Məhkəmə qərarları › İş №e-2-2(113)-5884/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5884/2025

06.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5884/2025 06.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2016-cü il tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fəaliyyət göstərmişdir. Əsas fəaliyyət istiqaməti kafelərin fəaliyyəti ilə bağlı olmuşdur.

2. Maraqlı şəxsə aid olan şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə 11723,52 manat ödənilməmiş borcu olmuşdur.

3. Ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış – **********7 nömrəli bildirişlə vergilər üzrə 692,06 manat, maliyyə sanksiyaları üzrə 11553,27 manat məbləğində borcun, **********3 nömrəli bildirişlə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 2277,50 manat, faizlər üzrə 79,79 manat məbləğində borcun, **********7 nömrəli bildirişlə işsizlikdən sığorta haqqı üzrə 80,84 manat, faizlər üzrə 2,91 manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

4. Ərizəçi Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 11370,51 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 146,43 manat, İşsizlikdən sığorta fonduna olan 4,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs oğlu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 146,43 manat, İşsizlikdən sığorta fonduna 4,07 manat, dövlət büdcəsinə 11370,51 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 11370,51 manat) olmaqla, ümumilikdə 11521,01 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********480100, xx.xx.2025-ci il tarixli **********062500, xx.xx.2025-ci il tarixli **********229800, xx.xx.2025-ci il tarixli **********297000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Baki Şəhəri, Xətai Rayonu, Gəncə Prospekti, Ev 69, Mənzil 125 ünvanında yaşayır.

b) Ərizəyə qarşı etirazın dəlilləri

6. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ödəniş qəbzləri təqdim edərək bütün borcu ödədiyini bildirmiş və ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:

11. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

12. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

14. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

MƏHKƏMƏNİN MÖVQEYİ

15. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir.

16. Belə ki, Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, məhkəmə icraatının gedişində Maraqlı şəxs hesablanmış dövlət büdcəsinə və büdcədənkənar fondlara vergi borcu üzrə ödənişi tam olaraq həyata keçirmişdir. Qeyd edilən fakt maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərində öz əksini tapır.

17. Beləliklə məhkəmə vergi borcu ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi, maraqlı şəxs tərəfindən vergi borcunun tam ödənildiyini nəzərə alaraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar