Məhkəmə qərarları › İş №e-2-2(113)-590/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-590/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-590/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1483 manat ödənilməmiş pulun, 210 manat hüquq xidməti üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə 1723 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC bir qayda olaraq mülki dövriyyədə müxtəlif avtomobil ehtiyyat hissələrinin satışı üzrə fəaliyyət göstərir. İddiaçı ilə Cavabdeh MMC arasında 347 M/2020 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 1750 (min yeddi yüz əlli) manat dəyərində müxtəlif avtomobil ehtiyyat hissələri verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 267 (iki yüzaltmış yeddi) manatını ödəmiş, qalan hissəsini isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh qeyd edilən borcu ödəmədiyindən İddiaçı MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3902 manat ödənilməmiş borcun, 210 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə 4142 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında bağlanmış 347 M/2020 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona satmağı, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. -Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir. -Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən alınmış malların dəyəri 2 gün müddətində ödənilməlidir. -Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən satıcının müvafiq bank hesabına köçürmə yolu ilə həyata keçirilir və ya nağd şəkildə satıcıya ödənilir. -Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş mallar təhvil alınandan sonra ən geci 2 gün müddətində aparılmalıdır. -Həmin müqavilənin 5.2-ci bəndinə əsasən razılıq əldə olunmadıqda mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll olunur. -Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən xx.xx.2021ci ilə kimi qüvvədədir. -EBAL seriyalı 034621 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, “İddiaçı” MMC tərəfindən "Cavabdeh" MMC-yə 20 adda mal satılmış və satılan malların ümumi dəyəri 1750 manat təşkil etmişdir. -ƏDV sub-uçot hesabından çıxarışa əsasən "Cavabdeh" MMC tərəfindən xx.xx.2020ci il tarixdə 267 manat pul vəsaiti köçürülmüşdür. - Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat barədə xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən göndərilmiş elektron qaimələr təsdiqlənmişdir. -407398 nömrəli xx.xx.2020-ci il tarixli qaimədən görünür ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdeh "Cavabdeh" MMC-yə çatdırlmış, sonuncunun səlahiyyətli nümayəndəsinın imzası ilə qaimədə qeyd edilən sənədlər qəbul edilmişdir. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 19 saylı vəkil bürosunun hesabına 808 saylı sənədə əsasən 210 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya olan borcu 3902 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 210 manat hüquqi yardım və 30 manat dövlət rüsumu üçün ödənilmiş pul məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat hüquqi yardım və 30 manat dövlət rüsumu üçün ödənilmiş pul məbləği cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh "Cavabdeh" MMC-dən 3902 (üç min doqquz yüz iki) manat ödənilməmiş borc, 210 (iki yüz on) manat hüquqi xidmət üçün çəkilmiş xərc və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 4142 (dörd min yüz qırx iki) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "Cavabdeh" MMC-dən 347 M/2020 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3902 (üç min doqquz yüz iki) manat, 210 (iki yüz on) manat hüquqi xidmət üçün çəkilmiş xərc və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 4142 (dörd min yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar