Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5944/2024 07.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafael oğlundan iddiaçı – İddiaçı xeyrinə 135 manat məbləğində borcun, 46 manat cərimənin və 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Rafael oğlu İddiaçındən xx.xx.2024-cü il tarixdə nisyə ümumi dəyəri 250 manat mal almışdır. Həmin məbləğin 45 manatını xx.xx.2024-cü il tarixdə illkin ödəniş olaraq ödəmişdir. Qalıq məbləği 205 manatı qiymətlərin razılaşma protokoluna əsasən 6 həftə müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə olan əsas məbləğ üzrə qalıq borcu 135 manat, cərimə borcu 46 manat təşkil edir. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu, iddia ərizəsi, maliyyə arayışı və dövlət rüsumu da elektron kabinetə göndərilmişdir. xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən, nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının xeyrinə 120 manat məbləğində əsas borcun, 46 manat məbləğində cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra – xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən İddiaçınə 15 manat məbləğində ödəniş edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, e-2-2(113)-5944/2024 saylı iş üzrə iddianı müdafiə edirlər, onların iştraki olmadan baxış iclasının keçirilməsini, iş üzrə yekun qətnamə çıxarılmasını xahiş edir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
8. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 638 saylı müqaviləyə əsasən:
11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndinə qeyd olunan malları alıcıya dəyəri bu müqavilənin 1.3-cü bəndinə nəzərədə tutulan formada dəyərini ödəmək şərti ilə satır. Alıcı isə alınan malların dəyərini bu müqavilənin 1.3-cü bəndinə uyğun formada satıcıya ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən alıcı cədvəldə qeyd olunan ödəniş şərtəri ilə razılığını bildirərək qəbul edir.
13. Müqavilənin 1.3.1-ci bəndinə əsasən ümumi dəyər 250 manatdır.
14. Müqavilənin 1.3.2-ci bəndinə əsasən ilkin ödəniş məbləği 45 manatdır.
15. Müqavilənin 1.3.3.-cü bəndinə əsasən ödəniləcək borc məbəği 205 manatdır.
16. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 1.3-cü maddəsində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 1 faizi həcmində cərimə ödəyir.
17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 638 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndinə qeyd olunan malları alıcıya dəyəri bu müqavilənin 1.3-cü bəndinə nəzərədə tutulan formada dəyərini ödəmək şərti ilə satır. Alıcı isə alınan malların dəyərini bu müqavilənin 1.3-cü bəndinə uyğun formada satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
24. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə və cavabdeh tərəfindən müavilə üzrə edilmiş qismi ödəniş ilə təstiq olunduğu üçün 120 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 120 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 120 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3cü maddəsinə əsasən hesablanmış 46 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 46 manat dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 120 manat əsas borc məbləği, 46 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova