Məhkəmə qərarları › İş №e-2-2(113)-5918/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5918/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5918/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Natig Mamedovun, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 yanvar 2024-cü il tarixli, SPARK-002/2024 saylı alqı-satqı müqaviləsi üzrə 29494,10 (iyirmi doqquz min dörd yüz doxsan dörd manat on qəpik) manat əsas borc, 2700 (iki min yeddi yüz) manat cərimə, 186,60 (bir yüz səksən altı manat altmış qəpik) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 32380,70 (otuz iki min üç yüz səksən manat, yetmiş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 yanvar 2024-cü il tarixli, SPARK-002/2024 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə sonuncunun mülkiyyətinə əlavə dəyər vergisi daxil olmaqla, 29494,10 (iyirmi doqquz min dörd yüz doxsan dörd manat on qəpik) manat məbləğində müxtəlif markalı beton məhlulu, beton məhsulları və pompa xidməti təhvil verilmişdir. Lakin alınan malın dəyəri ödənilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini mallar təhvil verildikdən sonra 28 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfr tam yüzdə bir) məbləğində cərimə ödəyir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi Natig Mamedov məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən, yəni əsas borc məbləği hissəsində qəbul edir. Lakin cərimə borcu ilə razı deyil və həmin hissədə iddianın təmin edilməməsini xahiş edir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında 11 yanvar 2024-cü il tarixli, SPARK-002/2024 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini mallar təhvil verildikdən sonra 28 gün ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən tərəflər bu müqaviləyə uyğun olaraq təqdim olunacaq mallar ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş özlərinə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərinin edilməsi öhdəliyinin icrasına görə özləri məsuliyyət daşıyırlar.

8. Tərəflər arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli, SPARK-002/2024 nömrəli alq-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 523188 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1416 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 328346 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1404,20 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 614303 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 443,68 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 326448 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2453,22 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 825236 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5109,40 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 139798 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 415,36 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 693789 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3537,64 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 103715 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1380,60 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 185209 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5133 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 668775 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 236 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 017224 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3894 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 310141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4307 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 011733 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 708 manat (ƏDV daxil) təşkil edir.

22. İddiaçı tərəfindən iş materiallarına “hesabat” adlı sənədlər təqdim edilmişdir.

23. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 29494,10 manat (24995 manat əsas və 4499,10 manat ƏDV) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 24494,10 manat borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

27. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

28. İddia tələbinin bir hissəsini cavabdehdən 11 yanvar 2024-cü il tarixli, SPARK- 002/2024 saylı alqı-satqı müqaviləsi üzrə 29494,10 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

29. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, SPARK- 002/2024 saylı alqı-satqı müqaviləsi üzrə 29494,10 manat (iyirmi doqquz min dörd yüz doxsan dörd manat on qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

30. Belə ki, tərəflər arasında qalıq borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin aktda xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 29494,10 manat (24995 manat əsas və 4499,10 manat ƏDV) borcunun olduğu qeyd olunmuşdur.

31. Bundan əlavə, iddiaçı cavabdehdən 2700 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

32. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1400 (min dörd yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

33. Eləcə də, iddiaçı 186,60 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

34. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 179 (yüz yetmiş doqquz manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, SPARK-002/2024 saylı alqı-satqı müqaviləsi üzrə 29494,10 manat (iyirmi doqquz min dörd yüz doxsan dörd manat on qəpik) borc, 1400 (min dörd yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 179 (yüz yetmiş doqquz manat) manat olmaqla, cəmi 31073,10 manat (otuz bir min yetmiş üç manat on qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar