Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-587/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “HOLCİM (AZƏRBAYCAN)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı “HOLCİM (AZƏRBAYCAN)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “HOLCİM (AZƏRBAYCAN)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 7863,91 AZN, geri qaytarmadığı taxta altlıqlarına görə 623,04 AZN əsas borcun, borcun gecikdirilməsinə görə 10913,9 AZN cərimə məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 149 AZN pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yüknəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 9.2ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28.32 AZN müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 7863,91 AZN məbləğində olan hissəsini ödəməmişdir. Hər birinin dəyəri 28,32 AZN, ümumi dəyəri 623,04 AZN olan 22 ədəd taxta altlığı iddiaçıya geri qaytarılmamışdır. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 10913,9 AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilərək borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirmişidir. Cavabdehə pretenziya məktubu təqdim edilmişdir. Bundan başqa pretenziya məktubu xx.xx.2024-cü il tarixində vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1.3-cü maddəsinə əsasən məhkəmə prosesi üçün ödənilməli dövlət rüsumunun məbləği 149 AZN təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 445.1, 445.2.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmış, cavabdeh həmin malları yüknəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28.32 AZN müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 7863,91 AZN məbləğində olan hissəsini ödəməmişdir. Hər birinin dəyəri 28,32 AZN, ümumi dəyəri 623,04 AZN olan 22 ədəd taxta altlığı şirkətə geri qaytarmamışdır. Həmçinin suallara cavab olaraq o, bildirmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 488 manat ödəniş edilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərində qeyd edilən 5000 manat məbləğdən 4512 manat məbləğ əvvəlki müqavilə üzrə borclarına silinib, geridə qalan artıq 488 manat məbləğ yeni müqavilə üzrə silinmişdir. Cavabdeh ödəniş etdiyi dönəmdə aktiv müqavilə xx.xx.2021-ci il tarixli müqavilə olduğu üçün ödəniş qəbzlərində onun nömrəsi qeyd edilib, lakin ödəniş köhnə borca silinmişdir. Müqavilənin 9.2-ci bəndinə əsasən ödənişin gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmənin hazırlıq iclasında cavabdeh, iddianı qismən qəbul etdiyini, xx.xx.2021-ci il tarixli, **********saylı alqı-satqı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat ödənişlər etdiyini bildirmiş, sement məhsuluna görə 3352 manat, taxta altlıqlara görə 623,04 manat borcu olduğunu qəbul etmiş, cərimənin azaldılaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Alıcı” Cavabdeh ilə “Satıcı” “HOLCİM (AZƏRBAYCAN)” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsi müqavilədən görünür ki, Satıcı 3-cü maddədə göstərilən və gələcəkdən Mal adlandırılacaq sement növünü Alıcıya satır, Alıcı isə Malı alır dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və ya yük nəqliyyat qaimələrində göstərilir. Müqavilənin 3.3-cü bəndinə əsasən, Müqavilə dövründə alınacaq arzu olunan miqdarı: Sement kisə 500 ton təşkil edir. Müqavilənin 4-cü bəndinə əsasən, ödəniş şərtləri alıcı tərəfindən alınacaq hər Malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə xx.xx.2021-ci il tarixdə qüvvəyə minir xx.xx.2021-ci il tarixədək qüvvədədir. Müqavilənin 9.2-ci bəndinə əsasən, Alıcı müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtında qəbul etməli və dəyərini ödəməlidir. Alıcı bu müqavilədə göstərilən müddətdən hər gecikdirildiyi günə əsas borcdan 0,1% qədər cərimə ödəməlidir. Mal taxta altlıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı işlək vəziyyətdə geri qaytarılmalı, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavə №1 – dən görünür ki, tərəflər “Qaradağ Optimal kisə” ƏDV daxil tonu 137,50 manata, “Qaradağ Spesial kisə” ƏDV daxil tonu 152,50 manata, “Qaradağ Sprint kisə” ƏDV daxil tonu 160 manata, “Qaradağ Unikal kisə” ƏDV daxil tonu 160 manata, “Altlıqlar” ƏDV daxil 28,32 manata razılaşmışlar. xx.xx.2021-ci il tarixli, A********** nömrəli yük-nəqliyyat qaiməsindən görünür ki, 28,8 ton çəkidə “Optimal 40 kg kisə” sement və 18 ədəd altlıqlar Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, A********** nömrəli yük-nəqliyyat qaiməsindən görünür ki, 28,8 ton çəkidə “Spesial 40 kg kisə” sement və 18 ədəd altlıqlar Cavabdeh təhvil verilmişdir. 20 yanvar 2021-ci il tarixli EBAW seriyalı, 342714 nömrəli elektron qaimədən görünür ki, “HOLCİM (AZƏRBAYCAN)” ASC tərəfindən Cavabdeh 4392,09 manat dəyərində sement təqdim edilmişdir. 20 yanvar 2021-ci il tarixli EBAW seriyalı, 343095 nömrəli elektron qaimədən görünür ki, “HOLCİM (AZƏRBAYCAN)” ASC tərəfindən Cavabdeh 3960,16 manat dəyərində sement təqdim edilmişdir. 21 oktyabr 2021-ci il tarixli EBBL seriyalı, 105495 nömrəli elektron qaiməsindən görünür ki, “HOLCİM (AZƏRBAYCAN)” ASC tərəfindən Cavabdeh 623,04 manat dəyərində altlıqlar təqdim edilmişdir. 25 sentyabr 2024-cü il tarixli **********78 saylı mədaxil qəbzindən görünür ki, “HOLCİM (AZƏRBAYCAN)” ASC tərəfindən dövlət büdcəsinə 149 manat dövlət rüsumu ödənilmişdir. “MİLLİÖN” elektron ödəmə sisteminin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərində görünür ki, 367076 nömrəli müqavilə üzrə müvafiq olaraq 3000 manat və 2000 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq cəmi 8352,25 manat dəyərində sementi və malın təchiz olunduğu 36 ədəd taxta altlıqları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmiş, taxta altlıqların 22 ədədini geri qaytarmamışdır. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimələr) və özünün qismən etirafı ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı sementin dəyərini, həmçinin müqavilə şərtinə əsasən verdiyi taxta altlıqların dəyərini tələb etmək hüququ yaranmışdır. Cavabdeh iddaçının tələb etdiyi sement məhsullarına görə 3352 manat və taxta altlıqlarına görə 623,04 manat borcu qəbul etdiyi üçün bunlar işin mübahisələndirilməyən halları kimi qiymətləndirilir. Bununla belə iddiaçının nümayəndəsi cavabdehin ödədiyi 5000 manat pulun 4512 manatının əvvəlki müqavilə üzrə borcuna silindiyini, buna görə də hazırkı müqavilə üzrə cəmi 488 manat ödəniş olunduğunu, 7863,91 manat borc qaldığını bildirsə də, bu barədə, yəni cavabdehlə aralarında başqa müqavilə olması və həmin müqavilə üzrə borcun olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərində 3000 və 2000 manat ödənişlərin məhz 367076 nömrəli müqavilə üzrə ödənilməsi açıq aşkar görünür. Odur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edə bilməmişdir. Buna görə də məhkəmə iddia tələbini qismən, cavabdehin qəbul etdiyi hissədə əsaslı hesab edir və iddianın həmin hissədə təmin olunması qənaətinə gəlir. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı sementin dəyərindən 3352 manat pulu ödəmədiyini, 623,04 manat dəyərində 22 ədəd taxta altlığı qaytarmadığını, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, sementin və taxta altlıqların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən sementlərin və taxta altlıqların cavabdehə təhvil verildiyini, cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, sement məhsullarına görə 3352 manat, taxta altlıqlarına görə 623,04 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 10913,9 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 200 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 149 manat dövlət rüsumunun 59,75 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh sement məhsullarına görə 3352 manat, taxta altlıqlara görə, 623,04 manat, borcun gecikdirilməsinə görə 200 manat cərimə olmaqla cəmi 4175 (dörd min yüz yetmiş beş) manat 4 (dörd) qəpik məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 59 (əlli doqquz) manat 75 (yetmiş beş) qəpiyinin əvəzi tutularaq iddiaçı “HOLCİM (AZƏRBAYCAN)” ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-587/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-587/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver