Məhkəmə qərarları › İş №e-2-2(113)-594/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-594/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-594/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh “X5 Təsərrüfatı” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 97894,00 manat əsas borcun, 32609,93 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 130533,93 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 97894,00 manat əsas borcun, 32609,93 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 130533,93 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2004-cü il tarixli 468 nömrəli sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»na müvafiq olaraq İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli D-02- LA/16 nömrəli və xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli müqavilələrə əsasən lizinqə götürdüyü ümumi dəyəri 355400,00 manat olan kənd təsərrüfatı texnikası üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafiki üzrə 14998,00 manat ödəniş olunmuşdur. Müqavilə üzrə 97894,00 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 32609,93 manat borcu qalmışdır. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə olan borcun məbləği 97894,00 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği 32609,93 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli D-02- LA/16 nömrəli və xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqavilələrindən görünür ki, iddiaçı cavabdehə ümumi dəyəri 355400 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanın dəyərindən müəyyən məbləği əvvəlcədən iddiaçıya ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafıkinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 97894,00 manat əsas borc, 32609,93 manat cərimə borcu, cəmi 130533,93 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli D-02- LA/16 nömrəli və xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqavilələrinə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 355400 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanın dəyərindən müəyyən məbləği əvvəlcədən iddiaçıya ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqavilələrə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Cavabdehin iddiaçıya olan borcu 97894,00 manat əsas , 32609,93 manat cərimə borcu, cəmi 130533,93 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrin və müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikləri üzrə yaranmış 97894,00 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 32609,93 manat dəbbə pulu məbləği yaranmış 97894,00 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 5000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 97894,00 manat əsas borc və 5000 manat cərimə, cəmi 102894 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (102894 manat) iddia tələbinin (130533,93 manat) 78,82 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,65 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6,35 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 97894,00 manat əsas borc, 5000 manat cərimə borcu, cəmi 102894 manat pul vəsaiti "X5 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 23,65 manat məbləği "X5 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 6,35 manat məbləği isə "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar