Məhkəmə qərarları › İş №e-2-2(113)-594/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-594/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-594/2024 06.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80391 manat əsas borc, 36175,95 manat dəbbə pulu və 400 manat mediasiya xərci, ümumilikdə 116966,95 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023 - cü il tarixli, DX/15 saylı nəqliyyat xidməti müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında şirkətimiz tərəfindən cavabdehə lojistik xidmət üzrə xarici dövlətdən Azərbaycana malların daşınması həyata keçirilmişdir. Sözügedən müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı sifarişçinin sifarişinə əsasən, icraçı aşağıda qeyd edilən əməliyyatların birini və ya bir neçəsini yerinə yetirməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçıya muzd ödəməyi öhdəsinə götürür. Müqavilənin sözügedən bəndi üzrə ekspedisiya xidməti (tələb olunan marşrut hissəsi və ya hissələri üzrə), yüklərin dəmir yolu vasitəsi ilə daşınması və tərəflərin razılığı ilə digər əməliyyatlar nəzərdə tutulur. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi göstərilən xidmətlər üçün ödənişi içraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda sifarişçi ödənişin 100%-ni hesab-faktura təqdim edildikdən sonra 1 ay müddət ərzində icraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. Sözügedən müqaviləyə əsasən cavabdehin sifarişləri əsasında iddiaçı tərəfindən ümumilikdə 100237 manat dəyərində daşıma xidməti həyata keçirilmişdir. Cavabdeh göstərilmiş daşıma xidmətinin ümumi dəyərindən xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 3846 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat ödənişi, cəmi 19846 manatı Bank vasitəsi ilə köçürmə etmişdir. Qeyd etmək istəyir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair akta əsasən cavabdehin xx.xx.2023-cü tarixli müqavilə üzrə göstərilmiş lojistik xidmətlərə görə iddiaçıya 80391.00 manat borcu vardır. xx.xx.2023 – cü il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc təkrar olaraq ödənilməmişdir. Cavabdehlə bağlanılmış xx.xx.2023 - cü il tarixli, DX/15 saylı nəqliyyat xidməti müqaviləsinin 4.1.5 – ci bəndinə alıcı malların dəyərini hesab faktura əsasında mal təslim edildikdən sonra 1 ay ərzində icraçının bank hesabına ödəməli olduğu halda göstərilmiş xidmətlər üzrə 2023 – ci ilin may ayının 17- dən başlayaraq vaxtı keçmiş 80391.00 manat borcu 3 aydan artıq vaxt keçməsinə baxmayaraq ödəməmişdir. Belə olan halda hesab edirlər ki, müqavilə tələbləri qaydasında cavabdehdən 80391 manat əsas borc məbləğindən əlavə 90 gün gecikmə nəticəsində 36175,95 manat cərimə pulu tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, daşınan mallar cavabdeh tərəfindən qəbul edilmiş, bu barədə aktlar tərtib edilmiş, məhkəmənin hazırkı iş üzrə müvəqqəti təminat tədbiri barədə müvafiq qərardadı əsasında həmin mallar (80391 manat dəyərində) cavabdehə məxsus anbarda icra məmuru tərəfindən aşkar edilərək siyahıya alınmış, saxlanc üçün cavabdehə təhvil verilmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023 - cü il tarixli, DX/15 saylı nəqliyyat xidməti müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı sifarişçinin sifarişinə əsasən, icraçı müqavilədə qeyd edilən əməliyyatların birini və ya bir neçəsini yerinə yetirməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçıya muzd ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi göstərilən xidmətlər üçün ödənişi içraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda sifarişçi ödənişin 100%-ni hesab-faktura təqdim edildikdən sonra 1 ay müddət ərzində icraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir.

10. Müqavilənin 4.1.5-ci bəndinə əsasən, icraçının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdiyildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0,5 faizi həcmində dəbbə pulu ödəməlidir.

11. Tərəflər arasında bağlanmış müqavilənin əlavə - X1 daşıma qiymətləri, daşınan mallar, onların çəkisi barədə məlumatlar göstərilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, 587932 saylı elektron qaimə - 7387 (yeddi min üç yüz səksən yeddi) manat, xx.xx.2023-cü il tarixli, 587958 saylı elektron qaimə - 3070 (üç min yetmiş) manat, xx.xx.2023-cü il tarixli, 587979 saylı elektron qaimə - 7256 (yeddi min iki yüz əlli altı) manat, xx.xx.2023-cü il tarixli, 587994 saylı elektron qaimə - 14846 (on dörd min səkkiz yüz qırx altı) manat, xx.xx.2023-cü il tarixli, 611446 saylı elektron qaimə - 3144.60 (üç min yüz qırx dörd, 60 qəpik) manat, xx.xx.2023cü il tarixli, 761058 saylı elektron qaimə - 3748.60 (üç min yeddi yüz qırx səkkiz, 60 qəpik) manat, xx.xx.2023-cü il tarixli, 768593 saylı elektron qaimə - 7497.20 (yeddi min dörd yüz doxsan yeddi, 20 qəpik) manat, xx.xx.2023-cü il tarixli, 769062 saylı elektron qaimə - 7552.60 (yeddi min beş yüz əlli iki, 60 qəpik) manat, xx.xx.2023-cü il tarixli, 769196 saylı elektron qaimə - 31072 (otuz bir min yetmiş iki) manat, xx.xx.2023-cü il tarixli, 769495 saylı elektron qaimə - 3748.60 (üç min yeddi yüz qırx səkkiz, 60 qəpik) manat, xx.xx.2023cü il tarixli, 769417 saylı elektron qaimə - 3748.60 (üç yüz yeddi yüz qırx səkkiz, 60 qəpik) manat, xx.xx.2023-cü il tarixli, 330705 saylı elektron qaimə - 7165.80 (yeddi min yüz altmış beş, 80 qəpik) manat təqdim edilmişdir.

13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövr üzrə üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 80391 manat borcu var.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

22. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

23. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında yük daşınması haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə ümumilikdə 100237 manat vəsait ödənilməsi razılaşdırılmış, həmin vəsaitdən ümumilikdə 19846 manat pul cavabdeh tərəfindən ödənilmiş, qalıq borcla (80391 manat) bağlı tərəflər arasında üzləşmə aktı imzalanmışdır.

24. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş, daşıma ilə bağlı hər hansı irad bildirilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

26. Məhkəmə bu səbəbdən hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir.

27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndinə əsasən hesablanmış müvafiq olaraq 36175,95 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 4000 manat məbləğində müəyyən edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 410 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 80391 manat əsas borc, 4000 manat dəbbə pulu, 410 manat dövlət rüsumu, ümumilikdə 84801 (səksən dörd min səkkiz yüz bir) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar