Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5881/2022 12.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı xx.xx.2020-ci il tarixli, DV2005857 saylı müqavilə üzrə borcun, mediasiya xərcinin tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2ndən İddiaçı xeyrinə 190.566,82 manat dəyərində qalıq borcun, mediasiya təşkilatına ödənilmiş 400 manat, dövlət rüsumu kimi ödənilmiş 80 manat, cəmi 191.046,82 manat məbləğində pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixində DV2005857 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə görə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh2 MMC-nin sifarişinə əsasən onu kompüter avadanlığı ilə təchiz etməli, sonuncu isə kompüter avadanlığını təhvil alıb, dəyərini ödəməli idi (Müqavilənin 1-ci bəndi). Müqavilə bağlanandan sonra iddiaçı şirkət cavabdeh şirkəti mütəmadi olaraq kompüter avadanlığı ilə təchiz etmişdir, lakin cavabdeh malları alsa da, dəyərini ödəməmişdir. Göndərilmiş EBBT 006949, EBBR 599075, EBBR 085436, EBBR 040054, EBBR 040052, EBBQ 949720, EBBQ 747752, EBBQ 552045, EBBP 537340, EBBP 452428 nömrəli e-qaimələr üzrə cavabdeh ƏDV olaraq ancaq 9623,02 manat ödəniş etmişdir. Bundan başqa cavabdeh ƏDV ödənişi etməmişdir. Bundan başqa iddiaçı cavabdehə, sonuncunun etdiyi 1702 manat artıq ödəməni qaytarmalı olduğundan, sözügedən e-qaimələr üzrə borc məbləğindən həmin 1702 manat və ƏDV, cəmi 2008,36 manat çıxılmışdır. Buna görə də cəmi borc məbləği ödənilmiş 9623,02 manat və 2008,36 manat, cəmi 11.631,38 azalır. Beləliklə, cavabdeh şirkətə verilmiş mallara görə 190.566,82 manat dəyərində qalıq borcu bu günədək ödənilməmiş mal satılmışdır. Daha sonra Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 borcun olduğunu yazılı qaydada təsdiq etmiş, həmin borcun hissə-hissə ödəniləcəyini bildirmişdir. Eyni zamanda bu ödəniş olmadıqda borcu şəxsən özü ödəyəcəyi öhdəliyini üzərinə götürmüşdür. Lakin yenə də bu günədək ödəniş aparılmamışdır. Eyni zamanda o, üzləşmə aktını da imzalamaqla, borcun olduğunu təsdiq etmişdir. Cavabdeh Şirkətə 2 dəfə pretenziya göndərilmiş, eyni zamanda ilkin mediasiyaya dəvət edilmişdir. Lakin cavabdeh pretenziyaları cavabsız qoymuş, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq mediatora 400 manat ödənilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 190.566,82 manat dəyərində qalıq borcu məbləğinin, ilkin mediasiya sessiyası xərci kimi mediasiya təşkilatına ödənilmiş 400 manat məbləğinin və - dövlət rüsumu kimi ödənilmiş 80 manat məbləğinin, cəmi 191.046,82 manat pul vəsaitinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilənin predmetini satıcı tərəfindən, alıcının sifarişinə əsasən malların təsnifatı və qiymətlərin razılaşdırılması protokolunda göstərilən kompyuter avadanlığının təchiz edilməsi və onun göstərdiyi ünvanda quraşdırılaraq Alıcıya təhvil verilməsi və Alıcı tərəfindən isə həmin kompyuter avadanlıqlarının təhvil alınması və dəyərinin ödənilməsi təşkil edir. 2.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən mallar təhvil alındıqdan sonra təqdim olunacaq hesab-fakturaya əsasən 10 (on) iş günü ərzində köçürmə yolu ilə aparılacaqdır. 3.2.2-ci bəndinə əsasən müqaviləyə uyğun satıcı tərəfindən təqdim edilmiş kompyuter avadanlığının yoxlanıb yazılı sənəd əsasında qəbul edilməsi və onların dəyərinin ödənilməsi alıcının vəzifələrinə aid edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2020-ci il tarixli DV2005857 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli 1 saylı əlavəyə əsasən İddiaçı MMC-nin (satıcı) ilə Cavabdeh2 MMC (alıcı) malların miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası həmin əlavədə göstərilmiş, qiyməti 1190,04 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında olan xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmaların vəziyyəti aktında Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə borcunun 190566,82 manat məbləğində olduğu qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 tərəfindən tərtib edilmiş izahat ərizəsində Cavabdeh1 Cavabdeh2 MMC-nin şirkətinə məxsus olan borc məbləğinin 190566,92 manat məbləğində olduğunu qeyd etmiş, 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 30-nadək 5000 manat məbləğində ödəniş ediləcəyini təsdiq etmişdir. Ödəniş edimədiyi təqdirdə tam məsuliyyətli olmasını və iddiaçının borcu ondan tələb etməsinə etiraz etmədiyini bildirmişdir. İzahat Cavabdeh1 tərəfindən imzalanmışdır. - İddiaçı MMC tərəfindən 5959 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 537340 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 4852,14 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 599075 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 11916,82 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 006949 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 124880,58 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 437580 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 4631,26 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 040054 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 250,26 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 949720 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 9578,01 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 040052 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 3881,73 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 552045 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 3677,39 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 085436 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 11066,28 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 452428 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 7074,71 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 747752 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən 14430,64 manat məbləğində olan malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 797618 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 MMC-yə göndərilmişdir. İddiaçı MMC, Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh1 xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlayaraq tərəflər arasında bağlanmış müqavilə üzrə 190566,32 manat məbləğində borcun xx.xx.2022-ci il tarixədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən cavabdehin sifariş etdiyi malları cavabdehə təqdim edərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh2 MMC-nin həmin müqavilə üzrə İddiaçı MMC-yə 190.566,82 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 190.566,82 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən 190.566,82 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddianın borc məbləğinin digər Cavabdeh1 tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi, birincisi, onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “izahat” adlı sənəddə Cavabdeh1 Cavabdeh2 MMC tərəfindən ödəniş edilmədiyi təqdirdə iddiaçının borcu ondan tələb etməsinə etiraz etməmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, birtərəfli qaydada tərtib edilmiş göstərilən sənəd Cavabdeh1 Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcunu ödəmək öhdəliyinin yaranması üçün əsas qismində qəbul edilməz. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı halda İddiaçı MMC ilə Cavabdeh1 arasında Cavabdeh1 Cavabdeh2 MMCnin borcunu ödəmək öhdəliyinin yaranması üçün əsas olan müqavilə bağlanmamışdır. Eləcə də göstərilən öhdəliyinin zərər vurulmasından və ya əsassız varlanmadan irəli gəlməsi də iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən Cavabdeh1 Cavabdeh2 MMC-nin yeganə təsisçisi və eyni zamanda direktoru olduğundan Cavabdeh2 MMC-nin öhdəliklərinə görə məsuliyyət daşımalı olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 52.2-ci maddəsinə görə Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 87.1-ci maddəsinə görə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. 49.5-ci maddəsinə görə hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Göründüyü kimi məhdud məsuliyyətli cəmiyyətin təsisçisi həmin cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşımaqla cəmiyyətin öhdəlikləri üçün öz əmlakı ilə məsuliyyət daşımır. Hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə isə qeyd edilməlidir ki, qanunverici icra orqanın rəhbərinin öz fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yalnız təmsil etdiyi hüquqi şəxs qarşısında məsuliyyət daşımasını nəzərdə tutmuşdur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 80 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 480,57 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı çəkdiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən xx.xx.2020-ci il tarixli, DV2005857 saylı müqavilə 190.566,82 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5881/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5881/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver