Məhkəmə qərarları › İş №e-2-2(113)-595/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-595/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-595/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43938 ABŞ dolları əsas, 3000 ABŞ dolları zərər, ümumilikdə 46938 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti 11.04.2018-ci il tarixdən inşaat sahəsində havalandırma (soyutma və isitmə) sistemlərinin satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti 2019-cu ilin yay aylarında Cavabdehnə ümumi dəyəri olan 67650 ABŞ dolları məbləğində məhsullar göndərmişdir. Cavabdeh həmin məbləğdən 23712 ABŞ dolları ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 43938 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə cavabdehdən bizə olan borcun ödənilməsini tələb etsək də, o, hər dəfə müxtəlif bəhanələr gətirməklə bizə olan 43938 ABŞ dolları borcunu ödəməmişdir. Cavabdehə 43938 ABŞ dolları borcun 3 iş günü müddətinə ödənilməsinə dair müraciətin 26.10.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, cavabdeh borcunun ödənilməsinə dair hər hansı bir məlumat verməmişdir. Cavabdehlə 11.03.2019 və 24.06.2019-cu il tarixlərdə satış müqaviləsi olmuşdur. Hazırda Cavabdeh MMC-dən 43938 ABŞ dolları borc başqa qaydada alına bilmədiyindən məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İş verən qismində Cavabdeh ilə yüklənici qismində “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış 11.03.2019-cu il tarixl satış sözləşməsinə əsasən 55712,57 ABŞ dolları dəyərində mal “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. - İş verən qismində Cavabdeh ilə yüklənici qismində “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış 24.06.2019-cu il tarixl satış sözləşməsinə əsasən 11884 ABŞ dolları dəyərində mal “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. - 21.06.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin hesabına 23712 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. - 01.07.2019-cu il tarixli fakturadan görünür ki, 11529,3 ABŞ dolları dəyərində mal “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. - 01.07.2019-cu il tarixli fakturadan görünür ki, 16442,9 ABŞ dolları dəyərində mal “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. - 28.08.2019-cu il tarixli fakturadan görünür ki, 39678 ABŞ dolları dəyərində mal “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. - “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin nümayəndəsi tərəfindən Cavabdehnə ünvanlanmış 26.10.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, 43938 ABŞ dolları borcun üç iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması fakturalar ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 43938 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini pul vəsaitini qanunsuz saxlamaqla 3000 ABŞ dolları dəymiş zərərin cavabdehdən tutulması təşkil edir. İddiaçı Müki Məcəllənin 449-cu maddəsinə əsaslanaraq həmin məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin ödənilməsini tələb etsə də, bununla bağlı heç bir sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 2 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 28 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 43938 (qırx üç min doqquz yüz otuz səkkiz) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 28 (iyirmi səkkiz) manat məbləğində pul “X1 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 2 (iki) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar