Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-594/2022 07.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli müqavilə üzrə 9,644.00 manat gecikdirilmiş borc və hesablanmış 3,587.57 manat cərimə borcu olmaqla, cəmi 13,231.57 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 13,781.57 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli müqavilə üzrə 9,644.00 manat gecikdirilmiş borc və hesablanmış 3,587.57 manat cərimə borcu olmaqla, cəmi 13,231.57 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 13,781.57 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) Texnikanın ilkin dəyərinə 40% güzəşt tətbiq edilməklə və ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğinin ödəniş qrafikinə uyğun ödəmək şərtilə Texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixə 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli müqavilə üzrə 9,644.00 manat gecikdirilmiş borc və hesablanmış 3,587.57 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdəicraetmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmindəcərimətələb etmək hüququna malikdir. Eynizamanda hüquqi yardım (müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılması) göstərilməsi üçün Agentlik tərəfindən vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 03.12.2021-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Həmçinin Müqavilələr üzrə iddia tələbinin 13,231.57 manat olmasını nəzərə alaraq “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışa əsasən Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin 3.5-ci bəndinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat vəsait ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğunu nəzərə alaraq Agentlik tərəfindən ödənilmiş 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli lizinq müqaviləsindən görünür ki, "xxxx" ASC cavabdehə kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. 26.08.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli müqavilə üzrə 9,644.00 manat gecikdirilmiş borc və hesablanmış 3,587.57 manat cərimə borcu təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə cavabdeh arasında 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" ASC cavabdehə kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqaviləyə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Cavabdehin iddiaçıya olan borcu 9,644.00 manat gecikdirilmiş borc və hesablanmış 3,587.57 manat cərimə borcu təşkil etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan lizinqi müqaviləsinə istinad edir. Məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli lizinq müqaviləsi üzrə iddiaçıya olan gecikdirilmiş borcu təsdiq olunduğundan 9,644.00 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, tələb olunan 3,587.57 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 20.12.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmaqla Vəkil hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 350 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15.05.2018-ci il tarixli 2658-GL/16 nömrəli müqavilə üzrə 9,644.00 manat gecikdirilmiş borc və hesablanmış 3,587.57 manat cərimə borcu olmaqla, cəmi 13,231.57 manat, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 13,781.57 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-594/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-594/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver