Məhkəmə qərarları › İş №e-2-2(113)-595/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-595/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-595/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, əvəzsiz istifadə müqaviləsi, əmlak tələbi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və əmlak tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31 may 2021-ci il tarixli 754/M21 saylı alqı-satqı müqaviləsi üzrə 7920.55 AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 792.05 AZN məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 AZN məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus dəyəri 983 manat olan “Uğur USS 690 Jalə SD” modelli, barkod nömrəsi ********* olan soyuducunun cavabdehdən alınaraq ona verilməsi, cavabdehdən 7920.55 AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 792.05 AZN məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 AZN məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 754/M21 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin cavabdeh təhvil aldığı məhsullara görə tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 7920.55 AZN borcunu ödəməmiş və bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixdə 754/M21 saylı Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı təhvil aldığı məhsullara görə ən geci 21 gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən Alıcı müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.2-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkiledən 792.05 AZN məbləğində dəbbə pulu yaranmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 7920.55 AZN məbləğində əsas borcu və 792.05 AZN məbləğində dəbbə pulu yaranmışdır. Müqavilə əsasında satışını təşkil etdikləri məhsulların sərinləşdirilib satılmasının təmin edilməsi məqsədi ilə əvəzsiz olaraq Cavabdeh "X7 LTD ” MMC-yə məxsus, dəyəri 983 AZN olan “Uğur USS 690 Jalə SD” modeli, barkod nömrəsi ********* olan soyuducu təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Lakin cavabdeh soyuducunu özündə saxlayaraq təhvil verməmişdir. Dəfələrlə cavabdehdən şirkətə məxsus soyuducunun qaytarmasını tələb etsələr də, cavabdeh bu günə kimi soyuducunu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə təyin olunmuş məhkəmə iclası zamanı da Cavabdeh soyuducularla bağlı ifadə verərkən, qeyd olunan soyuducunu təhvil aldığını etiraf etmiş və qaytarmayacağını bildirmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 443.3, 445.1, 448.1, 449.1, 600.5-ci maddələrinə istinad olunmuşdur.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, borcu olduğunu etiraf edir, lakin 7920.55 AZN borcu ödəmək üçün maddi imkanım yoxdur, faiz məbləğini də ödəməyi öz üzərinə götürə bilmir. Müqavilə bağlanarkən gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulunun tələb ediləcəyini o, bilməmişdir. Mediasiya rüsumu ilə razıdır. O, qarşı tərəfə dövriyyəsi aşağı düşdüyünə görə tələb edilən məbləği ödüyə bilmədiyini və hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. Daha sonra iddiaçıya təklif etmişdir ki, ödəniş etdiyi təqdirdə qarşılığında ona məhsullarını versinlər, lakin tərəf bununla da razılaşmamışdır. Qarşı tərəfin tələb etdiyi soyuducuya o, iddiaçının öz məhsullarını qoyub satır. Əvvəllər elə idi ki, mağazada olan soyuducularda istənilən məhsulu sata bilirdi, lakin qaydalar sərtləşdikdən sonra hər bir firmanın məhsulu öz soyuducusunda olmalıdır. İddiaçı tərəfin onda olan soyucudularında o, başqa məhsul sata bilmir, həmin soyuducu ondan götürüldüyü təqdirdə məhsullarını necə dövriyyədə satışa çıxaracağını bilmir. Sonda o, iddianın qismən təmin olunmasını, soyuducunun qaytarılması, əsas borc və mediasiya xərcinin tutulması hissəsində təmin edilməsi, 792.05 AZN dəbbə pulu hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar:

7. İş materiallarına əlavə edilmiş İddiaçı MMC (“satıcı”) və Cavabdeh (“alıcı”) arasında imzalanmış xx.xx.2021-ci il tarixli 754/M21 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcının sifarişi əsasında malları (bundan sonra "Mallar” adlandırılacaq) Alıcıya satır. Alıcı isə malların dəyərini nağd və ya hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 (bundan sonra "X3” adlandırılacaq") şərtlərinə əsasən Satıcıya ödəməyi öhdəsinə götürür. Təchiz olunmuş Mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. Malların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri, Müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri X2 göstərilir. X4 Protokolunda göstərilən qiymətləri birtərəfli qaydada dəyişə bilər və Alıcı belə dəyişikliyi qəbul etməyi öhdəsinə götürür. Tərəflər arasında razılaşdırılmış əlavə şərtlər hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək Əlavələrdə (bundan sonra "Əlavələr”adlandırılacaq") göstərilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən Müqavilənin ümumi dəyərini X5 cəmi təşkil edir. Satıcı və Alıcı təhvil verilmiş Mallara dair Akt imzalayır. Mallar sifariş olunduqdan sonra Satıcı Alıcıya qaimə-faktura təqdim edir. Alıcı Malların dəyərini nağd və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5-ci bəndinə əsasən Alıcı kreditlə aldığı Malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X1 müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş Malların ümumi məbləğinin 10 (on) % müəyyən edilir. Dəbbə pulunun ödənilməsi Tərəfləri hazırkı Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsindən azad etmir.

8. İddiaçı MMC (“satıcı”) və Cavabdeh (“alıcı”) arasında imzalanmış xx.xx.2021-ci il tarixli 3 nömrəli qiymətlərin razılaşması protokolundan məlum olur ki, müxtəlif mallar üzrə qiymətlər tərəflər arasında razılaşdırılmışdır. Həmin protokolda qeyd edilmişdir ki, malların ödəniş şərtləri: nağd şəklində/bank köçürməsi ilə Ödəniş tarixi müvafiq qaimə-fakturalarda göstərilir. Maksimum ödəniş günü 21 gündür.

9. EBCC seriyalı, 313050 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 147,06 manat, EBCC seriyalı, 718904 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 147,06 manat, EBCE seriyalı, 434128 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 269,35 manat, EBCE seriyalı, 668160 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 71,22 manat, EBCD seriyalı, 111869 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 99,18 manat, EBCİ seriyalı, 248945 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 133,54 manat, EBCE seriyalı, 338563 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 147,06 manat, EBCC seriyalı, 665435 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 154,16 manat, EBCD seriyalı, 147942 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 156,81 manat, EBCC seriyalı, 209787 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 158,14 manat, EBCD seriyalı, 147937 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 169,71 manat, EBCD seriyalı, 447696 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 215,87 manat, EBCE seriyalı, 668163 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 269,35 manat, EBCE seriyalı, 286739 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 298,99 manat, EBCE seriyalı, 734761 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 401,77 manat, EBCE seriyalı, 668166 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 417,19 manat, EBCE seriyalı, 434125 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 431,75 manat, EBCC seriyalı, 665434 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 468,65 manat, EBCE seriyalı, 734765 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 537,89 manat, EBCD seriyalı, 147930 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 790,11 manat, EBCC seriyalı, 617659 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1233,56 manat, EBCD seriyalı, 147923 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1244,10 manat İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir

10. Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli 00214 saylı pretenziya məktubunda 7920,55 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

11. xx.xx.2022-ci il tarixli KML-10126 saylı soyuducu təhvil-təslim aktından görünür ki, “Uğur USS 690 Jalə SD” modeli, barkod nömrəsi ********* olan soyuducu Cavabdeh təhvil verilmişdir.

12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması elektron qaimələr və özünün etirafı ilə də təsdiq edilmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Həmçinin tərəflər arasında şifahi qaydada əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı satdığı malların sərinləşdirilməsini təmin etmək məqsədi ilə cavabadehin istifadəsinə soyuducu vermiş, lakin cavabdeh, iddiaçıdan məhsul almadığı halda həmin soyuducunu özündə saxlayaraq qaytarmamışdır. Cavabdehin soyuducunu özündə saxlaması təhvil-təslim aktı və özünün etirafı ilə də təsdiq edilmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 736-cı maddəsinə əsasən əvəzsiz istifadəyə verdiyi soyuducunun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

16. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin əsas borc məbləğini qəbul etdiyini və soyuducunun qaytarılmasına razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi 7920,55 manat əsas borcun tutulması və soyuducunun qaytarılması hissəsində əsaslıdır və təmin olunmalıdır.

17. Bundan başqa iddiaçı cavabdehdən 792,05 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 300 manat müəyyən olunmalıdır.

18. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş 110 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7920,55 manat əsas borc, 300 manat cərimə məbləği olmaqla cəmi 8220 (səkkiz min iki yüz iyirmi) manat 55 (əlli beş) qəpik pul vəsaiti, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 (yüz on) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçınə məxsus dəyəri 983 manat olan “Uğur USS 690 Jalə SD” modelli, barkod nömrəsi ********* olan soyuducu Cavabdeh alınaraq İddiaçınə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar