Məhkəmə qərarları › İş №e-2-2(113)-587/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-587/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-587/2024 25.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22771,21 manat məbləğində pul vəsaiti, 22771,21 manatın illik uçot faiz dərəcəsi 5 faiz olmaqla 1138,56 manat faiz borcu, ödənilmiş 162 manat dövlət rüsumu, 210 manat mediasiya xərci olmaqla, cəmi 24119,77 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında 10 dekabr 2022-ci il tarixli, 2022/10FA saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bindinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı alıcıya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X3 nəzərdə tutulan malları tədarük etməyi, alıcı isə müqavilənin və protokolun şərtləri əsasında belə malları qəbul edib, onların razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin icrası ilə bağlı 21504,54 manatlıq malın alınmış, ƏDV məbləği olan 3870,82 manat ilə birgə ödəniləcək yekun məbləğ 25375,36 manat olmuş, sonradan xx.xx.2023-cü il tarixli üzləşmə aktında isə ödəniləcək məbləğin 22771,21 manat olması tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur. Belə ki, hazırda sözügedən müqavilə üzrə Cavabdeh QSC-nin İddiaçı MMCyə borcu 22771,21 təşkil edir. Lakin Cavabdeh QSC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, bugünədək müqavilə üzrə nəzərdə tutulmuş mallar satıcı tərəfindən Cavabdeh QSC təhvil verilsə də, cavabdeh öhdəlyini icra etməmiş və ödəniş olunmamışdır. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh QSC-nin səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməli olması bildirilmişdir. Lakin müqavilənin bağlanması müddətindən artıq 11 ay müddətin keçməsinə baxmayaraq, Cavabdeh QSC tərəfindən öhdəliyin icrasına dair ödənişlə bağlı heç bir real addım atılmamışdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən əsas borc olan 22771,21 manat (iyirmi iki min yeddi yüz yetmiş bir manat iyirmi bir qəpik) məbləğində pulun ödənilməsinin gecikdirilməsi üçün illik 5 (beş) faizlə hesablanan 1138,56 (min yüz otuz səkkiz manat əlli altı qəpik) manat pul, hazırkı iddia tələbinə görə ödənilmiş 162 manat dövlət rüsumu, 210 manat mediasiya xərci və hüquqi yardıma görə vəkilə ödənilən 221 manat olmaqla, cəmi 1731,56 manat məbləğındə pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı cavabdeh üzərinə götürdüyü öhdəliyə uyğun əsas borcunu ödəmiş, lakin digər məbləğləri ödəməkdən imtina etmişdir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445, 448.2, 449.1-ci maddələrinə istinad olunmuşdur.

6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

7. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi “AZEMİS“ Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh QSC arasında xx.xx.2022ci il tarixli, 2022/10FA nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı alıcıya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X2nda nəzərdə tutulan malları tədarük etməyi, alıcı isə müqavilənin və protokolun şərtləri əsasında belə malları qəbul edib, onların razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti X2 ilə razılaşdırılır. X2 5(beş) təqvim günü ərzində etibarlı sayılır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı mallara görə ödənişi mallann çatdırılmasından əvvəl, müqavilə imzalandıqdan sonra təqdim olunmuş hesab-fakturaya əsasən 5 (beş) təqvim günü ərzində nağdsız hesablaşma yolu ilə satıcının bank hesabına köçürməklə həyata keçirir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi halda satıcı X1 yenidən baxmaq hüququnu özündə saxlayır.

9. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/10FA nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 6 nömrəli X4 görünür ki, tərəflər aralarında bağladığı alqı-satqı müqaviləsi üzrə protokolda göstərilmiş məhsulların çeşidi və qiyməti barədə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC və Cavabdeh QSC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh QSC-nin İddiaçı MMC-yə 22771,21 (iyirmi iki min yeddi yüz yetmiş bir manat iyirmi bir qəpik) manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX12335431E2 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin AZ93AİİB******************** nömrəli hesabına 19297,63 manat məbləğində vəsait köçürülmüşdür.

12. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 3473,57 manat məbləğində vəsait köçürülmüşdür.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

16. İddiaçı 22771,21 manat (iyirmi iki min yeddi yüz yetmiş bir manat iyirmi bir qəpik) məbləğində pulun ödənilməsinin gecikdirilməsi üçün illik 5 (beş) faizlə hesablanan 1138,56 manat məbləğin cavabdehdən tutulmasını xahiş edir.

17. Müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmişdir. Ona dörə də məhkəmənin qənaətinə əsasən iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

18. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 22771,21 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi üçün illik 5 (beş) faizlə hesablanan 1138,56 (22771,21x5:100=1138,56) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

19. Eləcə də, iddiaçı ödənilmiş 162 manat dövlət rüsumu, vəkilə ödənilmiş 221 manat məbləğ və 210 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

20. Məhkəmə hesab edir ki, 221 (iki yüz iyirmi bir) manat hüquqi yardım, 210 (iki yüz on) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Eləcə də, iddiaçının 162 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə bağlı ödəməli olduğu dövlət rüsumunun məbləği 161,73 manat təşkil edir. Lakin iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalı deyil.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 22771,21 manat (iyirmi iki min yeddi yüz yetmiş bir manat iyirmi bir qəpik) məbləğində pulun ödənilməsinin gecikdirilməsi üçün illik 5 (beş) faizlə hesablanan 1138,56 (min yüz otuz səkkiz manat əlli altı qəpik) manat, 221 (iki yüz iyirmi bir) manat hüquqi yardım və 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, cəmi 1569,56 manat (min beş yüz altmış doqquz manat əlli altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar