Məhkəmə qərarları › İş №e-2-2(113)-5897/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5897/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5897/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 3214 (üç min iki yüz on dörd manat) məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,14 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli, 284/2024 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri3214 (Üç min iki yüz on dörd manat) məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və 3ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 3214 (üç min iki yüz on dörd manat) hissəsini bu günədək ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 284/2024 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən:

8. Müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya ümumi dəyəri 3214 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır.

9. Müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 3214 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir.

10. Müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 3214 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 5-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti Alıcı tərəf daşıyır.

12. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.

13. xx.xx.2024-cü il tarixli, 284/2024 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 3214 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmiş və aktı hər iki tərəf təsdiq etmişdir.

14. Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə İddiaçı MMC ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə 3214 manat borcunun yarandığını, borcunu etiraf etdiyini, xx.xx.2025-ci ilə qədər tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir.

15. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən:

16. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 3214 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 3214 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.

17. Müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 1071,33 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.

18. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə kreditorun qeydiyyatda olduğu ünvan üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən və ya mübahisə İnzibati-İqtisadi Məhkəməsinə aid olduğu halda, Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılacaqdır.

19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 284/2024 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1-ci bənidnə əsasən satıcı alıcıya ümumi dəyəti 3214 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 3214 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul etməyi və müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya olan borcunu 3214 manat olmaqla 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh aldığı mallara görə pulu iddiaçıya ödəməmişdir.

28. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və borcun etirafına dair ərizə və mücərrəd müqavilə ilə təsdiqini tapdığı üçün iddia tələbinin 3214 manat borca dair təmin olunması üçün əsaslar mövcuddur.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3214 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3214 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 52,14 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir.

31. MPM-in:

32. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

34. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu xərcinin əvəzi olaraq 52,14 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 3214 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 52,14 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar