Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-591/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, maliyyə lizinqi, tələbin ixtiyarlı şəxsə icra edilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Şəki-0030 nömrəli üçtərəfli sazişə əsasən 892 manat gecikdirilmiş əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" MMC və cavabdeh arasında xx.xx.2019-cu il tarixli 282 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Tarimos T-HM 24” markalı texnika 36 ay müddətinə lizinqə verilmişdir. İddiaçı, "xxxx" MMC və cavabdeh arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 12 avqust 2020-ci il tarixli Şəki-0030 nömrəli saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçıya ötürülmüşdür. 2.2. Cavabdeh müqavilə və sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında xx.xx.2024-cü il tarixinə 892 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli PLM-24/0570 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. 2.3. Beləliklə, cavabdehin İddiaçı ASC qarşısında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 12 avqust 2020-ci il tarixli 0030 nömrəli sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 892 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 445, 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7289/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, üçtərəfli saziş əsasında iddiaçıya keçən tələb hüququ 3531,73 manat həcmində olmuş, həmin məbləğdən cavabdehin 892 manat borcu qalmışdır. Cavabdehin qeyd etdiyi digər ödənişlər isə iddiaçıya edilməmişdir. Həmçinin üçtərəfli sazişdə texniki yanlışlıqla 14 oktyabr 2019-cu il tarixli müqavilə əvəzinə 12 noyabr 2019-cu il tarixli müqaviləyə istinad edilmişdir.
8. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, lizinq müqaviləsi üzrə bütün borc məbləğini ödəmişdir. Dəfələrlə iddiaçıya bank hesabı məlumatının verilməsi barədə müraciət etsə də, sonuncu, ödənişlərin edilməsi üçün rekvizit təqdim etməmişdir. Bu səbəbdən ona məlum olan hesaba bütün ödənişləri etmişdir.
9. Məhkəmənin növbəti baxış iclasının yeri və vaxtı barədə Mülki Prosessual Məcəllənin 188.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirak olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha23 sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. Məhkəmə iş materialları əsasında aşağıdakıları müəyyən edir: - Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli 282 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, sonuncu ümumi məbləği 5824 manat olan 1 ədəd “Tarimoz T-HM 24” markalı texnikanı dəyəri tam ödənildikdən və sənədləşmə işləri başa çatdıqdan sonra cavabdehin mülkiyyətinə vermək şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanı qəbul edərək, 1600 manat ilkin ödənişi əvvəlcədən ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüş, ödəniş qrafikinə əsasən 4224 manat lizinq məbləğinin 36 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. - Lizinq verən ("xxxx" MMC) “Hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020ci il tarixli üçtərəfli sazişə əsasən adıçəkilən lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərini xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün lizinq ödənişlərinin hüquq qəbul edən şəxsə ödənilməsi şərti ilə iddiaçıya ötürmüş, cavabdeh qeyd olunan tarixdən sonrakı dövr üçün qrafik üzrə hər hansı ödəniş həyata keçirməmişdir.
14. İddiaçı xx.xx.2024-cü il tarixə olan 892 manat gecikdirilmiş lizinq ödənişlərinin cavabdehdən tutulmasını tələb edir.
15. Cavabdeh iddiaya pulun tutulması hissəsində etiraz edir, ödəniş sənədləri təqdim edərək borc məbləğinin ödənildiyini bildirir.
16. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
17. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
18. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
19. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
20. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
21. İş materiallarına əlavə edilən cavabdeh tərəfindən təsdiq edilmiş üzləşmə və təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixə cavabdehin xx.xx.2019-cu il tarixli 282 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə borcu 3784 manat təşkil edir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi həmin məbləğin texniki səhv nəticəsində artıq göstərildiyini, cavabdehin 3531,73 manat məbləğində borcu qaldığını bildirmişdir.
22. Məhkəməyə təqdim edilən cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 864 manat və 400 manat, xx.xx.2023-cü il tarixdə 1376 manat ödəniş edilmişdir.
23. Cavabdeh həmçinin xx.xx.2020-ci il tarixdə 528 manat və xx.xx.2020-ci il tarixdə 528 manat ödəniş etdiyini bildirir və ödəniş sənədlərini təqdim edir.
24. Təqdim edilən bank hesabından çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə 528 manat və xx.xx.2020-ci il tarixdə 528 manat xx.xx.2019-cu il tarixli 282 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə istinad edilməklə cavabdeh tərəfindən AZ25CTRE******************** nömrəli bank hesabına köçürülmüşdür.
25. İddiaçı tərəfindən cavabdehin istinad etdiyi bank hesabının ona məxsus olmamasını təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş 07 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadəyə dair müqavilənin 12-ci bəndindən görünür ki, AZ25CTRE******************** nömrəli bank hesabı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur.
26. Belə olan halda, cavabdeh tərəfindən edilmiş ödəniş təyinatından asılı olmayaq ixtiyarlı şəxsə – iddiaçıya ödənilmədiyindən (ödənişin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə edildiyi aydın olur) xx.xx.2019-cu il tarixli 282 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə öhdəliyin icrası kimi qəbul edilə bilməz.
27. Belə ki, Mülki Məcəllənin 433-cü maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
28. Hazırkı halda borclu tərəfindən öhdəlik ixtiyarsız şəxsə münasibətdə icra edilmiş, kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi ilə bağlı dəlillər isə iş materiallarında mövcud olmamışdır.
29. Digər tərəfdən, cavabdeh iddiaçının hesab məlumatlarını ona təqdim etməməsi səbəbindən məlum olan hesaba ödəniş etdiyini bildirsə də, göstərilməlidir ki, iddiaçı, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Şəki-0030 nömrəli üçtərəfli sazişdə iddiaçının bank hesabı məlumatları əks olunmuş (İBAN – AZ90PAHA40060AZNHC**********), başqa sözlə, cavabdehə həmin məlumatlar aşkar olmuş, həmçinin cavabdeh tərəfindən sonrakı ödəniş də (xx.xx.2023-cü il tarixli) məhz həmin hesaba edilmişdir.
30. Belə olan halda, cavabdehin iddiaçının bank hesabı barədə məlumatlı olmaması, bu səbəbdən də ona məlum olan AZ25CTRE******************** nömrəli bank hesabına ödəniş etməsi barədə arqumentləri əsassızdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli Şəki-0030 nömrəli üçtərəfli saziş üzrə cavabdehin iddiaçıya olan borcu 891,73 (3531,73 – 864 – 400 – 1376) manat təşkil edir.
32. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə və İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli üçtərəfli saziş üzrə 891,73 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
38. İddiaçı həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə və İddiaçı Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli üçtərəfli saziş üzrə 891,73 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova