Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-589/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 25.05.2007-ci il tarixli, 279 saylı X7 Müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 24.01.2014-cü il tarixli Müqavilə üzrə 1.800.000 manat əsas borcun, 1.490.781,27 manat faiz borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş 2 il 8 ay 27 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə 04.05.2021-ci il tarixədək hesablanmış 246.750 manat faiz borcun, Mülki Məcəlləsinin 449.1; 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 2 il 8 ay 27 gün üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış 308.437,50 manat faizin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 4.077.195,89 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 25 may 2007-ci il tarixli 279 saylı X7 müqaviləsi və Öhdəliklərin verilməsi haqqında 24.01.2014-cü il tarixli müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 1490781.27 manat, cəmi borc 3290781.27 manatın tutulub iddiaçının xeyrinə köçürülməsi, cavabdehdən 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xətti işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 25.05.2007-ci il tarixli, 279 saylı X7 Müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 24.01.2014-cü il tarixli Müqavilə üzrə 1.800.000 manat əsas borcun, 1.490.781,27 manat faiz borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş 2 il 8 ay 27 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə 04.05.2021-ci il tarixədək hesablanmış 246.750 manat faiz borcun, Mülki Məcəlləsinin 449.1; 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 2 il 8 ay 27 gün üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış 308.437,50 manat faizin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 4.077.195,89 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (əvvəlki adı «X9» QSC) ilə bağlanmış 25 may 2007-ci il tarixli 279 saylı X7 müqaviləsinə və Öhdəliklərin verilməsi haqqında 24.01.2014-cü il tarixli müqaviləyə uyğun olaraq 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xətti cavabdehə lizinqə istifadəyə verilmişdir və cavabdeh lizinq haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh lizinq haqqını ödəmir. Lizinq haqqının ödənilməsi ilə bağlı cavabdehə müvafiq pretenziya göndərilmiş, lakin cavabdeh bu pretenziyaya cavab verməmiş və borcu ödəməmişdir. Pretenziya göndərilən tarixə 25 may 2007-ci il tarixli 279 saylı “X7” müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 1490781.27 manat, cəmi borc 3290781.27 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh ilə aparılan danışıqlar heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, lizinq predmeti olan avadanlıqla cavabdehdə olan avadanlıq fərqli avadanlıqlardır, bunu müəyyən etmək üçün məhkəmə tərəfindən baxış keçirilməli idi. Həmçinin iş materiallarında olan sənədlərdən də görünür ki, qeyd olunan avadanlıq müqavilənin müddəti bitdikdən sonra verilən avadanlıqdır. Müqavilənin müddətinin bitdikdən sonra avadanlığın verilməsi əsaslı sayıla bilməz. Müqavilədə ödənişlərin hansı tarixdən başlaması belə göstərilməmışdır. İstinad edilən 25 may 2007-ci il tarixli müqavilə iddiaçı ilə “LƏL” firması arasında 3 il müddətinə bağlanmış, müqavilənin müddəti 25 may 2010-cu il tarixdə bitmişdir. Belə olan halda 2014-cü ildə müddəti bitmiş müqavilə üzrə öhdəliyin cavabdehə ötürülməsi mümkünsüz idi. Buna görə də mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4, X3 izahatı ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti 27.06.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti 19.11.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Lizinqverən) ilə “LƏL” firması (Lizinqalan) arasında bağlanmış 279 saylı 25 may 2007-ci il tarixli X7 müqaviləsindən görünür ki, Lizinqverən Lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə «əlavə 2» qismində qoşulmuş "xxxx" QSC və «X11 Parts» şirkəti arasında imzalanmış 05 mart 2007-cı il tarixli 05/a alqısatqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı üzrə xətt Lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində lizinqə verməyi, Lizinqalan isə lizinq haqqını Lizinqverənə ödəmə cədvəlinə uyğun olaraq ödəməyi öhdələrinə götürmüşlər. 05 avqust 2008-ci il tarixli Təhvil-təslim protokolundan görünür ki, «X9» QSC 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini “LƏL” firmasına təhvil vermişdir. “LƏL” firması ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 iyun 2009cu il tarixli Öhdəliklərin verilməsi haqqında müqavilədən görünür ki, “LƏL” firması, «X9» QSC ilə bağladığı 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsi üzrə bütün öhdəliklərini "xxxx" ASC-yə verir, "xxxx" ASC isə bu öhdəlikləri tam həcmdə qəbul edir. 30 iyun 2009-cu il tarixli Təhvil-təslim aktından görünür ki, «X9» QSC və “LƏL” firması 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil vermişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli Öhdəliklərin verilməsi haqqında müqavilədən görünür ki, "xxxx" ASC, «X9» QSC ilə bağladığı 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsi üzrə bütün öhdəliklərini və hüquqlarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu öhdəlikləri və hüquqları tam həcmdə qəbul edir. 24 yanvar 2014-cü il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" ASC və «X9» QSC 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini tam, işlək vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil vermişdir. Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 1.800.000 manat əsas, 1.490.781,27 manat faiz, cəmi 3.290.781,27 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndələrinin və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Lizinqverən) ilə “LƏL” firması (Lizinqalan) arasında 279 saylı 25 may 2007-ci il tarixli X7 müqaviləsi bağlanmış və müqaviləyə əsasən Lizinqverən Lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə «əlavə 2» qismində qoşulmuş "xxxx" QSC və «X11 Parts» şirkəti arasında imzalanmış 05 mart 2007-cı il tarixli 05/a alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı üzrə xətt Lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində lizinqə verməyi, Lizinqalan isə lizinq haqqını Lizinqverənə ödəmə cədvəlinə uyğun olaraq ödəməyi öhdələrinə götürmüşlər. «X9» QSC 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini 05 avqust 2008-ci il tarixli Təhvil-təslim protokolu ilə “LƏL” firmasına təhvil vermişdir. “LƏL” firması ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 iyun 2009-cu il tarixli Öhdəliklərin verilməsi haqqında müqaviləsi bağlanmış və müqaviləyə əsasən “LƏL” firması, «X9» QSC ilə bağladığı 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsi üzrə bütün öhdəliklərini "xxxx" ASC-yə vermiş, "xxxx" ASC isə bu öhdəlikləri tam həcmdə qəbul etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 24 yanvar 2014-cü il tarixli Öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" ASC, «X9» QSC ilə bağladığı 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsi üzrə bütün öhdəliklərini və hüquqlarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vermiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu öhdəlikləri və hüquqları tam həcmdə qəbul etmiş və lizinqi müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xətti 24 yanvar 2014-cü il tarixli Təhvil-təslim aktı ilə tam, işlək vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Cavabdehin iddiaçıya 25.05.2007-ci il tarixli 279 saylı X7 müqaviləsi üzrə borcu 1.800.000 manat əsas, 1.490.781,27 manat faiz, cəmi 3.290.781,27 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X7 müqaviləsinə və “Öhdəliklərin verilməsi haqqında” 24.01.2014-cü il tarixli Müqaviləsinə istinad edir. Məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 25.05.2007-ci il tarixli, 279 saylı X7 Müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 24.01.2014-cü il tarixli Müqavilə üzrə iddiaçıya olan əsas və faiz borcları təsdiq olunduğundan 1.800.000 manat əsas borc və 1.490.781,27 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə hesab edir ki, lizinq müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, eyni zamanda müqavilələrin müddətlərinin qurtarmasını nəzərə aldıqda, cavabdeh iddiaçıdan aldığı 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini tam, işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 246.750 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə iddia tələbinin gecikdirilmiş əsas məbləğə hesablanmış faizə münasibətdə hesab edir ki, lizinq müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 6.25 faiz təşkil edir. Tələbdən də göründüyü kimi iddiaçı pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizi, məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi, yəni 6.25 faiz ilə tələb edir ki, belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixlərdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 308.437,50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, 279 saylı 25 may 2007-ci il tarixli X7 müqaviləsi üzrə öhdəliklər Öhdəliklərin verilməsi haqqında müqavilələr ilə "xxxx" ASC-yə, sonra isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir ki, hər müqavilə üzrə lizinq haqqının ödənilməsinin yeni müddətləri müəyyən edilməklə qrafiklər tərtib edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə tərtib olunmuş ödəniş qrafikindən görünür ki, ödəniş müddəti 07.09.2014cü il tarixdən 07.08.2018-ci il tarixədək müəyyən olunmuş, iddiaçı isə iddia ilə məhkəməyə 30.11.2020-ci il tarixdə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti keçmədiyindən hazırki işə münasibətdə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25.05.2007-ci il tarixli, 279 saylı X7 Müqaviləsi və "Öhdəliklərin verilməsi haqqında” 24.01.2014-cü il tarixli Müqavilə üzrə 1.800.000 manat əsas borc, 1.490.781,27 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş 2 il 8 ay 27 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə 04.05.2021-ci il tarixədək hesablanmış 246.750 manat faiz borcu, Mülki Məcəlləsinin 449.1; 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 2 il 8 ay 27 gün üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış 308.437,50 manat faiz, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət büdcəsinin vəsaiti hesabına alınmış İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-589/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-589/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver