Məhkəmə qərarları › İş №e-2-2(113)-5881/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5881/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5881/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 114.229,77 manat əsas borcun və ödənilən 410 mediasiya xərclərinin, ümumilikdə 114.639,77 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyi tender komissiyası tender nəticələri elan etmiş və 2163 nömrəli protokol tərtib etmişdir. Protokola əsasən 25 oktyabr 2022-ci il tarixdə “Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi”(Sifarişçi) və İddiaçı QSC (İcraçı) tərəflər arası №129 nömrəli satınalma müqaviləsi bağlanmışdır və 219.004,58 manat məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 11.3 bəndinə əsasən ödəmələr malların təhvil verilməsinə mütənasib olaraq xüsusi qaydada və müddətdə edilməsi nəzərdə tutur. Müqavilə bağlandıqdan sonra icraçı tərəfindən 50%-dən çox 114.229,77 manat məbləğində işlər görülüb, təhvil verilib və quraşdırılma haqqında aktlar imzalanıb, lakin həmin malların alınması ilə əlaqədar hər hansı bir ödəniş edilməmişdir və ödənişlə bağlı dəfələrlə göndərilən müraciətlərə və pretenziya məktublarına baxmayaraq heç bir məlumat verilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında 25 oktyabr 2022-ci il tarixdə 129 nömrəli satınalma müqaviləsi imzalanmışdır. Qeyd edilmiş müqavilə üzrə sifarişçi dəyəri 219.004,58 manat dəyərində malların satın alınması üçün icraçının tender təklifini qəbul etmişdir.

11. Müqavilənin 8.7-ci bəndinə əsasən malların qəbulu aşağıda göstərilən sənədləri təqdim etməklə sifarişçinin və icraçının nümayəndələrinin iştirakı ilə yerinə yetirilir: a) hesab-faktura (bağlanmış müqavilənin nömrəsi və tarixi göstərilməlidir); b) elektron qaimə; c) malların keyfiyyət sertifikatının Azərbaycan dilinə tərcümə olunmuş surəti, ç) mənşə şəhadətnaməsi.

12. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər ( hesab-faktualar, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

13. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış olan müqavilənin predmetini günəş enerji sistemlərinin qurulması təşkil edir. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı və xidmət müqaviləsinin elementlərini özündə birləşdirir.

15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin həqiqi məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

16. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

17. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

18. İş materiallarından görünür ki, EBDL 751501 saylı xx.xx.2023-cü il tarixli dəyəri 49.170,60 manat olan, EBDL 751959 saylı xx.xx.2023-cü il tarixli dəyəri 20.426,51 manat olan, EBDJ 524070 saylı xx.xx.2023-cü il tarixli dəyəri 10.2013,25 manat olan, EBDJ 526814 saylı xx.xx.2023-cü il tarixli dəyəri 34.419,42 manat olan elektron qaimələr İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir.

19. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdə qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə ümumi məbləği 114.229,77 manat təşkil edir.

20. Hazırda da, iddiaçı 114.229,77 manat məbləğində pulun tutulmasını xahiş edir.

21. Cavabdeh məhkəməyə ünvanladığı mülahizəsində tərəflər arasında bağlanmış müqavilənin icra müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq İddiaçı QSC tərəfindən həmin tarixədək müqavilə üzrə heç bir öhdəliyin icra edilmədiyini və İddiaçı QSC-nin müraciətləri əsasında xx.xx.2023-cü il tarixli 12 nömrəli razılaşma ilə müqavilənin icra müddətinin xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 27 nömrəli razılaşma ilə xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 42 nömrəli razılaşma ilə isə xx.xx.2023cü il tarixədək uzadıldığını və bundan sonra müəssisə tərəfindən müxtəlif tarixlərdə 114.229,77 manat dəyərində günəş enerjili sistemlər təyin olunmuş yerə təhvil verilərək müvafiq hərbi hissələrdə quraşdırıldığını, lakin müqavilənin 104.774,78 manat dəyərində digər hissəsinin bugünə kimi icra edilmədiyini, yaranmış borcla bağlı Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsindən verilmiş sorğuya cavab olaraq Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən göndərilmiş xx.xx.2023-cü il tarixli 19/4181 nömrəli məktubda müqavilənin 2022-ci büdcə ilinə aid olması səbəbindən yuxarıda göstərilən məbləğdə vəsaitin İddiaçı QSC-yə ödənilmədiyini qeyd etmişdir.

22. Göründüyü kimi, cavabeh tərəf də, 114.229,77 manat dəyərində malların verildiyini xidətri göstərildiyini bildirmiş və qeyd edilmiş məbləğdə borcun qaldığını etiraf etmişdir.

23. Ona görə də, Məhkəmə hesab edir ki, 114.229,77 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənməlidir.

24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə, 410 manat məbləğində pul Bakı 02 saylı Mediasiya təşkilatına ödənmişdir.

25. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənməlidir.

26. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 114.229 (bir yüz on dörd min iki yüz iyirmi doqquz) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar