Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-593/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “avtomobil alqı-satqısı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara dair alqısatqı müqaviləsinin forması, əqdin etibarlılığı, lizinq münasibətləri, lizinq obyektinə dəymiş zərərin ödənilməsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “avtomobil alqı-satqısı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə 3756 manat əsas borc, 1764 manat dəbbə pulu, “Changan Hunter F70” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 11867,66 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8856 manat əsas borc, 4980 manat dəbbə pulu, “Changan Hunter F70” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4640,6 manat məbləğində pulun və 200 manat dövlət rüsumunun, 2 manat komissiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddaçı ilə cavabdeh arasında avtomobil alqı-satqısına dair xx.xx.2023-cü il tarixli C-143-AAE-23 saylı və xx.xx.2023-cü il tarixli C-246-AAE-23 saylı müqavilələr imzalanmışdır. xx.xx.2023-cü il tarixli C-143-AAE-23 saylı müqaviləyə əsasən dəyəri ƏDV daxil 58630 manat müəyyən edilən “Changan F70” (ikinci əl, 49157 km) markalı, tünd boz metalik, buraxılış ili 2022 olan (VİN: XXXX) avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehə istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən 3790 manat ilkin ödəniş edilmiş, qalıq borc sayılacaq 54890 manat məbləği isə xx.xx.2023-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 914 manat olmaqla ödəməyi cavabdeh iddiaçı qarşısında öz öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixli C-246-AAE-23 saylı müqaviləyə əsasən dəyəri ƏDV daxil 71585 manat müəyyən edilən “Changan F70” markalı, tünd boz metalik, buraxılış ili 2023 olan (VİN: XXXX) avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehə istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən 5165 manat ilkin ödəniş edilmiş, qalıq borc sayılacaq 66420 manat məbləği isə xx.xx.2023-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1107 manat olmaqla ödəməyi cavabdeh iddiaçı qarşısında öz öhdəsinə götürmüşdür. 2.2. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitələrinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (xx.xx.2023-cü il tarixli C-143-AAE-23 saylı müqavilə üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixində olmuş, xx.xx.2023-cü il tarixli C-246-AAE-23 saylı müqavilə üzrə isə heç bir ödəniş edilməmişdir), bununla bağlı iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsi, əks təqdirdə hər bir müqaviləyə ayrı-ayrılıqda xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, şifahi danışıqlar aparılmış, lakin heç bir nəticə vermədiyi və cavabdehin öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə C-143-AAE-23 saylı müqavilə üzrə müqavilə predmeti olan 77AT086 və C-246-AAE-23 saylı müqavilə üzrə müqavilə predmeti olan 77AM086 qeydiyyat nömrəli “Changan F70” markalı hər iki avtomobil müvafiq olaraq xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktublar ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən hər iki müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. 2.3. Avtomobillər iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, hər iki avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən, cavabdehin istifadəsinə verilmiş “Changan F70” markalı, buraxılış ili 2022 olan (VİN: XXXX) 77AT086 dövlət qeydiyyat nömrəli avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 11867,66 manat, “Changan F70” markalı, buraxılış ili 2023 olan (VİN: XXXX) 77AM086 dövlət qeydiyyat nömrəli avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 4640,6 manat müəyyən edilmiş və qeyd edilən həcmdə iddiaçıya real zərər dəymişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli C-143-AAE-23 saylı müqavilə üzrə ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə 3756 manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1764 manat məbləğində dəbbə pulu və xx.xx.2023-cü il tarixli C-246-AAE-23 saylı müqavilə üzrə heç bir ödəniş edilmədiyindən ödəniş vaxtı olan xx.xx.2023-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək 8856 manat əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 4980 manat dəbbə pulu yaranmışdır. 2.4. Beləliklə, cavabdeh tərəfindən öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixli C-143-AAE-23 saylı müqavilə üzrə ümumilikdə 16674 manat və xx.xx.2023-cü il tarixli C-246-AAE-23 saylı müqavilə üzrə ümumilikdə 18405,50 manat miqdarında zərər dəymişdir. Öhdəliklərin icra edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə pretenziya məktubu göndərilmişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. 2.5. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli C-143-AAE-23 saylı və xx.xx.2023-cü il tarixli C-246-AAE-23 saylı müqavilələrin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada satıcıya tam və vaxtında ödəməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2, 567, 600.5-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, müqavilələr nisyə alqı-satqı müqaviləsi adlansa da, faktiki olaraq lizinq müqaviləsi olmuşdur.
7. Məhkəmə bildirişləri cavabdehin qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, qanuni təmsilçinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin, lizinq obyektinə dəymiş zərərin və dəbbə pulunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında sadə yazılı formada bağlanmış xx.xx.2023-cü il tarixli C-143-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilənin şərtlərindən görünür ki, Satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan F 70” (ikinci əl, 49157 km), buraxılış ili 2022 olan (VİN: XXXX, tünd boz metallik rəngli) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (1.1). Avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şərtləri və s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir (1.2). Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 58630 Azərbaycan manatı müəyyən edilir. Alıcı 3790 Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 54890 Azərbaycan manatı məbləği isə Alıcı xx.xx.2023 tarixindən etibarən 60 ay müddətində, ayda 914 Azərbaycan manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür (2.1). Müqavilənini 2.1-ci bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 (bir) iş günü ərzində Alıcı Satıcıya nağd qaydada ödəyir (2.2). Bu Müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar Müqavilənin ümumi dəyərinə daxil edilmir (2.3). Hazırkı Müqavilənin 1.1-ci mvaddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilir (2.4). “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir (2.5). Hazırkı müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar nəqliyyat vasitəsinin hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilmiş dəyərinə daxil deyil (2.6).
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında sadə yazılı formada bağlanmış xx.xx.2023-cü il tarixli C-246-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilənin şərtlərindən görünür ki, Satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan F 70”, buraxılış ili 2023 olan (VİN: XXXX, tünd boz metallik rəngli) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (1.1). Avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şərtləri və s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir (1.2). Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 71585 Azərbaycan manatı müəyyən edilir. Alıcı 5165 Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 66420 Azərbaycan manatı məbləği isə Alıcı xx.xx.2023 tarixindən etibarən 60 ay müddətində, ayda 1107 Azərbaycan manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür (2.1). Müqavilənini 2.1-ci bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 (bir) iş günü ərzində Alıcı Satıcıya nağd qaydada ödəyir (2.2). Bu Müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar Müqavilənin ümumi dəyərinə daxil edilmir (2.3). Hazırkı Müqavilənin 1.1-ci mvaddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilir (2.4). “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir (2.5). Hazırkı müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar nəqliyyat vasitəsinin hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilmiş dəyərinə daxil deyil (2.6).
13. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.
14. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.
15. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi həmin tarixdə iddiaçı tərəfindən təhvil alınmış, mühərrikinin sepinin səs etməsi, ön və arxa əyləc qəliblərinin, disklərinin yeyilməsi, arxa baqaj qapısı, ön sol qapı, arxa sağ qanad, ön bufer, arxa sol qanadın zədəli olması, təkər disklərində cızıqlar müəyyən edilmiş, cavabdeh akta imza etməkdən imtina etmişdir.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi həmin tarixdə iddiaçı tərəfindən təhvil alınmış, ön bufer, rama, sol bakovin, arxa sağ qanad, arxa sağ qanadın zədəli olması, ön buferinb radar naqillərinin qırılması müəyyən edilmiş, cavabdeh akta imza etməkdən imtina etmişdir.
17. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli icra edilmiş xidmətlərə dair akt və təmir sifarişindən görünür ki, buraxılış ili 2021-ci il, yürüşü 116 055 km olan “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsinə 4116,29 manat işçilik haqqı, 7751,37 manat ehtiyat hissələri olmaqla ƏDV daxil 11867,66 manat zərər dəymişdir.
18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli icra edilmiş xidmətlərə dair akt və təmir sifarişindən görünür ki, buraxılış ili 2023-cü il, yürüşü 8083 km olan “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsinə 1687,61 manat işçilik haqqı, 2952,99 manat ehtiyat hissələri olmaqla ƏDV daxil 4640,6 manat zərər dəymişdir.
19. İş materiallarına əlavə edilən maliyyə arayışlarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli C-246-AAE-23 nömrəli müqavilə üzrə ümumilikdə 0 manat, xx.xx.2023-cü il tarixli C-143-AAE-23 nömrəli müqavilə üzrə ümumilikdə 4470 manat ödəniş edilmişdir.
20. İddiaçı xx.xx.2023-cü il tarixli C-143-AAE-23 nömrəli müqavilə üzrə 3756 manat əsas borc, 1764 manat dəbbə pulu, “Changan F70” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 11867,66 manat, xx.xx.2023-cü il tarixli C-246- AAE-23 nömrəli müqavilə üzrə 8856 manat əsas borc, 4980 manat dəbbə pulu, “Changan F70” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4640,6 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
21. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
22. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
25. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
26. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
28. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.
29. Belə ki, Mülki Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
30. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
31. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları rəsmi reyestrdə qeydə alınır və həmin daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir.
32. Beləliklə, avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır, onların alqı-satqısı isə notarial qaydada rəsmiləşdirilir. Lakin işin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli C-143-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-246-AAE-23 nömrəli müqavilələr nə notarial qaydada təsdiqlənmiş, nə də dövlət yol polisi orqanında bağlanmamışdır – bu isə o deməkdir ki, əslində həmin müqavilələri etibarlı alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir.
33. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, “Changan F 70” markalı (VİN: XXXX) və “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsitələrinə dair müqaviləni təsdiqləmiş və avtomobillər müqavilələr bağlandıqdan sonra cavabdehin istifadəsinə verilərək onun tərəfindən təhvil alınmış və müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmişdir.
34. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobillərə dair müqavilələrdə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan məhkəmənin qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsa idi, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
35. Belə ki, Mülki Məcəllənin 351-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
36. Həmin Məcəllənin 353-cü maddəsinə əsasən, tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.
37. Məhkəmə hesab edir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu mənada mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.
38. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobilləri cavabdehdən geri alaraq müqavilələrdən birtərəfli qaydada imtina etmiş, onun müqavilələrdən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilələrin şərtlərinə, həm də qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
39. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
40. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
41. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
42. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
43. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
44. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh, müqavilələrə xitam verilən (avtomobillərin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.
45. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
46. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
47. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
48. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
49. xx.xx.2023-cü il tarixli C-143-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-246- AAE-23 nömrəli müqavilələr üzrə müvafiq olaraq aylıq 914 və 1107 manat ödəniş edilməsi şərtləşdirilmiş, “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə geri alınmış, iddiaçı tərəfindən hesablamalar xx.xx.2024-cü il tarixədək aparılmış, “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə geri alınmış, iddiaçı tərəfindən hesablamalar xx.xx.2024-cü il tarixədək aparılmışdır. Belə olan halda, iddiaçı tərəfindən hesablamanın aparıldığı tarixə həmin məbləğlər “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi üçün 3756 manat, “Changan F 70” markalı (VİN: XXXX) nəqliyyat vasitəsi üçün 8856 manat təşkil edir.
50. Digər tərəfdən, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
52. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
53. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
54. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).
55. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.
56. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
57. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
58. Məhkəmə təqdim edilən təhvil-təslim aktları, təmir sifarişi və icra edilmiş xidmətlərə dair akta əsasən qeyd edir ki, cavabdeh nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə saxlamalı olduğu halda, bu vəzifəsinə riayət etməmiş, nəticədə ehtiyat hissələri və işçilik haqqı daxil olmaqla ona müvafiq olaraq 11867,66 manat və 4640,6 manat zərər dəymişdir. Həmçinin zərər bilavasitə nəqliyyat vasitələrinin iddiaçı tərəfindən təhvil alınmasından sonra müəyyən edilmiş, bu isə zərərin nəqliyyat vasitələri cavabdehin istifadəsində olarkən yarandığını təsdiq edir.
59. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli C-143-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-246-AAE-23 nömrəli müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
60. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
61. İş materialları əsasında müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur.
62. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin müvafiq olaraq 1764 manat və 4980 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
63. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli C-143-AAE-23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3756 manat əsas borc, 1764 manat cərimə borcu və nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 11867,66 manat olmaqla cəmi 17387,66 manat, xx.xx.2023-cü il tarixli C-246-AAE-23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 8856 manat əsas borc, 4980 manat cərimə borcu və nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 4640,6 manat olmaqla cəmi 18476,6 manat, hər iki müqavilə üzrə ümumilikdə 35864,26 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
64. İddiaçı həmçinin ödənilmiş 200 manat dövlət rüsumunun və 2 manat komissiyanın cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
65. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 196 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli mədaxil qəbzi əsasında 4 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş, 1 manat komissiya haqqı tutulmuşdur.
66. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
67. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Qalan 1 manat komissiya haqqında münasibət isə məhkəmə göstərir ki, həmin xərclə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
69. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 201 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-143-AAE-23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3756 manat əsas borc, 1764 manat cərimə borcu və nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 11867,66 manat olmaqla cəmi 17387,66 manat, xx.xx.2023-cü il tarixli C-246-AAE-23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 8856 manat əsas borc, 4980 manat cərimə borcu və nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 4640,6 manat olmaqla cəmi 18476,6 manat olmaqla ümumilikdə 35864,26 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 201 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Əhmədova