Məhkəmə qərarları › İş №e-2-2(113)-5870/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5870/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5870/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, vəkil xərci və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 26 iyul 2019-cu il tarixli 07/006 nömrəli malların alqı satqısı haqqında müqavilə üzrə yaranmış əsas borc 62249,27 manat, 11204, 88 manat ƏDV borcu olmaqla ümumilikdə 73454,15 manat pulun, vəkilin göstərdiyi yardıma görə 500 manat xərcin və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 313 manat dövlət rüsumunun ümumilikdə 74267,15 manat pul vəsaitinin tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında 26 iyul 2019-cu il tarixli 07/006 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə verilmiş sifarişə və nümunəyə uyğun olaraq elektrik mallarını Alıcıya satmağı, Alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini köçürmə yolu ilə 15 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən verilən sifarişlərdə qeyd edilən mallar cavabdehə təhvil verilmişdir. Lakin EBAV seriyalı, 854256 nömrəli, xx.xx.2021 -ci il tarixli, EBBC seriyalı, 315950 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 612343 nömrəli, xx.xx.2021 -ci il tarixli, EBBJ seriyalı, 734319 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBK seriyalı, 769615 nömrəli, xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasında X3 tərəfindən Cavabdeh MMC-ə satılaraq təhvil verilmiş mallar üzrə ödənişlər bu günədək tam aparılmamışdır. Qeyd edilən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalarla təhvil verilən mallar üzrə əsas borc 62249,27 manat, 11204, 88 manat ƏDV borcu olmaqla ümumilikdə 73454,15 manat təşkil edir. Artıq sonuncu ödənişdən sonra iki ilə yaxındır ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasında X3 tərəfindən Cavabdeh MMC-yə satılaraq təhvil verilmiş mallara görə heç bir ödəniş olunmur. Bu səbəbdən cavadeh tərəfindən ödənişlərin həyata keçirilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. İddiaçı Sübhan Abıyev tərəfindən Cavabdeh MMC-ə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilərək 26 iyul 2019-cu il tarixli 07/006 nömrəli malların alqı-satqısı müqaviləsinə əsasən X3 tərəfindən Cavabdeh MMC-ə satılmış 73454,15 (yetmiş üç min dörd yüz əlli dörd manat on beş qəpik) manat (ƏDV daxil) dəyərində malların ödənişinin bu günə qədər həyata keçirilmədiyi bildirilmiş, Cavabdeh MMC-nin X3 qarşısında olan 73454,15 manat (ƏDV daxil) məbləğində borcunun 07 gün müddətində X1 bank hesabına ödəməsi xahiş olunmuşdur. Qeyd edilən pul məbləği bu günədək iddiaçı Sübhan Abıyevin bank hesabına ödənilməmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cü il tarixli, 07/006 saylı malların alqı-satqısı haqqında müqaviləyə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən “SATİCİ” bu müqavilədə müəyyən olunmuş şərtlərlə verilmiş sifarişə və nümunəyə uyğun olaraq elektrik mallarını “ALİCİ”- ya satmağı, “ALİCİ” isə o həmin şərtlər daxilində malı qəbul edib dəyərini köçürmə yolu ilə 15 (on beş) gün müddətində ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri tərəflərin qarşılıqlı əsasmda elektrik mallarının satılacaq miqdarda razılaşma protokolu və ya elektron qaimə fakturalanmn qiymətləri ilə müəyyən olunur.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı gündən etibarən qüvvəyə minir və xx.xx.2020-ci ilə qədər qüvvədədir.

11. Müqavilənin 4.6-cı maddəsinə əsasən alıcı sifariş etdiyi malların dəyərini hər ay soonu nağd ödəəni öhdəsinə götürür.

12. X3 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cü il tarixli, 07/006 saylı malların alqı-satqısı haqqında müqavilə üzrə təqdim edilmiş mallara dair xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə e-qaimələr göndərilmişdir.

13. 08.07.2024-cü il tarixli borcların üzləşmə aktlarına əsasən Cavabdeh MMC iddiaçı X2 xx.xx.2021-ci i tarixli e-qaimə üzrə ƏDV daxil 3272,11 manat məbləğində, xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 14656,78 manat məbləğində, xx.xx.2021-ci il tarixli eqaimə üzrə 4209,06 manat məbləğində, xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 22721,73 manat məbləğində və xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 28594,47 manat məbləğində borcu olmasını imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir.

14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli, 07/006 saylı malların alqısatqısı haqqında müqavilənin 1.1-ci bəndinə əsasən “SATİCİ” bu müqavilədə müəyyən olunmuş şərtlərlə verilmiş sifarişə və nümunəyə uyğun olaraq elektrik mallarını “ALİCİ”- ya satmağı, “ALİCİ” isə o həmin şərtlər daxilində malı qəbul edib dəyərini köçürmə yolu ilə 15 (on beş) gün müddətində ödəməyi öhdəsinə götürür.

21. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və üzləşmə aktları ilə təsdiq olunduğu üçün iddiaçının 73454,15 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 73454,15 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 73454,15 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 313 manat məbləğində dövlət rüsumu və 500 manat məbləğində vəkil xərci ödənilmişdir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, dövlət rüsumunun əvəzi qismində 313 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cü il tarixli 07/006 saylı alqı-satqı müqaviləsi üzrə ədv daxil 73454,15 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 313 manat tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar