Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-588/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nın nümayəndəsi X10 və Cavabdeh sığorta şirkəti ASC-nin nümayəndələri Mikayılov Səbuhi Həsənpaşa oğlu və Hüseynzadə Nərminə qızının iştirakı ilə, İddiaçı "xxxx" MMC-nın Cavabdeh sığorta şirkəti ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sığorta şirkəti ASC-dən **-PX-*** dövlət qeydiyyat nişanlı, “Lada Vesta GFL-11-04P-52 minik” markalı avtomaşına dəymiş 21500 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-ə məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı, “Lada-Vesta GFL-11-04P-52 minik” markalı avtomaşın idarəetməni itirməsi nəticəsində 14.05.2019-cu il tarixdə, saat 11:30 radələrində, Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı **-PX-*** dövlət qeydiyyat nişanlı, “Lada-Vesta GFL-11-04P-52 minik” markalı avtomaşın zədələnmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.05.2019-cu il tarixli qərardan da göründüyü üzrə yol nəqliyyat hadisəsi həqiqətən baş vermişdir. Cavabdeh SŞ ASC tərəfindən iddiaçıya 19.05.2017-ci il tarixində **********603 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Odur ki, bizə dəymiş maddi zərərin əvəzi olaraq 21 500 manat məbləğində real zərərin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh SŞ ASC tərəfindən bizim xeyrimizə ödənilməsi labüddür. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi vəkil X11 iddianı müdafıə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “Lada-Vesta GFL-11-04P-52 minik” markalı avtomaşın könüllü qaydada Atəşgah” sığorta şirkəti ASC tərəfindən sığorta olunaraq 19.05.2017-ci il tarixli **********603 nömrəli sığorta şəhadətnaməsinə əsasən 20.05.2017-ci il tarixdən 19.05.2018-ci il tarixədək sığorta məbləği, yəni avtomobilin dəyəri 21500 manat məbləğində müəyyən edilmiş, həmin dövrdə, yəni 14.05.2019-cu il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız vəziyyətə düşdüyündən avtomobilin tam dəyəri həcmində,yəni sığorta şəhadətnaməsində göstərilən 21500 manat məbləğində vəsaitin ödənilməsini xahiş etmişdir. Bununla yanaşı əlavə olaraq avtomobilin lizinq müqaviləsinə əsasən X4 verildiyini və 14.05.2019-cu il tarixdə sonuncunun istifadəsində olduğunu bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən "xxxx" MMC-nın nümayəndəsi X10, vəkil X11 ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh sığorta şirkəti ASC məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, Aşağıda göstərilənlərə əsasən İddiaçı MMC-nin iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iş materiallarına əsasən, **********603 saylı sığorta şəhadətnaməsi ilə “X19” MMC sığortalı qismində olmaqla “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 may 2017-ci il tarixində könüllü qaydada Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. 01 may 2019-cu il tarixindən 30 may 2019-cu il tarixinədək “X19” MMC tərəfindən X4 sığortalı avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. 14 may 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda, eləcə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda da, “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsü lizinq alan X7 olduğu qeyd edilsə də, şahidlərin izahatına əsasən, əslində avtomobili avtoyuma məntəqəsinin işçisi olan X8 idarə etmişdir. Hadisənin araşdırılması məqsədilə Cavabdeh Sığorta Şirkəti tərəfindən Sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına sorğu verilmişdir. 23 may 2019-cu il tarixində Sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən sorğumuza yazılı cavab olaraq bildirmişdirlər ki, “X2 deməsinə görə hadisə yolu keçən zaman “Lada Vesta” markalı avtomobilin onu vurması nəticəsində baş vermiş və TYX-nın zədə məntəqəsinə yerləşdirilmişdir”. 24 may 2019-cu il tarixində Cavabdeh Sığorta Şirkəti tərəfindən hansı xəsarətlərin alınması, hadisənin təfərrüatlarının öyrənilməsi məqsədilə Sumqayıt şəhər TYX-nin zədə məntəqəsinə sorğu ünvanlanmışdır. Sumqayıt şəhər X18 Xəstəxanası həmin sorğuya cavab olaraq bildirmişdir ki, “xəstə zədəni harda, necə alması bərədə məlumat vermir.” Baxılan halda sənədlər arasında ziddiyyətli məqamlar aşkar olunduğu üçün 25 iyun 2019-cu il tarixində cavahdeh Cavabdeh Sığorta Şirkəti tərəfindən Baş prokurorluğa məktub ünvanlanmış, həmin məktubda “Lada Vesta” markalı avtomobilin əslində X9 tərəfidən idarə olunduğu və onun sürücülük vəsiqəsi, eləcədə etibarnaməsinin mövcud olmaması bildirilərək təhqiqat sənədlərinə müvafiq düzəlişlərin edilməsinə göstəriş verməsi xahiş edilmişdir. Bununla bağlı Zaur Cahangirovun nümayəndəsi olan X5 məlumat verilmişdir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası" Qaydalarının 21.6-cı maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Həmin Qaydaların anlayışlar bölməsinə əsasən, səlahiyyətləndirilmiş sürücü dedikdə, sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik şəxs nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsas yaradır. Baxılan halda, X8 etibarnamə və sürücülük vəsiqəsi olmadan sığortala müqaviləsində göstərilən avtomobili idarə etmiş və yanlış izahatlar verərək sığorta hadisəsinin səbəblərini öyrənmək imkanlarından məhrum etmişdir. Bundan başqa iddiaçı “X19” MMC iddia ərizəsində cavabdehdən avtomobilə dəyən zərərin ödənilməsi üçün 21500 manat tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Lakin sığorta şəhadətnaməsinə əsasən hadisə baş verən anda yəni, 14 may 2019-cu il tarixində sığorta məbləği 17845 manat təşkil edir. Mülki Məcəllənin 904.1-ci maddəsinə və “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 5.1-ci maddəsinə əsasən, sığorta məbləği sığorta müqaviləsində təsbit edilmiş və sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmçinin iş materiallarında olan qüsur aktından görünür ki, avtomobilə dəymiş zərər məbləği 16211,26 manat təşkil edir. Qaydaların anlayışlar bölməsinə əsasən, avtonəqliyyat vasitəsinin tam məhv olması- sığorta hadisəsi nəticəsində Avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında Avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. Belə olan halda avtomobilə dəymiş zərər məbləği sığorta məbləğinin 75%-ni aşır. Tam məhv olma halında sığorta ödənişi sığorta qaydalarının 4.1.2-ci bəndinə uyğun olaraq hesablanmalı və avtomobilin qalıqlarının dəyəri və hadisədən əvvəlki bazar dəyəri müəyyən edilməlidir. Cavabdeh Sığorta Şirkəti tərəfindən tərtib edilən 11 mart 2021 -ci il tarixli arayışa əsasən “Lada Vesta” markalı avtomobilin qalıqlarının dəyəri 3000 manat və hadisədən əvvəlki dəyəri isə 17000 manat təşkil edir. Sığorta müqaviləsi şərtləri nəzərə alınaraq azadolma məbləği və qalıqların dəyəri çıxılmaqla sığortaçının öhdəliyinin həddi 13900 manatdan artıq ola bilməz. Məhkəmə iclasında Cavabdeh sığorta şirkəti ASC-nin nümayəndələri Mikayılov Səbuhi Həsənpaşa oğlu və Hüseynzadə Nərminə qızı iddianı qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahatlar verərək tələbin rədd olunmasını xahiş etmişlər, bununla yanaşı əlavə olaraq bildirmişlər ki, iddiaçı könüllü icbari şəhadətnaməni imzalayan zaman müvafiq sığorta qaydaları ilə tanış olduğunu və razılaşdığını təsdiq etdiyinə görə, sığorta şirkəti zərərin həcminin 21500 manat məbləğində olması ilə bağlı iddiaçı ilə razılaşmır, belə ki, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1, 4.1.2 və 4.1.2.1-ci maddələrinə istinadən sığorta şirkəti 3000 manat dəyərində olan nəqliyyat vasitəsinin qalıqlarından imtina etdiyindən və avtomobilin hadisədən əvvəlki dəyəri 17000 manat təşkil etdiyinə görə məsuliyyətin yuxarı həddi 14000 manatdan artıq ola bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: **********603 nömrəli 19.05.2017-ci il tarixli könülli sığorta şəhadətnaməsinin sürətindən görünür ki, “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 may 2017-ci il tarixində könüllü qaydada Cavabdeh sığorta şirkəti ASC tərəfindən sığortalanmış, faydalanan şəxs kimi İddiaçı MMC qeyd edilmiş, 20.05.2017-ci il tarixdən 19.05.2018-ci il tarixədək sığorta məbləği, yəni avtomobilin dəyəri 21500 manat məbləğində müəyyən edilmiş, azadolma məbləği 100 manat miqdarında müəyyən edilmişdir. 11 mart 2021-ci il tarixli Cavabdeh sığorta şirkəti ASC-nin arayışında qeyd edilir ki, “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsi baş verdiyi anandan əvvəlki bazar qiyməti 17000 manat, qalıqları isə 3000 manat təşkil etdiyi üçün sığortaçının məsuliyyət həddi 14000 manatdan artıq ola bilməz. 29 iyun 2021-ci il tarixli 9/3047 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə satış qiyməti təxminən 16000 manat, hadisədən sonrakı qalıq dəyəri təxminən 4000 manat müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. 23 may 2019-cu il tarixli Sumqayıt şəhər polis idarəsinin “cinayət işinin başlanılmasınını rədd edilməsi haqqında” qərarının sürətindən görünür ki, 14 may 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Lada Vesta” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanılmasınını rədd edilmişdir. “Turbo.az” internet saytından əldən olunmuş məlumata əsasən 2016-cı buraxılış ili olan “Lada Vesta” markalı avtomobillərin 2021-ci il üçün qiymətləri 16000-17500 manat civarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1, 4.1.2 və 4.1.2.1-ci maddələrinə əsasən avtonəqliyyat vasitəsinin tam məhv olunması halında sığortaçı avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə, avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiymətini ödəyir. Məhkəmə baxışında tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, 19.05. 2017-ci tarixli **********603 nömrəli sığorta şəhadətnaməsinə əsasən “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili (sığortalı-İddiaçı MMC) könüllü qaydada Cavabdeh Sığorta Şirkətində sığortalamışdır. Həmin avtomobil qanuni əsaslarla lizinq alan X3 istifadəsində olan zaman (23 may 2019-cu il tarixli qərar) 14 may 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yararsız vəziyyət düşmüşdür. İddiaçı MMC Cavabdeh Sığorta Şirkətindən **********603 nömrəli 19.05.2017-ci il tarixli könüllü sığorta şəhadətnaməsinə əsasən 21500 manat sığorta ödənişi tələb etsə də, sığorta şirkəti yolnəqliyyat hadisəsi zamanı avtomobilin lizinq alan X7 tərəfindən deyil, digər şəxs tərəfindən (cavabdeh bununla bağlı sübutlar təqdim edilməmişdir) idarə olunduğundan sığorta ödənişindən imtina etmiş, həmçinin “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1, 4.1.2 və 4.1.2.1-ci maddələrinə əsasən sığorta şirkəti 3000 manat dəyərində olan nəqliyyat vasitəsinin qalıqlarından imtina etdiyindən və avtomobilin hadisədən əvvəlki dəyəri 17000 manat təşkil etdiyinə görə məsuliyyətin yuxarı həddi 14000 manatdan artıq olmaması barədə etiraz vermişdir. Bununla yanaşı 29 iyun 2021-ci il tarixli 9/3047 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən “Lada Vesta” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə satış qiymətinin təxminən 16000 manat, hadisədən sonrakı qalıq dəyəri təxminən 4000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, ekspert rəyi ilə razılaşmır, belə ki, ekspertin istinad etdiyi və məlumatları əldə etdiyi “turbo.az” internet saytında 2016-cı buraxılış ili olan “Lada Vesta” markalı avtomobillərin 2021-ci ili üçün qiymətləri 16000-17500 manat civarında olduğu təqdirdə iki il öncə (2019-cu il) yürüşü aşağı və daha az istismar olan eyni buraxılış ili olan avtomobilin eyni və bəzi hallarda aşağı qiymətə olması inandırıcı deyil, belə ki, hamıya bəllidir ki, avtomobillər ildən-ilə ucuzlaşmaqla yanaşı (istismar, köynəlmə, amortizasiya və sair), hətta sığorta şirkəti özü avtomobilin qalıqlarını 3000 manat məbləğində, hadisədən əvvəlki qiymətini isə 17000 manat məbləğində müəyyən etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı MMC könüllü icbari şəhadətnaməni imzalayan zaman müvafiq sığorta qaydaları ilə tanış olduğunu və razılaşdığını təsdiq etdiyindən, Cavabdeh Sığorta Şirkəti isə etirazında və 11 mart 2021-ci il tarixli müraciətində avtomobilin qalıqlarının 3000 manat məbləğində, avtomobilin hadisədən əvvəlki qiymətinin isə 17000 manat məbləğində olduğunu etiraf etdiyinə görə ödəniləcək məbləğ aşağıdakı qaydada hesablanmalıdır: “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1, 4.1.2 və 4.1.2.1-ci maddələrinə əsasən Cavabdeh Sığorta Şirkəti avtomobilin qalıqlarından (3000 manat) imtina etdiyindən həmin vəsait avtomobilin hadisədən əvvəlki qiymətindən (17000 manat) çıxılmalı, daha sonra həmin məbləğdən 100 manat (franşiza) çıxılmalıdır (17000-3000-100=13900). Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh sığorta şirkəti ASC-dən 13900 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 64,65%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 64,65%-i, yəni 19,39 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 64,65%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 65,64 manatı Atəşgah” sığorta şirkəti ASC-dən, 34,36 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta şirkəti ASC-dən 13900 manat və dövlət rüsumu kimi ödənilmiş 19,39 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 65,64 manatı Atəşgah” sığorta şirkəti ASC-dən, 34,36 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-588/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-588/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver