Məhkəmə qərarları › İş №e-2-2(113)-5947/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5947/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5947/2023 29.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 910 manat əsas borc, 161 manat məbləğində dəbbə pulu, 384,85 manat məbləğində əldən çıxmış fayda, 40 manat məbləğində mediasiya xərci, 200 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ, ümumilikdə 1695 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixdə malların alqı-satqına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini fakturada qeyd edilən tarixdən 5 (beş) iş günü müddətində satıcının bank hesabına köçürmə yolu ilə ödəməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 % məbləğində dəbbə pulu ödəməsi nəzərdə tutulmuşdur. Odur ki, hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu, 910 (doqquz yüz on) manat məbləğində əsas borc, 161 (yüz altmış bir) manat məbləğində dəbbə pulu, 384,85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 1455 (min dörd yüz əlli beş) manat məbləğindədir. Müqavilənin 8.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə öz öhdəliklərini vaxtında yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Lakin, yuxarıda qeyd edilən qelektron qaimələr üzrə mallar alıcıya təhvil təslim edilməsinə baxmayaraq alıcı tərəfindən 910 (doqquz yüz on) manat məbləğində malın dəyəri bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəflə əlaqə saxlanılaraq dəfələrlə ödənilməli olan məbləğ tələb edilsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq Satıcı tərəfindən verilmiş mallar və Alıcı tərəfindən həyata keçirilən ödəmələrlə bağlı hesabdan çıxarış iddia ərizəsinə qoşmaya əlavə edilir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2017-ci ildən başlanılmaqla xx.xx.2018-ci il tarixindədək müxtəlif vaxtlarda müqavilə üzrə mallar təhvil verilmişdir. Ümumilikdə 8.151,61 manat məbləğində mallar Alıcıya təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə 7.241,62 manat məbləğində ödəniş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən910 (doqquz yüz on) manat məbləğində borc isə bu günə qədər ödənilməmişdir. Qeyd edək ki, xx.xx.2022-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcun 10 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə 910 (doqquz yüz on) manat əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərcləri, işin məhkəməyə verilməsinə görə ödənilən xərclər və digrər xərclərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. Odur ki, tərəfimizdən 910 (doqquz yüz on) manat məbləğində əsas borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023 tarixinədək olan 161 (yüz altmış bir) manat məbləğində dəbbə pulu, xx.xx.2018-ci il tarixindən xx.xx.2023 tarixinədək olan 384,85 (üç yüz səksən dörd) manat məbləğində əldən çıxmış fayda, mediasiya xərcləri, vəkil xərcləri, işin məhkəməyə verilməsinə görə ödənilən xərclər və digər xərclərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə verərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakrı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, TMK 17028 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini fakturada qeyd edilən tarixdən 5 (beş) iş günü müddətində satıcının bank hesabına köçürmə yolu ilə ödəməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır.

10. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 % məbləğində dəbbə pulu ödəyir.

11. İddiaçı tərəfindən cavabdehə EAAJ 176533 nömrəli xx.xx.2018-ci il tarixli (909.99 manat) elektron qaimə təqdim edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli, TMK 17028 saylı alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 910 manat gecikdirilmiş əsas borcu yaranmışdır.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli,TMK 17028 saylı alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən hesablanmış 161 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

19. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Bundan əlavə iddiaçı cavabdehdən 384,85 manat məbləğində əldən çıxmış faydanın tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir.

22. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

25. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

26. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

27. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

28. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

29. MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

30. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

31. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın tələb edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir.

32. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehdən 910 manat əsas borc, 161 manat dəbbə pulu, 384,85 manat əldən çıxmış fayda tutularaq iddiaçıya ödənilməlidir.

33. Bundan başqa iddia ərizəsində 200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.

34. Belə ki, ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hüquqi xidmət haqqına görə 200 manat pul ödənilmişdir.

35. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 40 manat mediasiya xərci də cavabdehə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 910 manat əsas borc, 161 manat dəbbə pulu, 384,85 manat əldən çıxmış fayda, 40 manat dövlət rüsumu, 200 manat hüquqi yardıma görə xərc, ümumilikdə 1695,85 (bir min altı yüz doxsan beş manat səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar