlli bir) manat 96 (doxsan altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq “"Aztrade” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov