Məhkəmə qərarları › İş №e-2-2(113)-5932/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5932/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5932/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı «Azərbaycan Kağız və X3» MMC-nin cavabdeh X6 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı «Azərbaycan Kağız və X3» MMC-nin cavabdeh X6 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Hacıyev Emil Cəmiyyət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 1331, 57 manat məbləğində borc və 33,31 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1364,88 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçı “Azərbaycan Kağız və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC (Şirkət) ilə cavabdeh X7 (Müştəri) arasında xx.xx.2024 – cü il tarixli, 460 saylı Alqı-Satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1 – ci maddəsinə görə “Şirkət” müxtəlif növ mal və məhsulları (Bundan sonra “Məhsul” adlandırılacaq) “Müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “Müştəri” isə həmin “Məhsul”ları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Şirkət”ə ödəməyi və öz adından həmin “Məhsul”ları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür. Buna uyğun olaraq, Cəmiyyət tərəfindən cavabdeh şəxsə təmizlik məhsulları (salfet, qabyuyan və s.) təhvil verilməsinə baxmayaraq, cavabdeh məhsulların dəyərini bugünə qədər ödəməmişdir. Belə ki, xx.xx.2024 – cü il tarixli, 080692 nömrəli, EBDY seriyalı elektron qaimə ilə cavabdehin iddiaçıya 549.17 manat,xx.xx.2024 – cü il tarixli, 874182 nömrəli, EBDW seriyalı elektron qaimə ilə 183.13 manat, xx.xx.2024 – cü iltarixli, 929135 nömrəli, EBEA seriyalı elektron qaimə ilə 1034.80 manat borcu, ümumilikdə 1331, 57 məbləğində borcu yaranmışdır. Cavabdehə onlayn kargüzarlıq vasitəsilə ilə xx.xx.2024 – cü il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 15 gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləki, cavabdeh X7 iddiaçı “Azərbaycan Kağız və X2” MMC ilə bağladığı müqaviləyə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə ödəməli olduğu pul vəsaitini ödəməmiş, müqavilədə qeyd olunan öhdəliklərin şərtlərinə və tələblərinə müvafiq surətdə hərəkət etməmişdir. Bundan başqa, aydın olduğu kimi həmin xx.xx.2024 – cü il tarixli, 460 saylı Alqı-Satqı müqaviləsinin 1 – ci maddəssində qeyd edilən öhdəliyi də lazımınca icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. «Azərbaycan Kağız və X3» MMC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, HP-460 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən şirkət müxtəliv növ mal və məhsulları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pu məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən məhsullaarın siyahısı, çeşidi, adı və onların qiymətləri şirkət tərəfindən müştəriyə təqdim edilən qiymətlər elektron qaimə-fakturada öz əksini tapır.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən şirkət bu müqavilə qüvvəyə mindikdən sonra müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları müştəriyə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında malların təhvil-qəbul aktı və elektron qaimə-faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi elektron qaimə-fakturanı imzalamaqla onları qəbul edir.

12. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 183,14 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 549,17 manat dəyərində və 1034,80 manat dəyərində malların təhvil verilməsi imza ilə təsdiq edilmişdir.

13. xx.xx.2024-cü il tarixli, EBDW874182 saylı e-qaiməyə əsasən 183,13 manat dəyərində, xx.xx.2024-cü il tarixli, EBDY080692 saylı e-qaiməyə əsasən 549,17 manat dəyərində və xx.xx.2024-cü il tarixli, EBEA929135 saylı e-qaiməyə əsasə isə 1034,80 manat dəyərində məhsulların satışı üzrə elektron qaimə tərtib edilmişdir.

14. 31.03.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən X5 iddiaçı şirkətə 1767,11 manat borcu olması qeyd edilmişdir.

15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, HP-460 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən şirkət müxtəliv növ mal və məhsulları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pu məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür.

22. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə və e-qaimə ilə təstiq olunduğu üçün 1331,57 manat borca dair iddia tələbi təmin edilməlidir.

23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1331,57 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1331,57 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 33,31 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənişlər edilmişdir.

25. Azərbaycan Respublikası MPM-in:

26. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

28. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində ödənilmiş 33,31 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh X4 xx.xx.2024-cü il tarixli 460 nömrəli alqı-satqı müqaviləsi üzrə 1331,57 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 33,31 manat tutularaq iddiaçı «Azərbaycan Kağız və X3» MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar