Məhkəmə qərarları › İş №e-2-2(113)-5941/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5941/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5941/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə müraciət edərək, ƏDV daxil olmaqla 4.265 manat məbləğində pul və 63 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında “Neft məhsullarının alqı-satqısına dair” 01 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsəsən hesab təqdim edildiyi gündən etibarən 5 (beş) bank günü ərzində ödənişi həyata keçirməli idi. Lakin 2024-cü ilin yanvar ayında cavabdehə satılmış 5331.25 litr həcmində yanacaq məhsulunun dəyəri olan 4265 manat Cavabdeh MMC tərəfindən bu günə qədər şirkətə ödənlməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçıya heç bir borcu yoxdur, çünki şirkətin istismarında müəyyən edilmiş sayda avtobus nəqliyyat vasitələri var və iddiaçının tələbi araşdırılsa, müəyyən edilər ki, bu satılmayan yanacağa görə əsasız pul tələbidir. İddiaçı ilə neft məhsullarının alqı-satqısına dair 01 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 3.6-ci maddəsinə əsasən “hesabat ayının sonunda tərəflər arasında aylıq yekun haqq-hesabın aparılması və yaranan borcların təyin edilməsi məqsədi ilə məhsulun faktiki satışı barədə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə yekun akt tərtib ediləcək”. İddiaçı tərəfdən bu akt tərtib edilmir. Müqavilə şərtlərində borcun üzləşdirmə aktı ilə müəyyən edilməsinə dair imperativ şərt olmasına baxmayaraq, iddiaçı iddia tələbini əks etdirən aktları məhkməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız təqdim etdiyi elektron qaiməyə əsaslanıb borc tələb edir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmişdir. elektron qaimələr isə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya (cavabdehə) elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyil. Əgər tərəflər malın təhvil-təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar, onda müqavilənin 3.6-cı bəndinin müqaviləyə əlavə edilməsinə zərurət olmazdı. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz, bu qaimələr malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir.

5. İddiaçı məhkəməyə elektron qaydada cavabdehin etiraz ərizəsinə etiraz ünvanlayaraq cavabdehin etiraz ərizəsində qeyd etdiklərinin həqiqəti əks etdirmədiyini, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə iddiaçı "xxxx" MMC-nin sürücüsü X2 şirkətə məxsus “İsuzu” markalı 90NE963 dövlət nömrə nişanlı avtomaşınla Cavabdeh MMC-nin Hövsan qəsəbəsindəki məntəqəsində cavabdehə 5331,25 litr yanacaq təhvil verdiyini, cavabdehin iddiaçının göndərdiyi elektron qaimələri qəbul edib, onları geri qaytarmadığını, yaxud da buna dair iddiaçıya hər hansı etirazını, iradını bildirmədiyini qeyd etmişdir.

6. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə izahatında yanacağı yanvar ayında Hövsan qəsəbəsində yerləşən ünvana iddiaçı şirkətin adından təhvil verdiyini, maşını cavabdehin ərazisində saxladıqlarını, dayanacağın kimin mülkiyyətində olduğunu bilmədiyini, gün ərzində 1600, 1700 litr yanacağın vurulduğunu, təhvil-təslim aktının olmadığını, sadəcə kitabda qeydiyyat aparıldığını, ödənişlərin köçürmə yolu ilə həyata keçirildiyini, hər dəfə mal verildikcə litr və avtobusun nömrəsinin yazıldığını, maşın qarşı tərəfin ərazisində qalsa da, açarın onlarda qaldığını bildirmişdir.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə izahatında iddiaçı təşkilat üçün “Socar”dan yanacaq aldığını, yanacağı Hövsanda yerləşən bir şirkətə verdiyini, malları ancaq bir şirkətə verdiyini, ödənişlərdən xəbərinin olmadığını bildirmişdir.

10. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə qeyd edir ki, hər iki şəxs iddiaçı hüquqi şəxsin işçiləridir və onların verdikləri ifadə mübahisənin düzgün həlli və iş üzrə faktların aydınlaşdırılması üçün obyektiv hesab oluna bilməz.

11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “Neft məhsullarının alqı-satqısına dair” 01 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilə ilə nəzərdə tutulan məhsulların alıcıya verilməsini, alıcı isə həmin məhsulların qəbul edilməsini öz üzərinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində satıcı hər ay alıcının şifahi tələbnaməsinə uyğun olaraq alıcının tələb olunan miqdarda yanacaqla təmin edir. Müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləğin 100 %-ni əvvəlcədən ödəyir. Ödəniş hər ay hesab təqdim edildiyi gündən etibarən 5 bank günü ərzində manatla bank köçürməsi yolu ilə həyata keçirilir. Hesabat ayının sonunda tərəflər arasında aylıq yekun haqq-hesabın aparılması və yaranan borcların təyin edilməsi məqsədi ilə məhsulun faktiki satışı haqqında hər iki tərəfin nümayəndələrinin iştirakları ilə yekun akt tərtib ediləcək (3.6).

12. 01 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Benzin Aİ92 adlı məhsulun qiyməti 1.00 manat, Premium Aİ 95 adlı məhsulun qiyməti 2.00 manat, dizel yanacağının qiyməti 0,80 manat müəyyən edilmişdir.

13. xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaimə-fakturaya əlavədən görünür ki, 4.734,84 manat dəyərində dizel yanacağı "xxxx" QSC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır.

14. iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmənin mövqeyi

17. İddia tələbi alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 4265 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir.

18. Tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilənin, eləcə də müqaviləyə 01 saylı Əlavənin bağlanması işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal cavabdehə göstərilən məbləğdə yanacaq məhsulunun satılması, məhsulun cavabdehə təhvil verilməsi ilə bağlıdır.

19. Cavabdeh tərəf iddianı qəbul etməyərək, yuxarıda qeyd olunan əsaslarla etiraz etmişdir.

20. Həmin halla bağlı əvvəla, qeyd olunmalıdır ki, cavabdehin də istinad etdiyi, tərəflər arasında bağlanmış “Neft məhsullarının alqı-satqısına dair” 01 nömrəli xx.xx.2023cü il tarixli müqavilənin 3.6-cı bəndindən göründüyü kimi, tərəflər aylıq yekun haqqhesabın aparılması və yaranan borcların təyin edilməsi məqsədi ilə məhsulun faktiki satışı haqqında yekun akt tərtib edəcəklərini razılaşdırmışlar. Eyni zamanda Müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləğin 100 %-ni əvvəlcədən ödəyir.

21. Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş (4265 manat məbləğində yanacaq məhsulunun cavabdehə təhvil verilməsini) və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələri qeyd olunan halı təsdiq edən mötəbər sübut qismində qəbul oluna bilməz.

22. İddiaçı tərəfindən məhkəməyə sübut qismində tarixi, seriyası, nömrəsi göstərilməyən “qaimə” adı ilə sənəd təqdim olunmuşdur. Nəzərə alınır ki, cavabdeh iddiaçı tərəfindən ona elektron qaimə göndərilməsini mübahisələndirməmişdir. Lakin elektron qaimə də özlüyündə malın təhvil verilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. Lakin müvafiq sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

23. Məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaiməfakturaya əlavə 4734,84 manat dəyərində dizel yanacağının iddiaçı tərəfindən cavabdehə deyil, "xxxx" QSC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasını təsdiq edir.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

25. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).

26. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

27. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

28. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbində qeyd edilənlərin mövcudluğunu təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır.

29. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçıya aid olmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar