Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5924/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qaimə-fakturada düzəliş edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qaimə-fakturada düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İlk iddia üzrə İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 50150 manat məbləğində müqavilə qiyməti, 16198,45 manat məbləğində dəbbə pulu, 3500 manat məbləğində vəkil xidməti haqqının (xərcinin) əvəzi, 300 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 032-23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənişin malların çatdırılmasından sonra 30 təqvimi günü ərzində edilməsinin qeyd olunmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin sentyabr ayında alınan ƏDV daxil 50150 (əlli min bir yüz əlli) manat dəyərində olan malların ödənişi olunmamışdır. Mallar xx.xx.2023-cü il tarixdə təhvil verilmiş, elektron qaimə-faktura isə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Həmin tarixdən bu günədək 323 gün ötmüşdür. Müqavilənin 7.4-cü bəndinə əsasən ödəniş vaxtında edilmədiyi halda hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0,1%-i həcmində iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb edə bilər. Buna görə ötən 323 gün üçün dəbbə pulu da tələb edilir.
3. İlkin iddia tələbinə Cavabdeh MMC tərəfindən etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olan ödəniş sənədlərində uyğunsuzluq vardır. Belə ki, tərəflər arasında mövcud olan 5287 nömrəli, 7 dekabr 2023-cü il tarixli “Satınalma Sifarişi”-nə nəzər saldıqda görmək mümkündür ki, 7 dekabr 2023-cü il tarixində cavabdeh tərəfindən müqavilənin 2.1-ci maddəsinə müvafiq olaraq ƏDV daxil 50150 manat dəyərində mallar sifariş verilmiş, 8 dekabr 2023-cü il tarixli, 8776 nömrəli mədaxil orderində göstərildiyi kimi, 8 dekabr 2023-cü il tarixində sifariş edilən mallar cavabdehin anbarına daxil olmuşdur. Məlum məsələdir ki, tərəflər arasında mövcud olan ödəniş sənədlərində ziddiyyət mövcuddur. Bu halda iddiaçı cavabdehə 8 dekabr 2023-cü ildə çatdırdığı malların ödənişini tarixini yanlış qeyd etdiyi elektron qaimə-faktura əsasında tələb edir. Bu da haqlı olaraq, cavabdehin ödənişi həyata keçirməsinə mane olur. Müqavilənin 3.2-ci bəndində də vurğulandığı üzrə, cavabdeh tərəfindən ödənişlər yalnız bütün ödəniş sənədləri cavabdehə təqdim olunduqdan sonra ödənilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən əvvəlcədən sifariş edilən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt tərtib edilməlidir. Lakin məhkəməyə təqdim edilən sənədlərdən də göründüyü kimi, sifariş orderi ilə malların cavabdehin anbarına daxil olduğu tarix və elektron qaimə-faktura ilə təhvil-təslim aktının tarixləri arasında ziddiyyətlər mövcuddur. Cavabdeh tərəfindən bu ziddiyyət elektron poçt və telefon danışıqları vasitəsilə dəfələrlə iddiaçıya bildirilsə də, iddiaçı bu məsələyə laqeyd yanaşaraq ödənişi tələb etmiş, yalnız ödəniş həyata keçirildikdən sonra sənədləşmədə müvafiq düzəlişlərin aparılacağını bildirmişdir. 2. İddiaçı müqavilə üzrə hüquqlarından sui-istifadə etmək niyyətindədir. İddiaçı malları cavabdehə 8 dekabr 2023-cü ildə təqdim etməsinə baxmayaraq, elektron qaiməfaktura ilə ödənişin 13 sentyabr 2023-cü il tarixindən etibarən ödənilməli olduğunu iddia edir. Bu da iddiaçının əsassız yerə cavabdehdən haqsız məbləğdə dəbbə pulu və faiz tələb edərək əsassız varlanmasına zəmin yaradır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin hallarından da məlum olduğu kimi İddiaçı əsassız məbləğdə dəbbə pulu tələb etmək məqsədilə tərəflər arasındakı ödəniş sənədlərinin uyğunsuzluğundan sui-istifadə edir və cavabdehin həmin ödəniş sənədlərindəki ziddiyyətləri aradan qaldırmaq tələblərinə məhəl qoymur. Məlum olduğu kimi, ödəniş sənədlərində aşkar olunan yanlışlıqlar hər iki tərəf üçün vergi orqanına vergi hesabatlarının təqdimatı zamanı bir sıra problemlər yarada bilər.
4. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların məhkəmə qarşısında müdafiə etmək üçün ödənilmiş 1500 manat əsas məbləğ və 270 manat ƏDV olmaqla, 1770 manat, vəkil orderi ödənişinə görə ödənilmiş 320 manat, o cümlədən, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 40,9 manat dövlət rüsumu olmaqla, ümumilikdə, 2130,90 manat məbləğin İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı işdə tərəf qismində çıxış edən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC arasında 032-23 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə qarşılıqlı iddia üzrə iddiaçı alıcı, qarşılıqlı iddia üzrə cavabdeh isə satıcı qismində çıxış edir. Müqaviləyə əsasən qarşılıqlı iddia üzrə cavabdeh müqaviləyə əlavədə göstərilmiş malları verməyi, qarşılıqlı iddia üzrə iddiaçı isə onları qəbul edərək malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında mövcud olan 5287 nömrəli, 7 dekabr 2023-cü il tarixli “Satınalma Sifarişi”-nə nəzər saldıqda görmək mümkündür ki, 7 dekabr 2023-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Müqavilənin 2.1-ci maddəsinə müvafiq olaraq ƏDV daxil 50150 manat dəyərində mallar sifariş verilmiş, 8 dekabr 2023-cü il tarixli, 8776 nömrəli mədaxil orderində göstərildiyi kimi 8 dekabr 2023-cü il tarixində sifariş edilən mallar qarşılıqlı iddia üzrə iddiaçının anbarına daxil olmuşdur. Məlum məsələdir ki, tərəflər arasında mövcud olan ödəniş sənədlərində ziddiyyət mövcuddur. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya 8 dekabr 2023-cü ildə çatdırdığı malların ödənişini tarixini yanlış qeyd etdiyi elektron qaimə faktura əsasında tələb edir. Bu da haqlı olaraq, qarşılıqlı iddia üzrə iddiaçının ödənişi həyata keçirməsinə mane olur. Müqavilənin 3.2-ci bəndində də vurğulandığı üzrə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənişlər yalnız bütün ödəniş sənədləri qarşılıqlı iddia üzrə iddiaçıya təqdim olunduqdan sonra ödənilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən əvvəlcədən sifariş edilən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt tərtib edilməlidir. Lakin məhkəməyə təqdim edilən sənədlərdən də göründüyü kimi, sifariş orderi ilə malların qarşılıqlı iddia üzrə iddiaçının anbarına daxil olduğu tarix və elektron qaimə-faktura ilə təhvil-təslim aktının tarixləri arasında ziddiyyətlər mövcuddur. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bu ziddiyyət elektron poçt və telefon danışıqları vasitəsilə dəfələrlə qarşılıqlı iddia üzrə cavabdehə bildirilsə də, qarşılıqlı iddia üzrə cavabdeh bu məsələyə laqeyd yanaşaraq ödənişi tələb etmiş, yalnız ödəniş həyata keçirildikdən sonra sənədləşmədə müvafiq düzəlişlərin aparılacağını bildirmişdir. Buna baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, malların çatdırılmasından 30 təqvim günü ərzində ödəniş olunmaması səbəbi ilə məhkəmədən ƏDV daxil olmaqla 50150 manat müqavilə borcunun, gecikdirilmiş vaxt üçün hesablanmış 16198,45 manat dəbbə pulunun, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 3500 manat xidmət haqqının, habelə 300 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 70148,45 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçıdan tutulub qarşılıqlı iddia üzrə cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqlarını məhkəmə qarşısında müdafiə etmək üçün hüquq şirkəti cəlb edilmiş və göstərdikləri hüquqi xidmətlərin qarşılığı olaraq 1500 manat əsas məbləğ və 270 manat ƏDV olmaqla, 1770 manat, o cümlədən vəkil orderi ödənişinə görə 320 manat ödəniş etməli olmuşlar.
6. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə istinad olunmuşdur.
7. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı MMC tərəfindən təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli elektron qaimə-fakturanın ləğv edilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzəliş edilərək yenidən Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması, o cümlədən, hüquqların məhkəmə qarşısında müdafiə etmək üçün ödənilmiş 1500 manat əsas məbləğ və 270 manat ƏDV olmaqla, 1770 manat, vəkil orderi ödənişinə görə ödənilmiş 300 manat, o cümlədən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 40,7 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2110,70 manat məbləğin dəymiş zərər kimi İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məlumdur ki, 23 avqust 2024-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən e-2- 2(113)-5924/2024 nömrəli iş üzrə qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Qarşılıqlı iddia ərizəsində də qeyd edilən kimi, 5287 nömrəli, 7 dekabr 2023-cü il tarixli “Satınalma Sifarişi”-nə nəzər saldıqda görmək mümkündür ki, 7 dekabr 2023-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tərəflər arasındakı müqavilənin 2.1-ci maddəsinə müvafiq olaraq ƏDV daxil 50150 manat dəyərində mallar sifariş verilmişdir. Sifariş edilmiş mallar 8 dekabr 2023-cü il tarixli, 8776 nömrəli mədaxil orderində göstərildiyi kimi, 8 dekabr 2023-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçının anbarına daxil olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh malları qarşılıqlı iddia üzrə iddiaçıya 8 dekabr 2023-cü ildə təqdim etməsinə baxmayaraq, ödənişin 13 sentyabr 2023-cü il tarixli elektron qaiməfaktura əsasında məhz elə 13 sentyabr 2023-cü il tarixindən etibarən ödənilməli olduğunu iddia edir. Halbuki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən əvvəlcədən sifariş edilən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt tərtib edilməlidir. Yəni hazırkı halda elektron qaimə-fakturanın tarixi malların anbara daxil olduğu 8 dekabr 2023-cü il tarixi və ya ondan sonrakı tarixə verilməli idi. Məhkəməyə təqdim edilən sənədlərdən də göründüyü kimi, mövcud olan ödəniş sənədlərində ziddiyyət mövcuddur. Faktiki olaraq qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya 8 dekabr 2023-cü ildə çatdırdığı malların ödənişini tarixini yanlış qeyd etdiyi elektron qaimə-faktura əsasında tələb edir. Bu da haqlı olaraq, qarşılıqlı iddia üzrə iddiaçının ödənişi həyata keçirməsinə mane olur. Müqavilənin 3.2-ci bəndində də vurğulandığı üzrə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənişlər yalnız bütün ödəniş sənədləri qarşılıqlı iddia üzrə iddiaçıya təqdim olunduqdan sonra ödənilməlidir. Buna baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək malların çatdırılmasından 30 təqvim günü ərzində ödəniş olunmaması səbəbi ilə məhkəmədən ƏDV daxil olmaqla, 50150 manat müqavilə borcunun, gecikdirilmiş vaxt üçün hesablanmış 16198,45 manat dəbbə pulunun, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 3500 manat xidmət haqqının, habelə 300 manat dövlət rüsumunun əvəzinin, cəmi 70148,45 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçıdan tutulub qarşılıqlı iddia üzrə cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqların məhkəmə qarşısında müdafiə etmək üçün hüquq şirkətini cəlb edilmiş və göstərdikləri hüquqi xidmətlərin qarşılığı olaraq 1500 manat əsas məbləğ və 270 manat ƏDV olmaqla, 1770 manat, o cümlədən vəkil orderi ödənişinə görə 320 manat ödəniş etməli olmuşlar. Bu isə qarşılıqlı iddia üzrə cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş real maddi ziyandır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5924/2024 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qaimə-fakturada düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə İddiaçı MMC tərəfindən təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli elektron qaimə-fakturanın ləğv edilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzəliş edilərək yenidən Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddia hissəsində xitam verilmişdir. Tədqiq olunan sübutlar:
10. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi məbləğdə mallar onlara verilibdir. Sadəcə olaraq, onlara həmin malların sənədləri təqdim edilməyibdir. Buna görə də cavabdeh tərəfdə mənfi kimi görsənir. Elektron qaimədə dəyişikliklər olsa, onlar həmin dəqiqə ödəniş edə bilərlər. İddiaçı tərəfə müraciət edilmiş, lakin qaimələrdə düzəliş edilməmişdir. Mallar dekabr ayında verilibdir. Təqdim edilən yazışmalardan da görünür ki, qaimələrin dəyişdirilməsi ilə bağlı qarşı tərəfə müraciət olunubdur. Dəbbə pulunun məbləği də düzgün hesablanmayıb və müqavilə şərtlərinə uyğun deyil.
13. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 032-23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən hazırkı müqavilə üzrə satıcı alıcı tərəfindən təqdim olunmuş sifarişlərə və tərəflər arasında təsdiq olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən satıcı kimyəvi maddələr və digər malları alıcının mülkiyyətinə verməyi, alıcı isə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən malların növü, çeşidi, tərkibi və digər əlamətləri “Qiymətlərin razılaşdırılması protokol”ları ilə müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən malların təchizatı alıcı tərəfindən təqdim olunmuş sifarişə əsasən həyata keçirilir. Malların təchizatı, çatdırılması müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokol/ları ilə müəyyənləşdirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən mallar onların növünə uyğun olaraq müvafiq qaydada qablaşdırılmalıdır. Tərəflər arasında başqa şərt razılaşdırılmadığı təqdirdə, mallar alıcının təyin etdiyi ünvana çatdırılaraq, alıcıya/alıcının səlahiyyətli nümayəndəsinə təhvil verilir. “Qiymətlərin razılaşdırılması protokolu” üzrə çatdırılmış malların alıcıya təhvili müvafiq təhvil-təslim akt və e-qaimə ilə təsdiq olunur. Müqavilənin 2.3-cü bəndinə əsasən mallar alıcıya verildiyi andan, malların təsədüfən məhv olunması və ya zədələnməsi riski onun üzərinə düşür. Müqavilənin 2.4-cü bəndinə əsasən hazırkı müqavilə üzrə mallar alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur. Müqavilənin 2.5-ci bəndinə əsasən təhvil-təslim aktı qəbul edilmiş malların müqavilənin ilkin tələblərinə uyğun olmasını təsdiq edir. Təhvil-Təslim aktının imzalanmasına baxmayaraq, təhvil alınmış mallarda sonradan yaranan və/və ya sonradan aşkarlanan qüsur və/və ya gizli qüsurlara və bunların gətirdiyi nəticələrə görə satıcı həm alıcı, həm də üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır və satıcı belə qüsurları alıcı tərəfindən müvafiq bildiriş təqdim edildikdən sonra belə bildirişdə göstərilən müddət ərzində öz hesabına aradan qaldırmalıdır. Qüsurlar müvafiq bildirişdə müəyyən edilən müddət ərzində aradan qaldırılmazsa, satıcı alıcı tərəfindən ödənilmiş məbləği geri qaytarmağa borcludur. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə alınan malların qiyməti müvafiq Qiymətlərin razılaşdırılması protokollarında müəyyən olunur. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər arasında başqa şərt razılaşdırılmadığı təqdirdə, alıcı hər sifariş üzrə çatdırılmış malların dəyərini, mallar müvafiq sənədlər əsasında təslim olunduqdan sonra satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya və digər ödəniş sənədlərinə (e-qaimə və s.) əsasən 30 (otuz) təqvim günü ərzində ödəyir. Müqavilənin 3.3cü bəndinə əsasən tərəflər arasında hesablaşma bank köçürmə yolu ilə həyata keçirilir.
14. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 207664 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50150 manat (ƏDV daxil) təşkil edir.
15. Tərəflər arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 032-23 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə və müddəalarına əsaslanaraq, bununla hazırkı təhvil-təslim aktında qeyd edilən malların sifarişçiyə məxsus obyektdə müqavilənin tələblərinə müvafiq qaydada başa çatdırıldığını bildirmək məqsədi ilə icraçı tərəfindən sifarişçiyə təqdim edilir.
16. xx.xx.2024-cü il tarixli, 136/24 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “Vəkil1 və partnyorları” Vəkil Bürosunun AZ73BRES******************** nömrəli hesabına 3500 manat məbləğində vəsait köçürülmüşdür.
17. xx.xx.2023-cü il tarixli (mal-materialın silinməsi barədə) aktdan görünür ki, aktda qeyd olunan 2 adda (Mine-Treat 1132, Mine-Treat 1321) mallar marketinq məqsədləri üçün nümunə olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
18. İş materiallarına İddiaçı MMC ilə Cavabdeh MMC arasında olmuş mail yazışmaları, purchase order (satınalma sifarişi) adlı sənəd, mədaxil orderi əlavə edilmişdir.
19. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
20. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə İddiaçı MMC-yə müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
23. İlkin iddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 50150 manatın İddiaçı MMC-nin xeyrinə tutulması təşkil edir.
24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinə əsasən əşyanı alıcının mülkiyyətinə versə də, əşyanı qəbul edən alıcı cavabdeh müəyyənləşdirilmiş pul məbləğini ödəmək öhdəliyini icra etməmişdir. Həmin hal tərəflərin izahatları və digər sübutlarla öz təsdiqini tapır.
25. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia göstərilən hissədə təmin edilməli, Cavabdeh MMC-dən 50150 (əlli min yüz əlli) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
26. Həmçinin qeyd olunmalıdır ki, ilkin iddia üzrə cavabdeh tərəf məhkəmə iclasında malın onlara verildiyini etiraf etmiş, lakin həmin məbləğlə əlaqədar ilkin iddia üzrə iddiaçı tərəfdən onlara göndərilən sənədlərin yanlış olduğunu və müvafiq düzəlişlər olunmamış ödənişin edilməyəcəyi bildirilmişdir. Lakin nəzərə alınsa ki, müqaviləyə əsasən əşya alıcının mülkiyyətinə verilmişdir, əşyanı qəbul edən alıcı müəyyənləşdirilmiş pul məbləğini ödəmək öhdəliyi daşıyır və hazırkı halda bunun elektron qaimənin göndərilmə tarixi ilə əlaqələndirməkdə ilk iddia üzrə cavabdeh haqlı deyil. Ona görə də cavabdehin etirazı əsaslı sayıla bilməz.
27. İlkin iddia tələbinin digər hissəsini cavabdehdən 16198,45 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən pul vəsaiti iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
29. İlkin iddia üzrə cavabdeh tərəf bildirmişdir ki, dəbbə pulu hesablanmalı olsa belə, müqavilə şərtinə uyğun hesablanmalıdır və bu da təxminən 50 manat edir. İddiaçının nümayəndəsinin qənaətinə əsasən müqavilənin qeyd olunan bəndində yazılanlar hərfi mənada qəbul olunmamalıdır və həmin məbləğ müqavilənin digər 7.5-ci bəndində nəzərdə tutulduğu kimi, dəbbə pulunun ümumi məbləği ödənilməyən məbləğin 10%-ə qədər hesablanmalıdır.
30. Müqavilənin 7.4-cü bəndinə əsasən ödəniş vaxtında ödənilmədiyi halda hər gecikdirilən gün üçün gecikdirilən məbləğinin 0.1%-i həcmində satıcı alıcıdan dəbbə pulunun ödənilməsini tələb edə bilər. Həmin halda dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğin 0.1%-i qədər hesablanır.
31. Əvvəla, qeyd olunmalıdır ki, həmin bəndin birinci (ödəniş vaxtında ödənilmədiyi halda hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.1%-i həcmində satıcı alıcıdan dəbbə pulunun ödənilməsini tələb edə bilər) və ikinci cümlələri (həmin halda dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğin 0.1%-i qədər hesablanır) arasında ziddiyət mövcuddur və bu, başadüşülən deyil.
32. Məhkəmə ilkin iddiaçının nümayəndəsinin mövqeyi ilə razlıaşaraq, hesab edir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, təkcə müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır. Belə ki, müqavilənin digər müvafiq 7.5-ci bəndinə əsasən malların təchizatının müddəti pozulduğu halda, alıcı satıcıdan hər gecikdirilən gün üçün çatdırılmamış malların dəyərindən 0.1% həcmində məbləğin ödənilməsini tələb edə bilər. Həmin halda dəbbə pulunun ümumi məbləği çatdırılmamış malların dəyərinin 10%-ə qədər hesablanır. Göründüyü kimi, digər tərəfə münasibətdə dəbbə pulunun ümumi məbləğinin çatdırılmamış malların dəyərinin 10%-ə qədər hesablanması nəzərdə tutulduğu halda, satıcıya münasibətdə fərqli hesablama qaydası nəzərdə tutulmuşdur.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iradə ifadəsinin həqiqi mənası məhz digər bənddə olduğu kimi, dəbbə pulunun ümumi məbləğinin ödənilməmiş məbləğin 10%-ə qədər hesablanması olmuşdur.
34. Eyni zamanda, məhkəmə işin hallarını, MM-nin 467-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir.
35. Eləcə də, ilkin iddia üzrə iddiaçı 3500 manat məbləğində vəkil xidməti haqqının (xərcinin) əvəzinin, 300 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
36. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 800 (səkkiz yüz) manat hüquqi yardım xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 229 (iki yüz iyirmi doqquz) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 50150 (əlli min yüz əlli) manat qalıq borc, 2500 (iki min beş yüz) manat cərimə, 800 (səkkiz yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 229 (iki yüz iyirmi doqquz) manat olmaqla, cəmi 53679 (əlli üç min altı yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova