Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5913/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 5006.27 manat məbləğində əsas borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə 500.62 manat məbləğində dəbbə pulu və 75.47 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən X4 ilə xx.xx.2023-cü il tarixdə 03 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışıq. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh təhvil aldığı məhsullara görə tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 5006.27 manat borcunu ödəməmiş və bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. xx.xx.2023-ci il tarixli 03 saylı Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı təhvil aldığı məhsullara görə ən geci 35 gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcı Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.2-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkil edən 500.62 manat məbləğində dəbbə pulu yaranmışdır. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 5006.27 manat məbləğində əsas borcu və 500.62 manat məbləğində dəbbə pulu yaranmışdır. Həmin müqavilənin 8.1-ci bəndinə qeyd olunduğu kimi müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, Alqı-Satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara alınmışdır. Bununla da, İddiaçı MMC olaraq pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasənda malları alıcıya satır, alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bənidnə əsasən təchiz olunmuş əhsullarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablamaların tutuşdurulmasına üzləşmə aktı tərtib oluna bilər.
10. Müqavilənin 2.4-cü bəndinə əsasən məhsullar təhvil verilərkən tərəflər təhvil-qəbul aktını və ya təhvil-qəbuli təsdiq edən müvafiq sənədləri imzalayır.
11. Müqavilənin 5.1-ci bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcı Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir.
12. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edilir.
13. İşdə olan malların təhvil-qəbul aktlarından görünür ki, mart 2023-cü il tarixdən avqust 2023-cü il tarixinə kimi iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və miqdarda içki məhsulları (Pepsi, Mirinda, Fruktoviy sad və s.) satılmışdır. Satılmış mallara dair e-qaimələr də cavabdehə göndərilmişdir.
14. 18.05.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixində EBCO943324, EBDA099748, EBDA099754, EBDC114420 eqaimələr üzrə 5641,74 manat məbləğində ödəniş edilmişdir.
15. İddiaçının xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən elektron qaimə əsasında N.Qələndərliyə 19553,09 manat (ədv daxil) dəyərində müxtəlif adlı, çeşidli məhsullar satılmış. N.Qələndərli 2844,80 manat dəyərində məhsul qaytarma etmiş və 11702,02 manat ödəniş etmişdir. Nəticədə dövrün sonuna cavabdehin iddiaçıya 5006,27 manat borcunun yaranması qeyd olunmuşdur.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasənda malları alıcıya satır, alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, qiymət razılaşdırm protokolları, təhvil-təslim aktı, e-qaimələr, qismən ödəniş ilə təstiq olunduğu üçün 5006,27 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5006,27 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5006,27 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 500,62 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 250 manat məbləğində müəyyən edilməlidir.
30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 75,07 manat dövlət rüsumu ödənilmişdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün 75,07 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X2 5006,27 manat əsas borc, 250 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 75,07 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova