Məhkəmə qərarları › İş №e-2-2(113)-590/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-590/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-590/2022 28.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1, Cavabdehn iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli müqavilə üzrə 16,284.00 manat gecikdirilmiş borc və hesablanmış 4,850.93 manat cərimə borcu olmaqla, cəmi 21.134,93 manatın, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 21.584,93 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli müqavilə üzrə 16,284.00 manat gecikdirilmiş borc və hesablanmış 4,850.93 manat cərimə borcu olmaqla, cəmi 21.134,93 manatın, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 21.584,93 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə Texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixə Müqavilə üzrə 16,284.00 manat gecikdirilmiş borcu və hesablanmış 4,850.93 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icraedilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-cimaddəsinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 08.12.2021-ci il tarixdə Cavabdeh arasında ilkin mediasiya sessiyası keçirilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Həmçinin müqavilə üzrə iddia tələbinin 21.134,93 manat olmasını nəzərə alaraq “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 2021-MŞİH-08823 nömrəli Arayışa əsasən Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin 3.5-ci bəndinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 (iki yüz) manat vəsait ödənilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın əsas borc hissəsini etiraf etdi və cərimə hissəsinə etiraz edərək izahatında bildirdi ki, pandemiya səbəbindən, bundan başqa texnikanın mühərriki yandıgı üçün işləyə bilməmiş bu səbəbdəndə iddiaçıya borcu yaranmışdır. Sonda cavabdeh cərimənin silinməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə lizinq müqaviləsindən görünür ki, "xxxx" ASC cavabdehə ümumi məbləği 90 350,00 manat olan və bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata uyğun texnikanı dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh avadanlığın dəyərindən 9035,00 manat məbləği əvvəlcədən "xxxx" ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 24 avqust 2018-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC tərəfindən texnikalar cavabdehə təhvil verilmişdir. 26.08.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli müqavilə üzrə 16,284.00 manat gecikdirilmiş borc və hesablanmış 4,850.93 manat cərimə borcu təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə cavabdeh arasında 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" ASC cavabdehə ümumi məbləği 90350 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən texnikaları dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh avadanlığın dəyərindən 9035 manat məbləği əvvəlcədən "xxxx" ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" ASC tərəfindən texnikalar cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqaviləyə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Cavabdehin iddiaçıya olan borcu 16,284.00 manat gecikdirilmiş borc və hesablanmış 4,850.93 manat cərimə borcu təşkil etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan lizinqi müqaviləsinə istinad edir. Məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli lizinq müqaviləsi üzrə iddiaçıya olan gecikdirilmiş borcu təsdiq olunduğundan 16,284.00 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 4,850.93 manat dəbbə pulu məbləği yaranmış 16,284.00 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 600 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 27 may 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin surətindən və ödəniş tapşırıgından görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, vəkillə müqavilə baglansada O, məhkəmə iclaslarında iştirak etməmişdir. Belə olan halda məhkəmə iddia ərizəsinin və digər sənədlərin hazırlanması üçün vəkilin göstərdiyi yardıma görə ödənilmiş 350 manat məbləğin 100 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli müqavilə üzrə 16,284.00 manat gecikdirilmiş borc, 600 manat cərimə və hüquqi yardımla bağlı 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsini nəzərə alaraq 22,10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21.08.2018-ci il tarixli 1142-L/18 nömrəli müqavilə üzrə 16284 manat gecikdirilmiş borc, 600 manat cərimə, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və vəkilin göstərdiyi yardıma görə 100 manat, cəmi 17084 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 22,10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar