Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5879/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşıma müqaviləsi, faiz, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 122/22 saylı müqavilə üzrə 18.060 manat, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 815,28 manat pulun və 162 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 122/22 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 122/22 saylı Müqavilə üzrə - 18060 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktlarilə təsdiq edilir. Bu əsasla cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 18060 manat borc məbləğini tələb etməyi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əlatmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 122/22 saylı müqaviləyə əsasən:
8. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə, Daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərancamında olan yükləri (bundan sonra "Yük” adlandırılacaq) Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və Sifariçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı (bundan sonra “Xidmət” və ya “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə ilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə (bundan sonra “Əlavə № 01” adlandırılacaq) uyğun olaraq ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçinin vəzifələri:
10. Müqavilənin 3.2.1-ci bəndinə əsasən daşıyıcı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etmək;
11. Müqavilənin 3.2.2-ci bəndinə əsasən yükə aid olan zəruri sənədləri və digər məlumatları Daşıyıcıya təqdim etmək. Sifarişçi yükə dair zəruri sənədləri və məlumatları vermədikdə və ya natamam verdikdə bunun nəticəsində dəyən zərərin əvəzini ödəyir;
12. Müqavilənin 3.2.3-cü bəndinə əsasən yükün lazımınca qablaşdırılmasını, markalanmasını təmin etmək;
13. Müqavilənin 3.2.4-cü bəndinə əsasən qablaşdırmanın zahirən görünməyən və qablaşdırılmasından imtina etdiyi yüklərlə bağlı yaranan qüsurlar üçün risk daşımaq;
14. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə yükün təhvil alınması və Sifarişçiyə və ya onun səlahiyyətləndirdiyi şəxsə təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə üzrə tərtib edilmiş və Tərəflərin səlahiyyətdirdikləri şəxslər tərəfindən imzalanmış Qaimə ilə rəsmiləşdirilir.
15. xx.xx.2022-ci il tarixli, 122/22 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 062176 saylı akta əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında ona 3900 manat dəyərində, xx.xx.2023cü il tarixli, 062903 saylı akta əsasən 7960 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 064652 saylı akta əsasən 5100 manat dəyərində və xx.xx.2023-cü il tarixli akta əsasən isə 3900 manat dəyərində yüklər daşınmış və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
16. EBDO seriyalı, 591491 saylı xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən xx.xx.2023-cü il tarixli, 202/22 nömrəli müqavilə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında ona 3900 manat dəyərində (062176 saylı akta əsasən), EBDP seriyalı, 765663 saylı, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7960 manat dəyərində (062903 saylı akta əsasən), EBDR seriyalı, 877436 saylı, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5100 manat dəyərində (064652 saylı akta əsasən), EBDU seriyalı, 066488 saylı xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən (066488 saylı akta əsasən) 3900 manat dəyərində yüklər daşınmışdır.
17. 18.01.2024-cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 2000 manat, xx.xx.2023cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 6000 manat və xx.xx.2023-cü il tarixində 3000 manat məbləğində ödənişlər edilmişdir.
18. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə əsas borcu 18060 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 815,28 manat təşkil edir.
19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 122/22 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırmışdır.
23. Beləliklə, iddiaçı tərəfindən 18.060 manat dəyərində xidmətlərin göstərilməsi və buna dair borcun yaranması iki tərəfli təsdiq olunmuş təhvil-təslim aktları, elektron qaimələr ilə də təsdiq olunduğu üçün məhkəmə hesab edir ki, iddia üzrə cavabdeh MMCdən 18060 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
24. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 815,28 məbləğində borc hesablanmışdır və onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
26. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
28. Belə ki, iddiaçının təqdim etdiyi gecikdirilmiş vaxt üçün illik 5%-in hesablanmasına dair maliyyə arayışından görünür ki, iddiaçı borc mövcüd olan dörd eqaimə üzrə ayrı-ayrılıqda hesablama aparmışdır. Lakin, nümayəndənin izahatına əsasən xx.xx.2023-cü il tarixli e-qaimə üzrə müəyyən ödənişlər edilmişdir və həmin qaimə üzrə qalıq borc 1100 manat olduğu halda, e-qaimə üzrə olan tam 3900 manata dair əsassız olaraq faiz hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının hesabladığı 815,28 manat faiz məbləğindən məhkəmənin qeyd etdiyi hissə çıxılmalıdır.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 18060 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18060 manat əsas bоrc, illki 5% ilə hesablamaqla 694 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 162 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
31. MPM-in:
32. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
34. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən və təmin edilən tələbə münasibətdə 146 manat məbləğində (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 122/22 saylı Müqavilə üzrə 18060 manat əsas borc məbləği, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% məbləğində hesablamaqla 694 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 146 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova