Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5955/2024 07.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, FPPFM/0105/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilənin əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik ona məxsus olan məhsulları istifadə məqsədləri üçün yararlı halda alıcının yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcının anbarına çatdırır. 2.2-ci bəndinə əsasən göstərilən göstərilən xidmətlərin və malların dəyəri satıcı tərəfindən mallar alıcıya təhvil verildikdən və elektron qaimə-faktura təqdim edildikdən sonra köçürmə yolu ilə 15 təqvim günü həyata keçirilir. 4.1-ci bəndinə əsasən sifarişçi icraçının işinin haqqını vaxtında ödəmədikdə, o hər ötən gün üçün məbləğin 0,1 %-i həcmində, lakin ümümi məbləğin 5%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir. 5.1-ci bəndinə əsasən hazırkı müqavilə imzalandığı tarixdə qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək müddətində qüvvədə qalır. Bu tarixdə tərəflərin müqavilə şərtlərinə hec bir etirazi olmadığı təqdirdə, hazırkı müqavilə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış borcların qarşılıqlı üzləşdirməsi haqqında akta əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə xx.xx.2024-cü il tarixə 16.865,89 manat borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən 194,50 manat dəyərində malların təqdim edilməsinə dair 15597 nömrəli, xx.xx.2023-cü il tarixli; 252,50 manat dəyərində malların (ilkin borc qalığı 194,50 manat və cari borc 58 manat olmaqla) təqdim edilməsinə dair 17007 nömrəli, xx.xx.2023-cü il tarixli; 11.385,09 manat dəyərində malların (cari borc 152,93 manat olmaqla) təqdim edilməsinə dair 4286 nömrəli satış qaimələri tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Satış qaimələri hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
4. Hüquqi yardım göstərilməsi haqqında 1227 saylı müqavilədən görünür ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 350 manat məbləğində haqq ödəməyi öhdəsinə götürür.
5. 05.08.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, AZ59UBAZ**********0090AZN001 saylı hesaba 350 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun sıfırlanması xahiş edilmiş, əks halda hüquqi müstəvidə müraciət olunacağı bildirilmişdir. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh aldığı malların dəyərini ödəmədiyinə görə yaranmış 16.865,89 manat əsas borcun, əsas borcu gecikdirdiyinə görə 1686 manat dəbbə pulunun, ödənilmiş 141 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilən 350 manat pulun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair FPPFM/0105/2023 nömrəli, xx.xx.2023-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehin sifariş verdiyi mallar tərəflərindən tam təhvil verilmişdir. Lakin, cavabdeh sifariş verdiyi malları tam təhvil aldıqdan sonra aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Bu səbəbdən, aralarında bağlanmış müqavilənin şərtlərini pozan cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçıya borcu yaranmışdır. Həmçinin, müqaviləyə əsasən cavabdeh yaranmış əsas borcu vaxtında ödəmədiyinə görə hər ötən gün üçün 0.1% həcmində olmaqla dəbbə pulu (penya) ödəməlidir. Cavabdeh aldığı malların dəyərini vaxtında ödəmədiyinə görə hal-hazırda iddiaçıya 16865.89 manat dəyərində əsas borcu yaranmışdır. Bununla yanaşı, cavabdeh yaranmış borc məbləğini ödəməkdən yayındığına görə əsas borc məbləğinin üzərinə hər ötən gün üçün 0.1% olmaqla, 1686 manat məbləğində dəbbə pulu (penya) hesablanmışdır. Bununla bağlı, tərəflərindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və qəbul etdiyi malların dəyərini vaxtında və könüllü ödəməmişdir. Həmçinin, cavabdehə pretenziya qaydasında etdikləri xəbərdarlıqların heç bir nəticəsi olmamış və cavabdeh bu günə qədər yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 443.2, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
10. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, FPPFM/0105/2023 nömrəli alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 16.865,89 manat məbləğində borcu yaranmışdır.
19. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 16.865,89 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1686 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
21. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
22. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 800 manat məbləğində müəyyən edilməlidir.
24. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 141 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
25. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 145,66 manat təşkil edir.
26. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun kəsiri olan 4,66 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
27. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 350 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16.865,89 manat əsas borc, 800 manat məbləğində dəbbə pulu, cəmi 17665,89 manat məbləğində pul vəsaiti eləcə də dövlət rüsumunun əvəzi olaraq 1380 manat məbləğində pul vəsaiti və vəkil xidmətinə çəkilən xərclərin əvəzi olaraq 350 manat tutularaq İddiaçı MMC -yə ödənilsin. Dövlət rüsumunun kəsiri olan 4,66 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva